Tədbirdə Azərbaycanın görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri iştirak edib. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid tədbiri açaraq qələmə aldıqlarını toplayaraq “Yeddinci qat”ı nəşr etdirməklə l.Cabrayıllının çox ciddi bir iş ortaya qoyduğunu deyib. O, Laura xanımın yazılarının sevilə-sevilə oxunduğunu söyləyərək onun istedadlı bir qələm sahibi olduğunu qeyd edib.


Tədbirdə AMEA-nın müxbir üzvü Rafiq Əliyev, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirən üç nəfərdən biri, görkəmli ictimai xadim Həmid Cəfərov, şair Vaqif Bayatlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BMAF) sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru Elçın Hüseynbəyli, şair Tofiq Abdin, tənqidçi-ədəbiyyatşünas Rüstəm Kamal, Cavanşır Yusifli, şair Əlisəmid Kür, tanınmış jurnalistlər İsgəndər Allahverən, Vahid Qazi, sənət adamları və başqaları çıxış ediblər. Çıxışçılar l.Cəbayıllının həm bacarıqlı jurnalist, həm də istedadlı ədəbiyyatçı olduğunu xüsusi ilə vurğuladılar.


Ötən əsrin 90-cı illərindən başlayaraq, dövri mətbuatda ədəbi-bədii yazılarıyla çıxış edən Laura Cəbrayıllının ilk kitabında esse, publisistika, ədəbi portretlərlə yanaşı, elm, ədəbiyyat, dövlət xadimlərilə maraqlı müsahibələri və gündəliyindən sətirlər yer alıb. Şair Vaqif Bayatlının “Ədəbiyyat onu axtarır” adlı ön sözü ilə “Avrasiya Press” nəşriyyatında çap olunan kitabın redaktoru Umud Rəhimoğlu, məsul redaktoru Qulu Ağsəsdir.


Kitaba Xudu Məmmədov, Sabir Əhmədov, Vidadi Məmmədov, Aydın Məmmədov, Şahmar Hüseynov, Fərman Kərimzadə, Rübabə Muradova, Şahmar Əkbərzadə, Mehdi Bəyazid, o cümlədən Vaqif Səmədoğlu, Anar, Vaqif Bayatlı və başqalarının ədəbi portretləri ilə yanaşı, müxtəlif illərdə qələmə aldığı resenziyaları, publisistik yazıları daxil edilib.


BAMF-ın informasiya


departamenti