R

Bakıda səfərdə olan Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən Ukrayna Mina Təmizləyənlər Assosiasiyasının (UMA) təmsilçiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət ediblər.

Görüşdə humanitar minatəmizləmə, mina təhlükəsi barədə maarifləndirmə, zərərçəkənlərə yardım və iki ölkənin təşkilatları arasında təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

BAMF-da keçirilən görüşdə Ukrayna tərəfini UMA-nın İdarə Heyətinin sədri Timur Pistryuxa təmsil edib.

Görüş zamanı Ukrayna tərəfinin nümayəndələri təşkilatın praktiki fəaliyyəti və təcrübəsi barədə məlumat verib, həmçinin Mine Risk Education və Explosive Ordnance Risk Education (EORE) istiqamətlərində müasir maarifləndirici və rəqəmsal həlləri təqdim ediblər.

Xüsusi diqqət uşaqlarla işə yönəldilib. Bildirilib ki, uşaqlara mina və digər partlayıcı sursatlarla qarşılaşdıqda təhlükəsiz davranış qaydalarını öyrətmək məqsədilə rəqəmsal maarifləndirici vasitələr hazırlanıb. Müasir oyun texnologiyalarından istifadə təlimlərin uşaqlar üçün daha əlçatan, anlaşılan və maraqlı olmasına imkan verir.

Tərəflər mina təhlükəsi barədə maarifləndirmə sahəsində inklüziv yanaşmaları da müzakirə ediblər.

Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən Ukrayna Mina Təmizləyənlər Assosiasiyasının (UMA) təmsilçiləri görmə və eşitmə məhdudiyyətləri olan insanlar üçün nəzərdə tutulmuş materialları, o cümlədən “Brayl” əlifbası ilə hazırlanmış vəsaitləri və surdotərcümədən istifadə edilən maarifləndirici təlimləri təqdim edib.

Görüşün ayrıca mövzularından biri iki ölkənin təşkilatları arasında praktiki təcrübə mübadiləsi olub.

Timur Pistryuxa peer-to-peer – “həmyaşıddan-həmyaşıda” konsepsiyası barədə məlumat verib. Bu yanaşmanın profil üzrə fəaliyyət göstərən təşkilatlar arasında birbaşa əməkdaşlığı, qarşılıqlı səfərləri, bilik və təcrübə mübadiləsini, eləcə də tərəfdaşların fəaliyyətinin bilavasitə yerində öyrənilməsini nəzərdə tutduğu bildirilib.

Onun sözlərinə görə, bu format yalnız uğurlu təcrübələrin mənimsənilməsinə deyil, həm də onların hər bir ölkənin konkret şəraitinə və ehtiyaclarına uyğunlaşdırılmasına imkan verir.

Ukrayna tərəfi Azərbaycanın humanitar minatəmizləmə, mina təhlükəsi barədə maarifləndirmə və minalardan, eləcə də digər partlayıcı sursatlardan təmizlənmiş ərazilərin bərpası sahəsində təcrübəsini öyrənməyə maraq göstərib.

Öz növbəsində, BAMF nümayəndələri mina təhlükəsinə qarşı mübarizə sahəsində beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb və ukraynalı tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.

Görüşün yekununda tərəflər gələcək əməkdaşlıq barədə razılığa gəlib və qarşılıqlı anlaşma haqqında memorandumun hazırlanaraq imzalanması barədə razılaşma əldə ediblər. Memorandumun təşkilatlar arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyacağı bildirilib. Sənəd çərçivəsində təcrübə və bilik mübadiləsi, birgə təşəbbüslərin həyata keçirilməsi, maarifləndirici tədbirlərin təşkili, humanitar minatəmizləmə və mina təhlükəsizliyi üzrə maarifləndirmə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda mina təhlükəsinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıqda və humanitar layihələrin həyata keçirilməsində fəal iştirak edir.

Ukrayna Mina Təmizləyənlər Assosiasiyası (UMA) mina təhlükəsinə qarşı fəaliyyət və humanitar minatəmizləmə sahəsində çalışan qeyri-hökumət təşkilatıdır. Assosiasiya ərazilərin mina və partlayıcı sursatlardan təmizlənməsi məqsədilə tədqiqat və təmizləmə işlərində iştirak edir, əhalinin mina təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsini həyata keçirir, Mine Risk Education və EORE proqramlarını reallaşdırır, həmçinin mina və digər partlayıcı sursatlardan zərər çəkmiş şəxslərə dəstək göstərir.

Təşkilatın fəaliyyətinin ayrıca istiqamətlərindən biri uşaqlar üçün, o cümlədən rəqəmsal və oyun texnologiyalarından istifadə etməklə maarifləndirici proqramların hazırlanması, eləcə də görmə və eşitmə məhdudiyyətləri olan insanlar üçün inklüziv materialların hazırlanmasıdır.

Assosiasiya həmçinin humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın və peşəkar təcrübə mübadiləsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.