“Yüz illərdir mətbuat, informasiya fenomeni cəmiyyətin bütün sferalarının maraq və mənafelərinə aid bir hadisədir. Zamanında, Həsən bəy Zərdabinin “Əkinçi”si Azərbaycan xalqının mətbuat həyatında qaranlıqlara işıq saçmaq kimi maarifçilik hərəkatının bir simvolu olaraq təzahür etdi. XX əsrin əvvəllərində Sovet Bolşevizmi “İskra”nı quranda, yeri gəlmişkən, ona aid “Nina” mətbəəsi Bakıda yerləşirdi, İskra çevrəsindəki bütün ölkələrdə qığılcım kimi saçmalı idi və hakimiyyət uğrunda mübarizənin mühüm bir silahına çevrildi”.
Bu fikirləri Sosial tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Beynəlxalq Avrasiya Mətbuat Fondunu Prezidenti Umud Mirzəyevlə görüş zamanı deyib. Millət vəkili Media haqqında yeni qanun layihəsində olan vacib detallardan danışıb.
Söhbət əsnasında millət vəkili həmçinin qeyd edib ki, Media qanunvericiliyi Parlamentin 2021-ci il dekabr ayı gündəliyində ictimai müzakirəyə çıxarılan kimi çox böyük rezonans doğurdu.
“Ötən əsrin 50-ci illərindən başlayaraq informasiya texnologiyaları sürətli bir inkişafa keçid etdi. 80-ci illərdən internet yayımlanmağa başladı. Bununla da 4-cü nəsil texnologiyaları, sənaye inqilabı və smart texnologiya və rəqəmsal sistem öz-özlüyündə dünya çapında artıq elə bir fenomen yaratdı ki, bu gün artıq vətəndaş jurnalistikası, sosal şəbəkə fenomeni, informasiya hökmranlığının həddindən artıq böyük olması milli informasiya məkanı üçün problemlər doğurur. 1999-cu ildə KİV haqqında qanun 79-dan artıq dəyişikliklərlə 22 il ərzində bu seferanın hüquqi ictimai münasibətlərini tənzimləməyə çalışıb. Amma beynəlxalq dəyərləndirmələrdən keçmiş sənəd ətrafında sonunadək tam konsensus yox idi və Azərbaycanın hazırki reallıqlarını ödəmirdi. Buna görə də həm KİV, həm də Teleradio haqqında qanun əsasında yeni bir sənəd hazırlandı".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2019-cu ildə yeni hakimiyyət quruculuğu siyasətini elan edərkən mətbuatla bağlı çox ciddi problemlərin ortaya çıxması müşahidə olundu.
"Prezident qeyd etdi ki bu problemlər elə bir səviyyədədir ki, ayrı-ayrı hökumət nümayəndələri biri digərini qaralamaq, hətta şantaj etmək üçün mətbuatdan istifadə edirlər. Bu öz-özlüyündə xarici qüvvələrin informasiya məkanında daha çox oturuşmasına səbəb olur. Bizdə hər gün pandemiya ilə sinxronlaşdırılan infodemiyanın təsiri altındayıq. Hər gün adı mətbuat olan dırnaqarası qüvvələrdən bizə hansısa mövqelər kütləvi olaraq daxil olur, Azərbaycan insanının düşüncəsini zəbt edir, zəhərləyir, dövlətin və cəmiyyətin vahid bir mövqedə Vətən müharibəsindəki o birliyinin daim qoruyub saxlanmasına bu və ya digər formada mənfi təsir edir, hətta bir sıra hallarda zərbə vurur. Ona görə də hesab edirəm ki, bununla bağlı razılaşmayan, sənədin əleyhinə olan bunun hakimiyyət maraqlarına xidmət etdiyini düşünür”.
Zahid Oruc fikirlərini belə davam etdirib:
“Adicə orada qoyulmuş müddəalardan danışım. Məsələn, mətbuat sahəsində jurnalistlərin vahid reyestrinin yaradılması məsələsinə qarşı çıxanların, keçmişdə olan mətbuat nazirliyinin təkrarən yaradılması və bərpası kimi təzahür edə bilər, kimi rəylərinin tam aradan qalxmasına imkan verdi. Hər halda bu bir konsensus yaratdı və bu sənəd üç oxunuşdan keçdi. Əminəm ki, Cənab Prezident tərəfindən imzalandıqdan sonra bir neçə istiqamətdə dəyişikliklərə səbəb ola bilər. Bunun hüquqi zəmini olacaq. Ən azı media sahəsində yeni strategiya və konsepsiya qəbul olunmalıdır. İkincisi, media sahəsinə peşəkar jurnalistlərin təkrarən qayıdışı olanların gücləndirlməsi baş verməlidir”.
Deputat qələbədən cəmi bir ay sonra dekabrın 10-da Türkiyə ilə media əməkdaşlıq platforması memorandumunun imzalanmasından da danışıb. “Bu həm də Türkiyənin qabaqcıl nümunələrinin Azərbaycana daşınması demək olacaq. Bizim mətbuatımız onda güclü olacaq ki, burada yüzlərlə siyasət, iqtisadiyyat, təhsil, səhiyyə, hərbi həyat, hərbi jurnalistikası, onun müxbir və operator heyəti öz yerini alacaq. Medianın İnkişafı Agentliyi, Teleradio Şurası da bu mərama malik yeni insanlardır. Ona görə də biz daim xarici informasiyanın istehlakçısı olmayaq deyə mütləq bu sahədə dəyişiklik baş veməlidir. Düşünürəm ki, qanun bütün problemlərin açarı olmasa da, müəyyən bir təməl yaradacaqdır”.
Redaksiyamızın qonağı olan millət vəkili EDNews.net saytı barədə də xoş fikirlərini söyləyib. Ednews.net saytının düzgün istiqaməti BAMF rəhbərliyinin həm ölkədaxili, həm beynəlxalq prosesləri dərindən bilməsinə söykənir.
“Bu gün yetərincə KİV orqanı var ki, əməkdaşlarının beyin məhsulunun, zəhmətinin hesabına məşhurlaşıblar. Ancaq adətən hansısa bir media orqanının, informasiya təşkilatının məşhurlaşması və böyük çıxarlarının əldə olunması Azərbaycan dövlətini hansısa formada yamanlamaq, ona hücum etməklə və ya Azərbaycan xalqının maraqlarına zərbə vurmaqla özünü göstərib. Əks halda məşhurlaşmanın ikinci alternativ yolunu tapmayıblar. Ednews.net həqiqətən də göstərdi ki, bir qələbə platformasını elə daşımaq mümkündür ki, buradakı informasiyalar Azərbaycan dövlətinin maraqlarına xidmət etsin, xarici informasiya resursları ona istinad edəndə, həm bir tərəfdən mötəbər mənbə olduğunu görsün, eyni zamanda onun balanslı mövqe apardığını əldə əsas götürsün, Azərbaycana qarşı istifadə etməsin. Bu hansısa real problemləri inkar etdirməyi nəzərdə tutmur. Ona görə də Ednews.net platforması hesab edirəm ki, yaxşı bir nümunədir. Burada seçilən xətt və qarşıya qoyulan hədəflər doğrudur. Onun imkanları nə qədər artacaqsa bu, Azərbaycanın xarici informasiya maraqlarına, siyasi və milli maraqlarına xidmət edəcək”.