R
Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə “Sülhün Kökləri” təşkilatı arasında anlaşma memorandumu imzalanıb. 
 
BAMF-ın baş ofisində “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri olan Heidi Kühn, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladovun xeyir-duası ilə böyük bir təşəbbüs üçün memorandum imzalanıb. Heidi Kühnün "Minalı əraziləri Üzümlüyə çevirək" adlanan layihəsi bundan sonra Qarabağda minalanmış ərazilərin çiçəklənməsi və ən gəlirli kənd təsərrüfatı sahəsinə çevrilməsinə yardımçı olacaq. 
 
Əməkdaşlıq memorandumu mina təhlükəsizliyi ilə mübarizə, minalı ərazilərdə Davamlı İnkişaf Məqsədlərinin təşviq edilməsi, minasız azad dünya ideyasına töhvə verilməsi məqsədi daşıyır. Memorandum yalnız kağız üzərində qalmayaraq “Sülhün Kökləri” ilə birlikdə minaların təmizlənməsində aktiv rol oynayacaq. 
 
Bundan sonrakı mərhələdə tərəflər ərazilərin minalardan təmizlənməsi və onların yerinə ağacların əkilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi müəyyənləşdirəcək.
 
Görüş zamanı təfərlər birgə fəaliyyət barədə memorandum sənədi imzalayıb və gələcək əməkdaşlıq perspektivləri barədə yerli mediaya açıqlama veriblər. 
 
Mətbuat konfransını giriş sözü ilə açan Umud Mirzəyev əvvəlcə iştirakçıları salamlayaraq bildirib ki, xanım Heidi Kühnün səfəri ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. 
 
“Son günlər dünyada özünün fəaliyyəti ilə məşhur olan, həyata keçirdiyi layihələrlə dünyanın ən müxtəlif ölkələrində tanınan bir təşkilat Azərbaycanda qonaqdır. BAMF və ANAMA-nın dəstəyi ilə həyata keçirilən bu səfərdə həmin təşkilatın qurucusu və rəhbəri Heidi Kün bizimlə bir aradadır. Son üç gün ərzində bir çox görüşlər keçirmişik. Bir-birindən maraqlı müzakirələr olub”. 
 
U. Mirzəyev qeyd edib ki, “Sülhün Kökləri” təşkilatı dünyanın mina problemini yaşayan əsas ölkələrində fəaliyyət göstərir.
“Kosovo problemindən tutmuş Əfqanıstana qədər bu ölkələrdə çox ciddi layihələr həyata keçirilir. Təkcə Əfqanıstanda son illər həyata keçirdiyi layihələr Əfqanıstan iqtisadiyyatına 1 mlrd 400 mln-dan yuxarı investisiyanın cəlb olunmasına səbəb olub. Heidi Kühnün hər birimiz üçün nümunəvi olan misilsiz bir fəaliyyəti var. Hesab edirəm ki, Azərbaycanda gələcəkdə də çox böyük fəaliyyətləri gözlənilir. Azərbaycana gələrkən ilk getdiyi yerlərdən biri ANAMA oldu, orada Agentliyin fəaliyyətilə tanış oldu”.   
 
Daha sonra “Sülhün Kökləri” təşkilatının qurucusu Heidi Kühn çıxış edib. O, ilk olaraq BAMF-ın dəvəti və ANAMA-nın da dəstəyi ilə qonaq qismində çıxış etməkdən böyük qürur hissi keçirdiyini qeyd edib. 
 
“Həqiqətən də biz buradakı ərazilərin minalardan təmizlənməsi və onların üzümlüklərə çevrilməsi üçün böyük bir təşəbbüsün addımını atırıq. Hazırda 60 milyondan çox minaları 60-dan çox ölkədə təmizləmişik. Ümumiyyətlə, bu günə qədər minalanmış bir çox ərazilərdə olmuşam. 
 
Mən Qarabağa Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Prezident Administrasiyasının əməkdaşı Sultan Hacıyevlə səfər etdik. Orada olduğum zaman heç vaxt tanış olmadığım kilometrlərlə nəhəng ərazilərdə oldum. Həqiqətən də orada minadan təmizləmə üzrə çox cəsur və böyük komanda işləyirdi”. 
 
 
Təşkilatın rəhbəri Qarabağ səfəri ilə bağlı bəzi nüansları da jurnalistlərin diqqətinə çatdırıb. 
 
“Biz ilk olaraq Tərtərin Çaylı kəndində olduq". 
 
O qeyd edib ki, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və BAMF-ın prezidenti Umud Mirzəyevlə birgə həmin ərazidə 8 ədəd minanı detonatorla partladıblar.
 
"Bizə orada hərbi əməliyyatların aparıldığı ərazilərdə həm mina təhlükəsi, həm də partlamamış döyüş sursatları haqqında məlumat verildi. Daha sonra minaların partlayış yolu ilə zərərsizləşdirilmə prosesi də nümayiş olundu. Qeyd edim ki, biz orada təkcə mina partlatmadıq, həm də 4 ədəd gələcəkdə çiçəklənəcək ağacların toxumunu əkdik. Bu sadəcə Azərbaycanla birlikdə sülhün köklərini qoymaq üçün orada üzüm ağaclarının əkilməsilə mümkün oldu. Bəhs etdiyim partlayıcı Nobel qardaşlarının kəşf etdiyi partlayıcıdır, lakin onunla biz minaları partlatdıq və biz artıq “Sülhün Kökləri”nin missiyasını həyata keçiririk. Daha sonra biz, Ağdama səfər etdik və orada da aparılan əməliyyatlarla praktiki şəkildə tanış olduq. 
 
H. Kühn fürsətdən istifadə edərək ANAMA komandasına təşəkkür edib. 
 
“Bu gün Umud bəyin dəvəti olmasaydı mən burada olmazdım. Onun adı ümid olduğu kimi biz də ümid edirik ki, gələcəkdə bu əməkdaşlıq daha da irəli gedəcək”.
 
Mətbuat konfransında iştirak Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Samir Poladov da öz fikirlərini qonaqlar və media nümayəndələri ilə bölüşüb.
 
 
“Təbii ki, bu zaman ANAMA tərəfindən təhlükəsizlik tədbirləri görülmüşdü. Heidi Kühnün gördüyü mənzərə çox təsir etdi. O, 100 km-lərlə minalanmış ərazilərin, dağıntıların şahidi oldu”. 
 
Samir Poladovun sözlərinə görə, qara torpaqda minalardan təmizlənmədən heç bir bərpa-quruculuq işləri görülə bilməz. Heidi Kühnün yaratdığı təşkilat da “Minalardan üzümlüklərə keçək” şüarı altında bir çox layihələr həyata keçirib. Bu gün o, Azərbaycandadır. Bu təşəbbüsünə görə ona çox minnətdarıq. Ümid edirik ki, bu əməkdaşlıq və müttəfiqlik uzun illər davam edəcək. Bu layihə real ərazilərdə həyata keçiriləcək. Bu səbəbdən bugünkü anlaşma memorandumunun xüsusi önəmi var”.
 
Daha sonra Heidi Kühn jurnalistlərin suallarını cavablandırıb. Görüşün sonunda “Sülhün Kökləri” və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
 
Qeyd edək ki, “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri Heidi Kühn Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizdə səfərdədir. Heidi Kühn səfərinin ilk günü BAMF-ın baş ofisində və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub. Martın 2-də isə Şamaxıya səfər edən xanım Kün Meysəri kəndində üzümçülük və şərabçılıq kompleksi ilə yaxından tanış olub.