R

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakıdakı ofisini ziyarət edib və fondun prezidenti Umud Mirzəyevlə görüşüb. Xatırladaq ki, britaniyalı səfir bundan öncə BAMF-in Tərtər ofisini də ziyarət edib və orada təşkilatın regiondakı fəaliyyəti ilə yaxından tanış olub.

BAMF Prezidenti qonağa rəhbəri olduğu təşkilatın fəaliyyəti, 30 il ərzində gördüyü işlərdən söz açıb. O, ölkəmizin 2020-ci ilin payızında apardığı Vətən müharibəsindən sonra qarşılaşdığı ciddi mina problemi barədə məlumat verib. Səfir Ceyms Şarp isə bildirib ki, Böyük Britaniya Azərbaycanda infrastruktur layihələri, o cümlədən ən prioritet məsələlərdən olan mina problemi ilə bağlı bir çox layihələrdə iştirak etməkdə maraqlıdır. O, BAMF-ın ANAMA ilə birgə apardığı minatəmizləmə layihələri, habelə insanların mina təhlükəsi barədə maarifləndirilməsi proqramları ilə tanış olub.

Umud Mirzəyev BAMF-ın bu sahədə həyata keçirdiyi layihələrdən söz açıb. O, Böyük Britaniya Səfirliyinin mina problemi məsələsinə göstərdiyi diqqət və qayğı üçün britaniyalı diplomata təşəkkürünü bildirib.

“Sizi bura dəvət etməkdə əsas məqsədimiz budur ki, bizim fəaliyyətimizi öz gözlərinizlə görəsiniz”, - deyə BAMF prezidenti bildirib.

Ceyms Şarp BAMF-ın Bakıdakı ofisinə xüsusi dəvət olunduğu üçün Umud Mirzəyevə minnətdarlığını bildirib. Bundan əlavə, səfir Tərtər ofisindəki görüşü barədə təəssüratlarını bölüşüb.

“Tərtər ofisini ziyarət edən zaman orada ANAMA ilə BAMF-ın birgə fəaliyyəti ilə tanış oldum, mina sahəsində daha çox maarifləndirmə tədbirlərinə ehtiyac duyulduğunu müşahidə etdim. Bu xüsusda BAMF-ın daha hansı vasitələrdən istifadə etdiyini bilmək istərdim. Çünki bilirik ki, insanlar tezliklə didərgin düşdüyü yurdlarına yenidən qayıdacaq,” deyə, səfir bildirib.

BAMF prezidenti mart ayının sonunda keçirilməsi planlaşdırılan Mina Konfransı və onun artıq ən yüksək səviyyədə razılaşdırıldığı barədə səfirə məlumat verib.

Səfir Ceyms Şarp Britaniya hökumətinin yaxından maraqlandığı və piyada əleyhinə minaların istifadəsinin qarşısının alınmasına yönələn Ottava Konvensiyası məsələsinə də toxunub. O, Konvensiyanın imzalanmasında hökumətlərin (Azərbaycan və Ermənistan) marağı və Konvensiyanın perspektivləri barədə məlumata ehtiyacı olduğunu deyib. Bundan əlavə, diplomat həmin Konvensiyanın imzalanmasından sonra qarşı tərəfin mina təhlükəsizliyinə dair zəmanət verməsi barədə sual ünvanlayıb.

Səfirin sualına cavab verən BAMF prezidenti qarşıdakı konfransın Ottava Konvensiyasının adından çıxış etdiyini deyib. O, konfransın adının “Minasız Azərbaycan, təhlükəsiz Qarabağ” olduğunu da vurğulayıb. Umud Mirzəyev həmin konfransda ən nüfuzlu şəxslərin iştirakı və onların dəvət olunması baxımdan dəstəyə ehtiyac olduğunu, o cümlədən onların vasitəsilə mina problemlərinin bütün dünyaya çatdırılmasının zəruriliyin britaniyalı diplomata çatdırıb.

Görüş zamanı Britaniya səfiri gender bərabərliyində şəffaflıq nöqteyi-nəzərindən mina təmizləmə komandasından qadınların fəaliyyəti və bu xüsusda ayrıca bir qadın komandasının təşkil edilməsi barədə də fikir bildirib. O, bunun üçün həmin xanımlara xüsusi təlimlərin keçirilməsini xüsusi qeyd edib.

Britaniya səfiri eyni zamanda BAMF-ın layihə komandası ilə görüşüb və təşkilatın müxtəlif istiqamətlərdə həyata keçirdiyi layihələrlə tanış olub. Layihə iştirakçıları olan gənclər dünyaca məşhur iqtisadçı, “Kasıbların bankiri” kitabının müəllifi, Nobel Sülh mükafatçısı Məhəmməd Yunusun "3Zero" layihəsi ilə bağlı təşəbbüsləri barədə məlumat veriblər.

Umud Mirzəyev Böyük Britaniya Məktəbinin Bakıdakı direktor müavini Filip Roşenin BAMF-ın fəaliyyətinə həsr etdiyi musiqi albomunu səfirə təqdim edib. Albomun arxa hissəsində verilən qısa qeydlər qonağın diqqətini xüsusilə cəlb edib. Albomda Umud Mirzəyev və onun komandasının öz evlərini itirən məcburi köçkünlərə əvəzsiz yardımları və gördükləri humanitar fəaliyyət barədə qeydlər yer alıb.

Umud Mirzəyev bundan əlavə BAMF-ın təhsil sahəsindəki fəaliyyətindən də söz açıb. O, regionda BAMF nəzdində fəaliyyət göstərən Peşə Tədris Mərkəzi və orada keçirilən təlimlər barədə səfirə danışıb.