R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsinin yekun tədbiri keçirilib.

EDnews xəbər verir ki, tədbirdə BAMF tərəfindən layihə çərçivəsində yenidən tərcümə olunaraq hazırlanan BMT-nin “Məşvərətçi status bələdçisi” haqqında məlumat verilib və iştirakçı təşkilatlara təqdim olunub. BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) QHT-lərin necə üzv ola biləcəklərindən bəhs edən məlumat broşurunda BMT-nin QHT bölməsinin rəhbəri Vuk-Jin Çanqın Azərbaycan QHT-lərinə ünvanladığı önsöz əksini tapıb. 

Tədbirin sonunda təlimləri uğurla başa vuran QHT nümayəndələri sertifikatla da təltif olunublar.

Qeyd edək ki, iki əsas istiqamət - BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsi və ECOSOC-da QHT-lərin məşvərətçi status əldə etmələri istiqamətlərində ümumilikdə 12 təlimin keçirildiyi layihədə 25 fərqli QHT-dən 30-dan çox nümayəndə iştirak edib. 

Azərbaycan Milli QHT Forumunun da tərəfdaşı olduğu layihə çərçivəsində seçilmiş QHT-lərin sözügedən statusu əldə etmələri üçün müraciət prosesində ECOSOC-da ən yüksək - Əsas məşvərətçi statusa sahib olan BAMF tərəfindən mütəmadi olaraq dəstək göstəriləcək.