Tədbirə qatılan UNICEF-in Azərbaycan nümayəndəliyinin Yeniyetmə və Gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova isə bildirib ki, onun təmsil etdiyi beynəlxalq təşkilat Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri və gənclər təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNICEF-in maliyyə dəstəyi ilə , Gənclər və İdman nazirliyinin yaxından iştirakı ilə Azərbaycanın ümumilikdə 14 rayonunda reallaşdırdığı “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin qısa təqdimatı keçirilib.
Təqdimatdan sonra tədbir qonaqların çıxışları ilə davam elədi. Müzakirələrdə Bakı Beynəlxalq Tələbə Klubunun sədri Aysəba Mirzəyeva, ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Sahil Məmmədli, Sağlam Düşüncə Gənclər Təşkilatının sədri Ramiz Əliyev, Gənclər üçün Təhsil Mərkəzinin sədr müavini Qızılgül Teyyubova, Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatları Birliyinin nümayəndəsi Nurxan Babayev iştirak etdi.
Tədbirdə bir daha vurğulandı ki, Prezident İlham Əliyevin yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam xüsusi əhəmiyyət daşıyır. Əsas məqsəd Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaqdır. Tədbirdə eyni zamanda qeyd olundu ki , indi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Ayrı-ayrı gənclər təşkilatları il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər keçirirlər.

BAMF-ın Informasiya Departamenti