20 yanvar faciəsindən 32 il ötməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni yaxşı xatırlayır. Hər ötən il bizləri o qaranlıq dolu günlərdən uzaqlaşdırsa da, 20 yanvar müsibəti hələ də yaddaşlardan silinməyib. Nəsildən-nəsilə ötürülən bu qan yaddaşı milyonların şüurunda dərin iz buraxmaqdadır. Sanki zaman keçdikcə, əksinə, insanların dili açılır, yaddaşlar yenilənir və hadisələr daha aydın canlanmağa başlayır. Xatırlayıram, o gün çox dəhşətli bir tarix idi. Azərbaycanda hər bir insanda böyük narahatçılıq vardı. Bakıda arası kəsilməyən mitinqlər keçirilirdi. Bizlər də o mitinqlərin iştirakçısı idik.
Hadisələrin izi ilə...
Yaddaşda dərin iz buraxan anlar...
O gecə nə baş verirdi?...
1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə eşidilən güllə səslərinə Əcəmi Naxçıvani küçəsində yerləşən evimizin eyvanına çıxdıq. Eyvandan baxanda, güllələrdən saçan işıqlardan gecənin qaranlığında sanki günəş doğmuşdu, hər tərəf işıqlanırdı. Dərhal evdən çıxıb, qonşularımızla birgə daha çox atəş səsləri olan istiqamətdə hərəkət etdik.
Yadımdadır, mərhum ziyalılarımız İsa İsmayılzadə, Aydın Səlimzadə, Nadir Cabbarovla birlikdə 20 yanvar meydanına doğru hərəkət etməyə başladıq. Əlbəttə, mənzərə çox dəhşətli idi. Şəhər bütünlüklə insan axınına bürünmüşdü, onlar küçələrdə təlaşla ora-bura qaçırdılar. Nalə səslərindən qulaq tutulurdu. 20 yanvarda yerləşən Respublika Klinik Xəstəxanasında o qədər insan axını vardı ki, iynə atsan yerə düşməzdi. Xəstəxana maşınlarının arası kəsilmirdi. Maşınlarda meyidlər və çoxlu sayda yaralılar gətirilirdi. Bütün bunlar, sözlə və dillə ifadə oluna biləcək bir mənzərə deyildi.
Bizim orta məktəblərdə öyrədilən şerlərdə xilaskar bir ordu kimi vəsf olunan Sovet Ordusunun açdığı güllələrlə Azərbaycan xalqı qətlə yetirildi. Bu artıq Azərbaycan insanında Sovet dövlətinə olan ümidlərin qırıldığı dövr idi.
20 yanvar səhərini qana bulaşmış küçələrdə açdıq...
Yanvarın 20-si səhərimizi qana bulaşmış küçələrdə açdıq. 20 yanvar meydanında böyük bir izdiham var idi. İnsanlar artıq evlərindən çıxaraq, küçələrə axın etməyə başlayırdı. Hər kəs bir nəfər kimi Sovet ordusunu lənətləyirdi.
20 yanvar faciəsinə aparan ƏSAS SƏBƏB...
Həmin dövrdə də dünyanı idarə edən ölkələr, Azərbaycanın neft ölkəsi olaraq, cəzb edən məkanda yerləşməsinin fərqində idi. Məhz, belə bir zəngin ölkənin Sovet İttifaqının tərkibindən ayrılması arzuolunan hal deyildi. Digər tərəfdən isə həmin dövrlərdə Erməni lobbisi çox ciddi şəkildə fəaliyyət göstərirdi. Azərbaycanın Sovet İttifaqından ayrıldığı məqamda maksimum, bacara bildikləri qədər ölkəmizdən böyük bir parçanı qoparıb sahiblənmək istəyirdilər. Çox şükür ki, bunu istəyənlərin arzuları ürəyində qaldı. Bu gün sosial şəbəkələrdə belə, onların məyusluğu və bir-birini ittiham etməsi aydın şəkildə görünür.
Cəzasız qalan canilər...
20 yanvar faciəsinin ən böyük səbəbkarı olan SSRİ KP MK-ın birinci katibi Mixail Qorbaçov dinc sakinləri qırğına verməsi ilə yadda qalıdı. 15 oktyabr 1990-cı ildə qətliamlar törədilən dövrdə Qorbaçova Nobel “Sülh mükafatı” verildi.
Təəssüflənərək qeyd edək ki, bu gün nə Qorbaçov, nə də təqsirli bilinənlərin heç biri cəzalandırılmayıb.
Zəfər yolumuz, Qələbə sevincimiz...
Çox heyif ki, Azərbaycan 20 yanvardan əvvəl və sonra da böyük faciələrlə üzləşdi. Və nəhayətində ayrılmaz parçamız olan Qarabağ da böyük bir qələbəyə imza atdı. Ölkəmizin öncəki və indiki siyasi gedişatı dəyişdi.
I Qarabağ müharibəsi dövründə Azərbaycanın idarəetməsində böyük boşluqlar: ikitirəlik, üçtirəlik, hətta mintirəlik var idi. Bu kimi daxili qırğınlar bizim düşmənlərimizə başımıza fəlakətlər açmağa fürsət yaratdı. I Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsini itirməklə yanaşı, çoxlu sayda şəhid verdik.
Ancaq Azərbaycan bir gün öz haqq savaşında qalib oldu, 30 illik həsrtələ gəldiyimiz yolumuzu zəfərin şirin şərbəti ilə dadlandırdıq. Azərbaycan özünü, ordusunu, idarəetməsini, iqtisadiyyatını formalaşdıraraq, müzəffər ordu yaratdı. Heç kəsin təsəvvürünə belə gəlməzdi ki, 44 gün ərzində minimum sayda itki verərək, ölkəmiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı və Müzəffər ordumuzun gücü ilə şanlı qələbə çalacaq. Möhkəm betonla mühafizə edilmiş, strateji olaraq hündür ərazilərdə olan mövqelərin düşmən əlində olmasına baxmayaraq, Azərbaycan ordusu bütün maneələri qət edib, böyük bir qələbəyə imza atdı. İnanıram ki, bu böyük uğurumuz və qələbəmizlə həm 20 yanvar, həm Xocalı , hətta 31 Mart soyqırımında, yəni bütün şəhidlərimizin ruhu şaddır.
Bu qələbədə bizim 30 illik həsrətimiz, niskilimiz və haqqımız var!
Umud Mirzəyev,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti