R

Beynəlxalq və yerli media qurumlarının Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinə və Füzuli rayonuna səfərləri təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin təşəbbüsü ilə reallaşan səfərdə Əl Cəzirə, Nyu York Times, İRNA, ANADOLU, HABER Global, Rossiya1, Euronews və digər beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edib. 27 ildən sonra azad edilən Füzuli rayonuna edilən səfərdə BMT ECOSOC-un Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, əslən Füzuli rayonundan olan Umud Mirzəyev də iştirak edib.

Səfər Füzulinin Qorqan kəndindən başlayıb. Azərbaycan ordusu tərəfindən darmadağın edilən erməni hərbi birləşmələrinin güclü istehkam qurğuları, yandırılmış və məhv edilmiş döyüş texnikaları, hərbi sursatların qalıqları media təmsilçilərinə nümayiş etdirilib. Yol boyu dağıdılmış və viran edilmiş kənd məzarlıqları, qədim türbələr, yollar, yer üzündən silinmiş yaşayış məskənləri media mənsublarının diqqətinə çatdırılıb. Daha sonra Vətən Müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən istifadə edilmiş istifadəsi beynəlxalq konvensiyalarla qadağan edilmiş fosforlu sursatın ANAMA tərəfindən zərərsizləşdirilməsi əməliyyatı media mənsublarına nümayiş etdirilib. 

Media mənsublarından ibarət kortej Füzuli şəhərinə istiqamətlənib. Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Füzuli rayonu ərazisində, eləcə də Qarabağın işğaldan azad edilmiş digər yerlərində törədilən dağıntıları İkinci dünya müharibəsindən sonra müasir dünyamızda ən böyük barbarlıq adlandırıb. O, bununla bağlı Azərbaycan tərəfinin dağıntılara dair qiymətləndirmə apardığını və Ermənistan tərəfinə törədilən vandalizm əməllərinə görə təzminat davası açılacağını Əl Cəzirə televiziyasına müsahibəsində ifadə edib.

Vətən Müharibəsi başladığı gündən Əl Cəzirə Televiziyasını müşayət edən BAMF prezidenti və onun müavini Ramil Əzizov müharibə dövründə baş verənləri anbaan, günbəgün Əl Cəzirənin ekranından nümayiş etdirilməsində yaxından iştirak ediblər. Media cəbhəsində döyüşüblər. Vətən Müharibəsi dövründə Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın mülki şəxslərinə qarşı törədilən hərbi cinayətlər haqda BAMF müşahidə missiyası tərəfindən hazırlanan beynəlxalq hesabat ciddi alternativ sənəd kimi dünyaya çatdırılıb.

“Bu gün öz doğma yerlərimizin bu halını işıqlandırmaq bizə olduqca ağırdır. Füzuli rayonunun, Füzuli şəhərinin bu acı səhnəsi insanın ürəyini parçalayır. Təsəvvür edin, yüzilliklər boyu yaradılmış, qurulmuş bir şəhər sivilizasiyası tamamilə məhv edilib. Bu heç bir insanlığa, heç bir beynəlxalq hüquq prinsiplərinə, heç bir əxlaq normalarına sığmır. Törədilən vandalizmi seyr etmək nə qədər ağır olsa da, 27 illik həsrətdən sonra işğaldan azad olunmuş doğma yerlərə səfər etmək qürurvericidir. Ali Baş komandanın, Azərbaycan ordusunun, şəhidlərimizin ruhu qarşısında baş əyirik. İnsanlığa utanc gətirən bu mənzərələr təkcə Füzuli rayonunda deyil, bütövlükdə işğal altında saxlanılan bütün Qarabağ torpaqlarının acı mənzərəsidir”, deyə Umud Mirzəyev qeyd edib.

“Dağıdılmış kəndimizin məzarlığını yol boyu ürək ağrısı ilə izlədim. Göz yaşlarımı saxlaya bilmədim. Bu vəhşiliyə beynəlxalq ictimaiyyət biganə qalmamalıdır”, deyə BAMF-ın vitse-prezidenti də vurğulayıb.  

BAMF təmsilçiləri Füzuli rayonu haqda məlumatları qonaqların diqqətinə çatdırıb, rayon haqda reportajın hazırlanmasında yaxından iştirak ediblər. Füzuli şəhərində yerlə-yeksan edilmiş yaşayış massivləri, XVIII əsrə aid Hacı Əkbər məscidi, Füzuli şəhər Teatr evi, Füzuli şəhər klubunun qalıqları, şəhər stadionu, erməni hərbi birləşmələrinin törətdiyi vandalizmin qurbanı olan digər sosial-mədəni obyektlər haqda məlumatlar ürək yanğısı ilə beynəlxalq media nümayəndələrinin diqqətinə çatdırılıb. BAMF-ın müşayiəti ilə Füzuli şəhərindən hazırlanan reportaj bu gün Əl Cəzirə televiziyası tərəfindən nümayiş etdiriləcək.    

Qeyd edək ki, 1993-cü ilin avqust ayının 23-dən erməni hərbi birləşmələrinin işğalı altında olan Füzuli şəhəri və Füzuli rayonunun 70-dən artıq kəndi 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində müzəffər Azərbaycan Ordusu tərəfindən düşməndən azad edilib.