Dünya mediasının nüfuzlu şəbəkəsini BAMF prezidenti təbrik etdi.
“Əlcəzirə” media şəbəkəsinin 25 illiyi münasibətilə media qurumu Doha şəhərində böyük bir tədbir keçirməyi planlaşdırsa da, dünyada tüğyan edən pandemiya səbəbindən təxirə salınıb.
Tədbirə dünyanın nüfuzlu təşkilatlarının rəhbərləri ilə yanaşı “Əlcəzirə” ilə sıx əməkdaşlıq edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti və nümayəndə heyəti də dəvət almışdı.
Qurumun 25 illiyi münasibətilə xüsusi jurnal işıq üzü görüb. Nəşrdə dünyanın ən nüfuzlu şəxslərinin quruma ünvanladıqları ürək sözləri və təbrikləri yer alıb.
Belə ki, jurnalda Beynəlxalq Humanitar Hüquq və İnsan Haqları Təhsili üzrə Ərəb Mərkəzinin prezidenti Məhəmməd Amin Əl-Midani, Beynəlxalq Mətbuat İnstitutunun rəhbəri Xalidə Patel, UNESCO-nun Kommunikasiya və İnformasiya sahəsində Strategiya və Siyasət üzrə direktoru Qay Berqer, Beynəlxalq Jurnalistlər Federasiyasının sabiq prezidenti Cim Bumela, Maliyyə üzrə ekspert, Avropa-Aralıq dənizi İnsan Haqları üzrə məsləhətçi Doktor Rami Abdu, “Deakin” Universitetinin İnformasiya Texnologiyaları Məktəbinin rəhbəri Con Yervudun təbrik məktubu dərc olunub. Nəşrdə, nüfuzlu şəxslər sırasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin də təbrik məktubu yer alıb. Umud Mirzəyev təbriklərini bu sözlərlə qeyd edib:
“Əl-Cəzirə Media Şəbəkəsinin fəaliyyətə başlamasının 25 ili tamam olur. Əsrin dörddə birinə bərabər olan 25 il özünü ifadə etmək üçün yetərli bir zamandır. Bu baxımdan ötən dövr ərzində dünyanın ən nəhəng Media qurumlarından birinə çevrilən Əl-Cəzirə Media Şəbəkəsi vaxtın, zamanın fövqündə dayanmağı bacarıb. Bir xəbər kanalı kimi yayımlanmağa başladığı ilk gündən etibarlı mənbələrə istinad edib, haqqı pozulanın, doğru sözün və ədalətin yanında olub. Məhz elə buna görə də bu gün Əl-Cəzirə Media Şəbəkəsinin şərəfli bir tərcümeyi-halı formalaşıb. Bu hər şeydən əvvəl Əl-Cəzirə Media Şəbəkəsinin hər zaman istinad etdiyi özünün ana yasasından, İnsan haqları və Söz azadlığı ilə bağlı beynəlxalq qanunvericiliyə, bəyannamələrə, konvensiyalara, etik normalarına və dəyərlərə sədaqətdən qaynaqlanır. Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinə Quantanama məhbusu, ağır həyat sınaqlarından çıxmış, dünyada söz azadlığının simvollarından biri kimi tanınan Sami Əl-Haccın rəhbərlik etməsinin isə ayrıca bir önəmi var. Dünyanın media camiyəsində özünün əfsanəvi tərcümeyi-halı ilə məhşur olan bu insanla bizim on ilə yaxındır ki, işgüzar münasibətlərimiz var. Şəxsi tanışlığımız isə Keyptaunda baş tutan Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresində yaranıb. Həmin vaxt mən Beynəlxalq Mətbuat İnstitutunun direktorlar şurasının üzvü idim. Dünya Konqresində BMİ-nin direktorlar şurasına yeni qəbul olunan üzvlər arasında Əl-Cəzirə Media Şəbəkəsinin təmsilçisi Sami Əl-Hacc da var idi. Onunla qurumda olan birgə fəaliyyətimiz zamanı biz bir-birimizi daha da yaxından tanıdıq və bu tanışlıq bizim əməkdaşlığımız üçün əsas zəmin oldu.
Bu gün rəhbəri olduğum BAMF-da Əl-Cəzirə Media Şəbəkəsi ilə çox sıx əməkdaşlıq edir. Biz Söz azadlığı və İnsan Hüquqları ilə bağlı hər zaman həmrəylik nümayiş etdirir, tədbirlərin təşkilinə, birgə təbliğat roliklərinin, filmlərin hazırlanmasına önəmli qatqı verir, Əl-Cəzirə Media Şəbəkəsinin başlatdığı imza kompaniyalarının geniş yayılmasına dəstək oluruq. Çoxillik əməkdaşlığımız Əl-Cəzirə Media Şəbəkəsində bizə çoxsaylı dostlar qazandırıb. Böyük minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində mənim də ailə üzvlərimin içində olduğu bir milyon iki yüz mindən çox insanın problemi hər zaman Əl-Cəzirə Media şəbəkəsinin diqqət mərkəzində olub. 2020-ci ilin 27 sentyabr tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı həm Ermənistan tərəfdən, həm də Azərbaycan tərəfdən bölgəyə ilk gələn Beynəlxalq media qurumu da məhz Əl-Cəzirə Media Şəbəkəsi idi. 44 günlük müharibə zamanı bölgəmizdə davamlı şəkildə fəaliyyət göstərən Əl-Cəzirə Media Şəbəkəsi yayımladığı reportajlarla özünün obyektivliyini, qərəzsizliyini, ədalətin yanında olmasını bir daha sübut etdi. Əl-Cəzirə Media Şəbəkəsinin gündəmdə saxladığı əsas mövzulardan biri də Qarabağda işğaldan azad edilmiş 12 min kv kilometrlik ərazimizin başdan-başa müxtəlif növ minalarla çirkləndirilməsi məsələsidir. İşğaldan azad edilmiş torpaqlarımızda mina insidentləri zamanı həlak olan çoxsaylı mülki şəxslər arasında cari ilin iyun ayında Kəlbəcərdə həyatını itirən iki nəfər jurnalist həmkarımız da vardı. Hesab edirik ki, Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Hüquqları mərkəzinin də köməyi ilə bu problemə hər kəsin diqqətinin cəlb edilməsi, jurnalist həmkarlarımızla bağlı hadisənin işıqlandırılması Ermənistanın nəhayət Qarabağın Ağdam və Füzuli bölgələrinə aid mina sahələrinin xəritələrini təqdim etməsinə töhfə verdi. Əlcəzirə media şəbəkəsi ilə BAMF arasındakı əlaqələr böyük etimad və dünyanı yaxşıya doğru dəyişdirmək istəyi üzərində qurulub. Əsl həqiqətdə isə biz Əl-Cəzirə üçün bölgədə əlaqələndirici bir simaya çevrilmişik.
Sonda fürsətdən istifadə edərək, Əl-Cəzirə Media Şəbəkəsinin yaranmasının 25-ci ildönümü münasibətilə qatqısı olan Ali rəhbərlikdən tutmuş sıravi işçiyə qədər hər kəsi təbrik edirəm və bəşər övladının rifahı, dünyamızın gələcəyi naminə gördüyünüz təmənnasız işlərdən dolayı minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Əl-Cəzirə Media Şəbəkəsi 1996-cı il noyabrın 1-də Qətərin paytaxtı Dohada Qətər əmiri Həmid bin Xəlifə Al Taninin dəstəyi ilə yaradılıb. İlk olaraq ərəb xəbərləri üçün peyk kanalı kimi fəaliyyətə başlayan telekanal bir müddət sonra genişlənərək beynəlxalq media şəbəkəsinə çevrilib.
11 sentyabr 2001-ci il hadisələrindən sonra telekanal daha çox beynəlxalq aləmin diqqətini cəlb edib. Əl-Cəzirə digər ərəbdilli beynəlxalq kanallarla, o cümlədən CNN və Fox News kimi ingilisdilli kanallarla da rəqabət aparır.
Bu gün Əl-Cəzirə Media Şəbəkəsində 70 fərqli milliyyətə mənsub olan 4 min işçisi və dünya üzrə 70-dən çox ofisi var. Əl-Cəzirə Media Şəbəkəsi BMT-nin Cenevrədəki bir sıra təşkilatları ilə - BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Qızıl Xaç, eləcə də BMT-nin Təlim və Tədqiqat Mərkəzi ilə əməkdaşlıq edir.