Bu gün BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub. BAMF-ın prezidenti Umud Mirzəyev BMT rəsmisini Bakı ofisində qarşılayıb. Vladanka Andreyevna ilk olaraq, Umud Mirzəyevi təşkilatın 30 illik fəaliyyətinin il dönümü münasibəti ilə təbrik edib və Azərbaycanın çətin dönəmlərində yaradılan beynəlxalq statuslu qeyri-hökumət təşkilatının bu günə qədər fəaliyyəti barədə məlumat alıb.
Öz növbəsində BAMF rəhbəri qonağa təşkilatın yaranması ilə bağlı 90-cı illərin əvvəlində Azərbaycanda, o cümlədən Qafqaz və post-Sovet məkanlarında obyektiv informasiyaya duyulan ehtiyacdan bəhs edib.
“Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış jurnalist və ictimai xadimlərin birgə təşəbbüsü sayəsində yaradıldı. O zaman bizim resurslarımız olduqca az idi, lakin təşkilatın yaradılmasına olduqca ehtiyac var idi”,- deyə Umud Mirzəyev vurğulayıb.
BAMF rəhbəri təşkilatın yaranma səbəblərini izah edərkən ölkədəki hadisələrin dünya ictimaiyyətinə doğru-dürüst çatdırılması üçün post Sovet məkanında bu cür təşkilatların yaradılmasına ehtiyacın olmasından da bəhs edib.
“O zaman Qarabağ konfliktinin ən pik bir dönəmi idi. Xatırlayıram, Şuşanın işğalına 3 gün qalmış, mən Latviya, Litva və Rusiyadan olan bir qrup tanınmış jurnalist və fəallarla orada oldum. Erməni işğalı artıq Qarabağı tamamilə əhatə etməyə başlamışdı. Lakin dünya ictimaiyyətinin bundan xəbəri yox idi və informasiya qıtlığı yaşanırdı. Həmin zaman biz Beynəlxalq Avrasiya Mətbuat Fondunu yaratdıq”.
Umud Mirzəyev qonaqla söhbət edərkən bu müharibədən birbaşa zərər çəkənlərdən biri olduğunu vurğulayıb. O, həmçinin azərbaycanlıların Qarabağ və Ermənistandan deportasiya edilməsindən, onların məcburi öz doğma diyarlarından çıxarılmasından da söz açıb.
Görüş əsnasında Umud Mirzəyev həmçinin təşkilatın mina problemi bağlı bir sıra mühüm layihələrdə iştirakından da söz açıb. O, UNDP, UNHCR, UNİCEF, Avropa İttifaqı və ABŞ Dövlət departamentinin birgə dəstəyi ilə həyata keçirilən layihələrdə görülən işlər, o cümlədən işğaldan azad edilən Qarabağ əraziləri, keçmiş təmas bölgəsi və bir sıra kənd və qəsəbələrdə mina təmizlənməsi işində komanda fəaliyyəti barədə danışıb. O, mina problemi ilə bağlı təşəbbüsə 2003-cü ildən ANAMA ilə birgə qatıldığını və bu məqsədlə Mina İcma Komandasını formalaşdırdığını qonağın diqqətinə çatdırıb.
BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreeva dəvət üçün Umud Mirzəyevə öz təşəkkürünü bildirib. O, BAMF-ın həyata keçirdiyi bütün proqram və layihələri ilə bağlı fəaliyyətini təqdirəlayiq hesab etdiyini qeyd edib.
“Ümumiyyətlə ərazilərin minalardan təmizlənməsi və mina təhlükəsi barədə maarifləndirmə işlərində həm vətəndaş cəmiyyətlərinin, həm də ANAMA-nın fəaliyyətini dəstəkləmək çox vacibdir. O cümlədən mən, sizin də mina təmizlənmə və mina təhlükəsi haqda maarifləndirmə işinizi, habelə BMT ilə əməkdaşlığınızı təqdirəlayiq hesab edirəm. Bu yaxınlarada mənə partladılmış bir minanın kiçik parçası hədiyyə kimi verilmişdi. Mən ona baxarkən həmin mina parçası məndə hökumətin işğaldan azad olunan ərazilərdə gördüyü işin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha xatırlatdı”.
BMT rəsmisi həmçininn BMT-nin bundan sonra da hökumət və mina problemi ilə bilavasitə məşğul olan ANAMA-ya dəstəyini əsirgəməyəcəyini bildirib. O, bu işlərdə dəstək göstərərək ölkədə ki, qaçqın və məcburi köçgünlərin tezliklə öz yurdlarına dönə bilməsini tezləşdirmək üçün bərabər addımılar atılacağını qeyd edib.
Görüşdə həmçinin BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisində Əlaqələndirmə üzrə Müşaviri Şəmsiyyə Mustafayeva və BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov da iştirak edib. BAMF prezidenti Umud Mirzayev qonaqları ofislə yaxından tanış edib və görülən işlər barədə bir sıra əyani vəsaitləri qonaqlara təqdim edib.
Daha sonra BMT rəsmisi BAMF-ın oktyabrın 14-də keçirlməsi planlaşdırılan 30 illik yubileyinə dəvətindən məmnunluğunu bildirib. Həmçinin qonaq Umud Mirzəyevi BMT gününün qeyd olunması ilə bağlı oktyabr ayının sonunda keçirilməsi planlaşdırılan tədbirə dəvət edib. Tərəflər həmçinin gələcək əməkdaşlıq prespektivləri haqda birgə müzakirələr aparıblar.