R

Oktyabrın 27-də tanınmış irlandiyalı tarixçi alim Patrik Uolş Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub və fondun prezidenti Umud Mirzəyevlə görüşüb.

BAMF prezidenti Umud Mirzəyev qonağa Fondun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. O qeyd edib ki, Fondun yaradılmasında əsas məqsəd Qarabağ həqiqətlərini və Azərbaycan xalqının acılarını dünya ictimaiyyətinə çatdırmaqdır. Mirzəyev Birinci Qarabağ müharibəsində təşkilatın xarici jurnalistləri Azərbaycana dəvət etdiyini və onları münaqişənin ən qızğın yerlərinə apardığını bildirib.

Söhbət zamanı U.Mirzəyev 1988-ci ildə Ermənistanda azərbaycanlıları qarşı etnik təmizləmə aparıldığını və erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı amansız cinayətlər törədildiyini də dilə gətirib: “Təəssüf ki, dünya ictimaiyyəti Qarabağ faciəsinə də səssiz qaldı. Münaqişə nəticəsində öz dədə-baba torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqının və məcburi köçkünün dərdini və problemlərini dinləyən olmadı. Böyük xəstəlik olan erməni separatizminə qarşı tədbirlər görülmədi. Dəfələrlə BMT və ABŞ Dövlət Departamentinin tədbirlərində erməni işğalı və Qarabağ həqiqətləri barədə çıxışlar etmişəm. Bizim təşkilat bütün beynəlxalq tədbirlərdə təcavüzə qarşı və sülhün tərəfdarı olduğunu nəzərə çatdırıb”.

“Bizə başqa çıxış yolu qoymadılar. Nəticədə, Azərbaycan ordusu 44 günlük müharibə ərzində öz torpaqlarını erməni işğalından azad etdi və münaqişəyə son qoydu”, - deyə Mirzəyev əlavə edib.

 

Bundan başqa BAMF prezidenti təşkilatın beş istiqamətdə - media və vətəndaş cəmiyyəti, ictimaiyyət, qaçqınlar və məcburi köçkünlərin problemləri, münaqişə və sülhün bərqərar olunması və təhsil sahəsində xeyli işlər gördüyünü bildirib. O, BAMF-ın bir sıra beynəlxalq təşkilatlar və media qurumları ilə əməkdaşlıq etdiyinə də qeyd edib.

Öz fəaliyyəti və elmi əsərləri barədə məlumat verən irlandiyalı tarixçi Patrik Uolş ilk öncə Qafqaz və Azərbaycanın tarixi həqiqətləri barədə yazdığı məqalələr və kitabları barədə söhbət açıb.

Uolş Azərbaycana ilk səfərini 2018-ci ildə Bakıda təşkil olunan “Mart Qırğınları" tədbirində iştirak etmək üçün etdiyini bildirib. O, tədbirdən sonra Qubada ucaldılan soyqırım abidəsini də ziyarət edib.

İlk səfərində Azərbaycanla bağlı müsbət təəssüratları olan Patrik Uolş Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri qərb ictimaiyyətinə çatdırmaq üçün bir sıra kitablar və elmi məqalələr yazdığını vurğulayıb.

İrlandiyalı tarixçi qərb dünyasının Azərbaycan həqiqətləri barədə məlumatının olmadığını və erməni yalanlarına asan şəkildə inandığını və bundan təəssüfləndiyini bildirib.

Patrik Uolş, həmçinin 44 günlük müharibə və Azərbaycanın zəfəri ilə bağlı kitabını tamamladığını və kitabın tez bir zamanda dərc edəlicəyini qeyd edib. 200 səhifədən ibarət olan kitaba Azərbaycanla bağlı siyasi və tarixi həqiqətlər daxil edilib.

Bununla bərabər Patrik Uolş regionla bağlı fikirlərini də bölüşüb. Tarixçi hesab edir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi və erməni işğalının son qoyulması regionda geosiyasi dəyişiklikləri gətirib çıxarıb: “Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməklə regionda sülhü və sabitliyi bərqərar etdi. Erməni işğalının sona çatması regiona iqtisadi inkişaf və sosial rifah da gətirəcək. Post-münaqişə dövründə Azərbaycan erməni vandalizmi nəticəsində viran edilmiş Qarabağda ciddi şəkildə yenidənqurma və tikinki işləri ilə məşğuldur. Azərbaycanın əsas məqsədi yenidənqurmadan sonra qaçqınları və məcburi köçkünləri öz doğma torpaqlarında yerləşdirilməsidir”.  

Patrik Uolş ağır məğlubiyyətə uğramış Ermənistanın artıq reallıqları qəbul etməyə məcbur olduğunu bildirib. Tarixçi onu da qeyd edib ki, müharibədə məğlub olmuş bir siyasi liderin son seçkilərdə qələbə çalması tarixdə görünməmiş bir hadisədir.

“Sizə deyim ki, İkinci Dünya müharibəsində qalib ölkə olan Britaniyanın lideri Uinston Çörçill müharibədən sonra keçirilən parlament seçkisində məğlub olmuşdu. Ermənistana gəlincə isə məğlub olmuş Paşinyanın partiyasının son seçkilərdə qalib gəlməsi tarixdə qəribə bir hadisədir. Paşinyan indi çox çətin vəziyyətlə üz-üzə qalıb. Ölkədə müxalif qüvvələr Azərbaycanla sülh istəmir. Lakin istər Paşinyan, istərsə müxalif qüvvələr başa düşməlidir ki, Ermənistan qonşusu ilə sülhə getmək məcburiyyətindədir. Ermənistanın başqa seçimi yoxdur”.  

“Ermənistan siyasi, iqtisadi və hərbi cəhətdən çökmüş vəziyyətdədir. Bununla bərabər, ölkədə demoqrafik böhran yaşanır. Ermənistan qatı millətçiliyi bir kənara atıb, öz inkişafı və rifahı barədə düşünməlidir”, - deyə o əlavə edib.  

Patrik Uolş Osmanlı İmperiyası tarixi və 20-ci əsr Cənubi Qafqaz tarixi üzrə tədqiqatlar aparıb, bir sıra kitabların və elmi məqalələrin müəllifidir. Uolş öz kitablarında Azərbaycanla bağlı tarixi həqiqətləri və reallıqları da geniş işıqlandırıb.