"Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhalinin müdafiəsi, yaşayış sitələri və iqtisadi təhlükəsizliyi üçün erkən bərpa yardımının təminatı" layihəsinin təqdimat mərasimi olub.
layihəni Avropa İttifaqının (Aİ) Mülki Müdafiə və Humanitar Yardım və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) həyata keçirəcək.
Tədbirdə Aİ tərəfindən maliyyələşdirilən Erkən Bərpa Fəaliyyət Layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihə keçmiş təmas xəttində minatəmizləmə fəaliyyətlərini dəstəkləyəcək və bu ərazilərdə yaşayan aztəminatlı ailələrə müxtəlif yaşayış vasitələri təqdim etməklə onların rifahının yaxşılaşdırılmasına kömək edəcək. Həmçinin kənd təsərrüfatından asılı olan 1500 şəxsə və onların ailələrinə birbaşa və təcili olaraq qısamüddətli dəstək verəcək.
Layihə həmçinin Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərlik etdiyi humanitar minatəmizləmə işlərində iştirak etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanmasına, təchiz edilməsinə və yerləşdirilməsinə kömək edəcək. Bu minatəmizləmə komponenti keçmiş təmas xəttinin yaxınlığında yaşayan, mina və partlamamış hərbi sursat riski altında olan 43 000 insana fayda verəcək.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko layihə barədə məlumat verib:
"Minalar hərbçilərlə mülki şəxslər arasında heç bir fərq qoymayan dəhşətli silahlardır. Avropa İttifaqı Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir. Bu layihə münaqişə sonrası partlamamış hərbi sursatlara görə həyatları risk altında olan insanlara fayda verəcək və ümid edirik ki, onların həyatını xilas etməyə kömək edəcək. Cənubi Qafqazı minalardan azad görmək niyətindəyik. Bu risklərin aradan qaldırılması üçün beynəlxalq tərəfdaşlıq önəm daşıyır. Azərbaycanda azad olunan ərazilərə əhalinin qayıtması üçün hər zaman dəstək göstərməyə hazırıq. Bu dəstək gələcəkdə də davam edəcək".
BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista vurğulayıb ki, humanitar minatəmizləmə əməliyyatına sərmayə qoymaq 2030-cu il gündəliyinə nail olmaq üçün əsasdır:
"BMTİP ANAMA ilə 1999-cu ildən bəri uzunmüddətli tərəfdaşlığa malikdir. Biz birlikdə son illər ərzində 806 000-dən çox mina və digər partlayıcı sursatların təmizlənməsinə kömək etmişik, 160 500-dən çox məcburi köçkün qadın, uşaq və kişinin evlərinə təhlükəsiz qayıtmasını təmin etmişik. Qadınlar münaqişələr zamanı ən çox zərər çəkənlərdir. Bu layihədə də onlara köməklik göstəriləcək. Avropa İttifaqının maliyyəsi sayəsində biz indi bu dəstəyi genişləndirə və ona ən çox ehtiyacı olanlara həyat və yaşayış vasitələrinin yaxşılaşdırılmasında birbaşa yardım göstərə biləcəyik”.
Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov qeyd edib ki, ANAMA əhalinin azad olunan ərazilərə rahat və təhlükəsiz qayıtması üçün işlər aparır:
"Beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrə də yardım edir. Agentlik yarandığı gündən bu günə kimi 32 min hektar ərazidən 60 minə yaxın mina zərərsizləşdirilib. 2020-ci ilin noyabr ayından bu günə kimi azad olunan ərazilərdə 39 şəxs minaya düşmə nəticəsində həyatını itirib, 184 nəfər isə yaralanıb. Ümumilikdə isə zərərçəkənlərin sayı 223 nəfərdir".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, bu il yaradılışının 30 illiyinin qeyd edilməsi planlaşdırılan Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildən fəaliyyət göstərən müstəqil qeyri-hökümət təşkilatıdır.
“BAMF BMT-nin ECOSOC bölməsinin əsas məşvərətçi statuslu üzvüdür. Azərbaycanda BMT-in İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən Mina Təhlükəsi ilə mübarizə proqramına BAMF 2000-ci ilin əvvəlindən qoşulub. Ötən müddət ərzində təhlükəli ərazilərin tədqiqinə dair Birinci Səviyyəli Tədqiqat, “Minaların Mənfi Təsirinin Tədqiqi” və “Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi” kimi önəmli proqramları uğurla həyata keçirib. 2002-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə yaradılan BAMF-ın İcma Mina Aksiyası komandası hazırda 84 nəfərlik heyəti ilə Tərtər regionunda aktiv şəkildə minatəmizləmə fəaliyyətini davam etdirir. Həmçinin Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və ANAMA-nın dəstəyi ilə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi minadan əziyyət çəkən 6 rayonda BAMF tərəfindən icra olunmaqdadır. BAMF Azərbaycan ərazilərinin müharibə qalıqlarından və minalardan təmizlənməsi prosesində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əsas partnyorlarından biridir”, - deyə U. Mirzəyev qeyd edib.
O, bu ilin aprel ayının 29-da BAMF ilə BMT-in İnkişaf Proqramı arasında “Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhalinin müdafiəsi, yaşayış vasitələri və iqtisadi təhlükəsizliyi üçün bərpa yardımının təminatı” adlı qrant müqaviləsinin imzalandığını qeyd edib.
“Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının, ANAMA-nın dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə həyata keçirilən layihə Azərbaycanın minalarla çirklənmiş və keçmiş təmas xətti boyunca yerləşən rayonlarını əhatə edir. Müqaviləyə əsasən layihədə nəzərdə tutulan fəaliyyət planı ANAMA tərəfindən müəyyən edilən prioritetlər əsasında icra olunacaq.
Təqdimatdan da göründüyü kimi, layihə çərçivəsində fəaliyyətlər 2 əsas istiqamət üzrə həyata keçirilir. Uyğun olaraq hər birində 3 tədqiqatçı olmaqla ümumilikdə 9 nəfərlik Qeyri-texniki sorğu (NTS) komandası formalaşdırılıb. Digər əsas istiqamət olan Partlayıcı Sursatların Utilizasiya (EOD) üzrə isə qrup rəhbəri və qrup rəhbərinin müavini vəzifələri də daxil olmaqla ümumilikdə 6 nəfərlik heyət müəyyən olunub. İlk olaraq ANAMA-nın Göygöl və Horadiz regional bazalarında və BAMF-ın Tərtər regional ofisində təlimlərdə iştirak edən komanda üzvləri artıq fəaliyyətə tam hazırdılar”.
BAMF rəhbərinin sözlərinə görə, qeyri-texniki sorğu komandaları keçmiş təmas xətti boyunca və işğaldan azad edilmiş rayonlarda tədqiqat işlərini həyata keçirəcəklər.
“Burada əsas məqsəd partlayıcı sursatlarla çirklənmənin xarakterini, dərəcəsini və təsirini daha yaxşı müəyyən etmək üçün sistematik qeyri-texniki tədqiqatın aparılmasıdır. Onu da nəzərə almaq lazımdır ki, bu gün ölkə rəhbərliyi tərəfindən ən çox diqqət ayrılan məsələlərdən biri və bəlkə də birincisi Qarabağa qayıdışı ləngidən mina problemidir. Təkcə 10 noyabr 2020-ci il bəyanatından sonra 200-dən çox şəxs mina hadisəsinin qurbanı olub. Belə olan halda işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, yenidənqurma işlərinin sürətləndirilməsi və əhalinin təhlükəsiz qayıdışı baxımından bu tədqiqat layihəsinin həyata keçirilməsinin çox böyük faydası olacaq. Layihə nəticəsində Azərbaycanda aparılan minatəmizləmə işlərinə dəstək göstəriləcək və işğaldan azad olunmuş ərazilərə qayıdış prosesinin sürətlənməsinə töhfə veriləcək”.
Çıxışının yekununda U. Mirzəyev ilk gündən layihənin icrasına dəstək verən, uzun illərdir ölkənin mina probleminin həlli istiqamətində çox böyük səylər göstərən və beynəlxalq aləmdə bu problemi daim gündəmdə saxlayan ANAMA-ya təşəkkür edib.
“Bu gün minatəmizləmə sahəsində çalışan bütün qəhrəmanları da yada salmaq istəyirəm, onlara bu çətin işlərində uğurlar arzu edirəm. Həmçinin, Azərbaycanın bu bəşəri probleminə ayırdığı diqqətə və həssas yanaşmasına görə Avropa İttifaqına və BMT-nin İnkişaf Proqramına da öz dərin minnətdarlığımı bildirirəm.
BAMF-ın fəaliyyətini vurğuladıqda isə, biz bir vətəndaş cəmiyyəti qurumu olaraq bu cür önəmli bir missiyanın parçası olmaqdan qürur duyuruq”.