R

Xəbər verdiyimiz kimi, avqustun 6-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti və məşhur amerikalı müğənni Della Miles Şuşaya səfər ediblər.

EDNews.net-in verdiyi məlumata görə, BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə həyata keçirilən səfərdə Della Milesin meneceri Hüseyn Fatih Oktay, Azərbaycanın Əməkdar artisti, BAMF-ın Mədəniyyət elçisi Qoçaq Əsgərov, həmçinin bir sıra media mənsubları da iştirak ediblər. Şuşa səfərindən sonra nümayəndə heyətinin bir hissəsi, Della Miles və onun meneceri Bakıya, oradan da İstanbula yola düşüblər. Digər bir hissəsi isə Qarabağ səfərini davam etdirib. Şuşa səfərini yekunlaşdırdıqdan sonra avqustun 7-də BAMF Prezidenti Umud Mirzəyev və Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti Cəbrayılın Niyazqulular kəndində olublar. 

Səfər çərçivəsində U. Mirzəyev Azərbaycan Televiziyasının əməkdaşına müsahibə verib.

“Səfərimiz Qubadlı rayonunun Göyyal kəndinədir. Biz Sami bəylə ora gedirik. Bildiyimiz kimi, Sami bəy bir neçə gündür Azərbaycandadır və artıq mətbuatda bu barədə xeyli yazılar var. Biz dünən Şuşada olduq. Ondan əvvəl ADA Universitetində Əl-Cəzirə media şəbəkəsinin Azərbaycan media işçiləri ilə bağlı böyük bir təlimi oldu. İndi isə Qubadlının Göyyal kəndinə getməkdə əsas məqsədimiz odur ki, Saminin həyat yoldaşı, uşaqlarının anası məhz həmin kənddəndir. Mən uzun illərdir, Sami Əl-Haccla dostluq edirəm. Bizim bu dostluğumuz böyük bir əməkdaşlığa çevrilib. O mənə bildirdi ki, mənim uşaqlarımın əmisi sizsiniz. Dedim bu necə ola bilər? Dedi ki, mənim həyat yoldaşım qarabağlıdır. Qarabağ sevgisi də, ümumiyyətlə regionda baş verən proseslərlə yaxından maraqlanmaq da elə bundan qaynaqlanır”, - deyə U. Mirzəyev bildirib.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti avqustun 1-dən Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl-Hacc rəhbərlik edir. Səfərin məqsədi işğaldan azad olunmuş rayonlara səfər etmək, eləcə də ölkəmiz haqqında müxtəlif mövzularda reportajlar hazırlamaqdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlimlər keçirilib. 1-5 avqust 2021-ci il tarixlərini əhatə edən təlim proqramında müxtəlif media subyektlərindən 20 nümayəndə iştirak edib. Təlimlərdən dərhal sonra nümayəndə heyətinin bir hissəsi Şuşaya yola düşüb, digər hissəsi isə Füzuli bölgəsində çəkilişlərə başlayıb.