R

Dünyanın 51 ölkəsinin qatıldığı 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində Azərbaycan povilyonunda misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabının təqdimatı olub.

, 2020-ci il sentyabrın 27-də xalqımızın 30 illik həsrətinə son qoyan, Prezident, Ali Baş Komandan İlham Əliyevin müzəffər rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanan Azərbaycan Ordusunun tarixi qəhrəmanlığından, xalqla Prezidentin möhkəm birliyindən bəhs edən “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərəb dilində nəşr edilib.
Əhməd Tərabikin II Qarabağ müharibəsi ilə bağlı yazdığı 320 səhifəlik kitabının ərsəyə gəlməsinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev və Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi, professor Əhməd Sami Elaydi səbəbkar olublar.

Kitabın təqdimat mərasimində Misir ictimaiyyətinin nümayəndələri, jurnalistlər, sərgiyə gələn ziyarətçilər, diaspor nümayəndələri və Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Təqdimatda Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev, Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi, professor Əhməd Sami Elaydi, Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli və kitabın müəllifi Əhməd Tərabik çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, sərginin ölkəmizə aid stendində nazirliyin nəşriyyatında çapdan çıxan kitablar nümayiş etdirilir. Onların sırasında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyəti, Azərbaycanın tarixi və mədəniyyəti haqqında nəşrlər var.

Təqdimat mərasimində “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabının müəllifi Əhməd Tərabik özünün tədqiqat əsəri haqqında ətraflı məlumat verib, bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi bütün dünyada, o cümlədən ərəb ölkələrində mühüm bir hadisə kimi qiymətləndirilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev isə bildirib ki, kitabda müharibənin xronologiyası, həmçinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və beynəlxalq media orqanlarına müsahibələrindən əsas məqamlar yer alıb.

Kitab 2 hissə və hər hissəsi 3 fəsildən ibarətdir. Tədqiqat əsərində əzəli torpaqlarının azadlığı uğrunda Azərbaycan xalqının apardığı savaşdan, Azərbaycan əsgərinin hazırlığı və onların dünyadakı nüfuzundan söhbət açılır. Azərbaycan ordusunun gücü, əzmi nəticəsində Suqovuşan ərazisi, Cəbrayıl, Hadrut, Zəngilan və Şuşa kimi tarixi torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunur. Kitabda tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağının sancılması və erməni hərbi qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi terrordan söhbət açılır. Rusiya, Azərbaycan və Ermənistan dövlətləri arasında üçtərəfli bəyanatdan, qələbə müjdəsi və ermənilərin uğursuz həmlələri barədə məlumat verilir. Nəşrdə hətta Bakının mərkəzində salınmış “Hərbi qənimətlər” parkı ilə bağlı da informasiya var. Tədqiqat əsərində Qafqazda yeni başlayan eradan, 30 illik işğal dövründə erməni hərbi birləşmələrinin zəbt etdiyi Qarabağ torpaqlarında törətdiyi cinayətlər, etnik təmizləmə siyasəti və qırğınlar, habelə erməni vandalizminin tarixi-dini abidlərə, qəbirlərə və məscidlərə qarşı olan təhqiramiz davranışları haqqında sənədlər və faktlar da yer alıb.

Bundan əlavə, müəllif kitabın son fəsillərində 44 günlük müharibənin bitməsindən sonra azad olunan ərazilərdə aparılan islahatlar, inkişaf, sülh və təhlükəsizliyin bərqərar olması, işğal olunan ərazilərin minalanması haqqında geniş məlumat verir. Habelə, tədqiqat əsərində postmünaqişə dövründə regionun inkişafı, sülhün və təhlükəsizliyin bərqərar olması, yeni transmilli nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi istiqamətində Azərbaycanın səyləri fonunda gələcəyə nikbin baxış da yer alıb.

Xatırladaq ki, “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabının ilk təqdimatı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə  2 dekabrda Bakı Dövlət Universitetində keçirilib. Kitabın ikinci təqdimatı isə Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq kitab Sərgisində olub.

Misirin paytaxtı Qahirə şəhərində keçirilən təqdimat mərasimində həmçinin Əhməd Sami Elaydinin ərəb dilinə tərcümə etdiyi məşhur şərqşünas alim Yevgeni Bertelsin “Nizami Gəncəvi yaradıcılığı” kitabının təqdimatı olub. Kitab Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilib. “Nizami Gəncəvi yaradıcılığı”kitabını ərəb dilinə tərcümə etmiş Ayn-Şəms Universitetinin professoru Əhməd Sami Elaydi və Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədbir iştirakçılarına dahi Azərbaycan şairi və mütəfəkkirinin həyatı və zəngin ədəbi irsi barədə ətraflı məlumat verib. O, bu qiymətli əsərin ərəbdilli elm xadimləri və tələbələrə təqdim edilməsini mühüm hadisə adlandırıb.

Tədbirin sonunda kitabların müəllifləri iştirakçıların suallarını cavablandırıblar.