R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev İsveçrə və Rusiya Federasiyasından olan bir qrup ekoloq alimlərlə görüşüb.

Qonaqlar arasında Cenevrə Universitetinin Torpaq və Ətraf Mühit Elmləri Bölməsinin vitse-prezidenti Vera Slaveykova, Biologiya üzrə direktor, Baytarlıq Sanitariya Ekspertizası və Bio-təhlükəsizlik bölməsinin professoru Eqor Mixail və Beynəlxalq Əməkdaşlıq üzrə Layihə Ofisinin direktoru Olqa Eqorova və azərbaycanlı tarixçi YUNESKO kafedrasının dosenti Rizvan Hüseynov, BAMF-in baş ofisində keçirilən görüşdə iştirak edib.

Görüşdə qonaqlar Bakıya səfərlərinin əsas məqsədi, su və ekoloji problemlərin tədqiqat sahələri barədə məlumat veriblər.

BAMF prezidenti U.Mirzəyev qonaqları salamlayaraq qurumla bağlı diqqətlərinə görə təşəkkürünü bildirib və eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti barədə onları məlumatlandırıb. O, həmçinin Azərbaycanın su məsələlərinə, xüsusən də erməni işğalı altında olan Qarabağ bölgəsindəki Sərsəng su anbarı probleminə toxunub.

“İşğal olunmuş Qarabağ bölgəsi yaxınlığında cəbhə bölgəsinə çox tez-tez səfərlər təşkil edirik və burada cəbhə bölgəsində yaşayan əhalinin su ehtiyatları ilə bağlı bir çox problemlərinə rast gəlirik. Ermənilərin işğal etdikləri ərazidən Azərbaycana axan çayları və su kollektorlarını kimyəvi və radioaktiv maddələrlə necə məhv etdikləri və çirkləndirdiklərinə inanmaq çətindir. İnsanlar ağaclarını, buğda və taxıl sahələrini suvarmaqda çətinlik çəkirlər. Bu, təbii su ehtiyatlarından Azərbaycanla müharibə aləti kimi istifadə edən Ermənistanın tam bir təcavüzüdür”.

Azərbaycandakı işlərindən danışan Cenevrə Universitetinin professoru Vera Slaveykova yaxın gələcəkdə Xəzər dənizi hövzəsində tətbiq etməyi hədəflədikləri Cenevrə gölü üzərində apardıqları tədqiqat təcrübələrini də diqqətə çatdırıb.

Bundan əlavə, o, İsveçrənin, Rusiya Federasiyasının, MDB ölkələrinin, o cümlədən Azərbaycanın dövlət universitetləri arasında bilik və təcrübə mübadiləsi məqsədilə İsveçrədə təhsil proqramı hazırladıqlarını söyləyib.

“Bu, Bakıya ilk səfərimdir və çox istəyirdim ki, əsas tədqiqat sahəmizlə əlaqəli dəyərli insanlarla görüşüm. Hal-hazırda Azərbaycanın dövlət universitetləri üçün bu iki ölkənin universitetləri arasında təcrübə mübadiləsi həyata keçirməyi nəzərdə tutan proqramımız var. Azərbaycanla güclü bir şəbəkə qurmaq, xüsusən də bu ölkədəki tələbələrə suyun keyfiyyəti və tədqiqatın bir çox digər tərəflərini öyrənmək imkanı vermək istəyirik".

Görüşdən sonra qonaqlara BAMF tərəfindən hazırlanmış və artıq BMT-nin Cenevrə və Braziliyada keçirilən Dünya Su Forumlarında nümayiş olunan işğal altında olan Qarabağ bölgəsindəki Sərsəng su anbarı haqqında qısa sənədli film təqdim edilib. Qonaqlar BAMF-da işğal altındakı Qarabağ bölgəsində erməni təcavüzünü və müharibənin ətraf mühitə vurduğu zərərləri əks etdirən foto və plakatlara da baxıblar.

1
 
1
 
1
 
1