R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti Füzuliyə səfər ediblər. Umud Mirzəyevin müşayiəti ilə həyata keçirilən səfərdə bir sıra media mənsubları da iştirak ediblər.

Bir zamanlar həyat qaynayan bu yerlərdə əvvəlki həyatdan artıq heç bir əsər-əlamət yoxdur. 30 ilə yaxın bir müddətdə düşmən yurd yerlərimizi viran qoyub, xarabalığa çevirib. Düşmənin ölkəmizə, torpaqlarımıza, insanlarımıza qarşı törətdiyi bütün bu vandallıq aktları Əl-Cəzirə media nümayəndələrinin diqqətinə çatdırılıb. Səfər çərçivəsində U. Mirzəyev Azərbaycan Televiziyasının əməkdaşına müsahibə verib.

“Şuşada çox gözəl və həyacanlı günlər yaşadıq. Qonaqlarımız çoxdandır ki, o məkanları görməyi arzu edirdilər. Mədəniyyət paytaxtını öz gözləriylə görməyi arzulayırdılar. Amma bu zəfər yolunun sağında, solunda, ətrafında bir tərəfdən quruculuq işlər gedir, bir tərəfdən də ürəyimizi parçalayan bu mənzərələr var. Bunları gördükcə qonaqlarımız olan Əl-Cəzirə media nümayəndələri dünyanın ən böyük vəhşətinin burzda törədildiyinin canlı şahidi olurlar. Biz Şuşanın demək olar ki, bütün küçələrini gəzdik. Qala divarında, Cıdır düzündə olduq. Şanlı ordumuzun fəth etdiyi o zirvələri, cığırları biz gözlərimizlə gördük.  Bugünkü səfərimiz bizim Qubadlının Göyyal kəndinədir. Biz Cəbrayıldan keçəcəyik. Füzulidə də görmək istədiyimiz yerlər var. Zəngilanda Ağalı kəndinə ola bilsin ki, getdik. Bizim və qonaqlarımızın görmək istədiyi yerlər var. Bizim bütün səylərimiz ölkəmiz və Qarabağ haqqında həqiqətləri insanlar öz gözlərilə görsünlər. Ötən gün Amerikalı müğənni xanım Della Miles da bizimlə səfərdə idi. Onların da çox xoş təəssüratları oldu", -deyə BAMF prezidenti qeyd edib.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti avqustun 1-dən Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc rəhbərlik edir. Səfərin məqsədi işğaldan azad olunmuş rayonlara səfər etmək, eləcə də ölkəmiz haqqında müxtəlif mövzularda reportajlar hazırlamaqdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlimlər keçirilib. 1-5 avqust 2021-ci il tarixlərini əhatə edən təlim proqramında müxtəlif media subyektlərindən 20 nümayəndə iştirak edib. Təlimlərdən dərhal sonra nümayəndə heyətinin bir hissəsi Şuşaya yola düşüb, digər hissəsi isə Füzuli bölgəsində çəkilişlərə başlayıb.