R

Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Siyasi məsələlər üzrə birinci katib Dmitriy Berejnoy və səfirliyin əməkdaşı Stanislav Koval Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub və Fondun prezidenti Umud Mirzəyevlə görüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və uzunmüddətli əməkdaşlığın genişləndirilməsi variantları müzakirə edilib.

Umud Mirzəyev, yeni təyin olunmuş 1-ci katib Dmitri Berejnoya təşkilatın tarixi, müxtəlif sahələrdəki fəaliyyəti və BAMF tərəfindən həyata keçirilən çoxsaylı layihələr haqqında məlumat verib. Təşkilat uzun müddət diplomatik nümayəndəliklər, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyi, BMT agentlikləri və müxtəlif beynəlxalq təşkilatlarla işləmək təcrübəsinə malikdir. Qonaqlara, beş dildə (Azərbaycan, ingilis, rus, türk və ərəb) fəaliyyət göstərən Eurasia Diary beynəlxalq analitik və informasiya portalı haqqında da məlumatlar verilib.

Səfirliyin əməkdaşları tərəfdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Onlar təşkilatın Azərbaycanın cəbhə bölgələrində həyata keçirdiyi humanitar və sosial layihələrin əhəmiyyətini vurğulayıblar. Həmçinin qonşu Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində meydana gələn qaçqın və məcburi köçkünlərlə işləmək sahəsində Azərbaycanın unikal təcrübəsi də qeyd edilib.

Görüşün sonunda qonaqlar Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin, dağıdılmış memarlıq abidələrinin, yaşayış binalarının, işğal olunmuş ərazidə ekoloji pozuntuların və güllələnmiş qəbiristanlığın nümayiş olunduğu foto sərgi ilə tanış olublar. Bundan əlavə, Azərbaycanın müharibədən zərər çəkmiş bölgələrində yaşayan uşaqların həyatı ilə bağlı BAMF tərəfindən hazırlanan film nümayiş etdirilib.

Sərgidə görülənlər heç kəsi özünə laqeyd qoymayıb.