4-cü Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı çərçivəsində Bakıda səfərdə olan “Sülhün kökləri” (Roots of Peace) təşkilatının idarə heyətinin üzvü, kolumbiyalı jurnalist və keçmiş müharibə müxbiri Adriana Aristizabal, eləcə də Kolumbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyo sentyabrın 3-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qonağı olublar.
Ziyarət zamanı “Sülhün kökləri” (Roots of Peace) kampaniyası çərçivəsində sülhün rəmzi sayılan ağ qızılgüllər BAMF-ın əməkdaşlarına təqdim olunub və onlara daşıdıqları humanitar missiya bir daha xatırladılıb. Qeyd edək ki, BAMF uzun illərdir bu beynəlxalq kampaniyanın fəal üzvüdür və layihə çərçivəsində dünya miqyasında bir sıra mötəbər təşkilatlarla əməkdaşlıq edir.
Məlum olduğu kimi, bu ilin martın 20-də Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyində də sülhün rəmzi olan ağ qızılgülün təntənəli əkilməsi mərasimi təşkil olunmuşdu. Həmin tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, “Roots of Peace” təşkilatının təsisçisi və 2023-cü il Dünya Ərzaq Mükafatının laureatı Haydi Kühn (Heidi Kühn), həmçinin Vaşinqtonda akkreditə olunmuş kənd təsərrüfatı attaşeləri iştirak etmişdilər.
Qeyd edək ki, BAMF uzun illərdir “Sülhün kökləri” kampaniyasının iştirakçısıdır. Müxtəlif ölkələrdən olan bir sıra beynəlxalq təşkilatlar da təşəbbüsə qoşularaq sülhün təşviqi, minalanmış ərazilərin bərpası və yerli icmaların yenidən normal həyata qayıtması istiqamətində fəaliyyət göstərirlər.
Ağ qızılgülün rəmzi mənası
Ağ qızılgül sadəcə bir çiçək deyil, özündə dərin mənalar daşıyan güclü bir rəmzdir. Qızılgülün tikanları həyatın çətinliklərini — dünyanın müxtəlif yerlərində icmaların üzləşdiyi münaqişələri, məşəqqətləri və maneələri simvolizə edir. Bununla belə, onun vəd etdiyi saflıq və ətir çətinliklərdən yenilənmənin doğa biləcəyini, minalardan və müharibələrdən yaralanmış torpaqlarda yenidən bərəkətli bağların çiçəklənəcəyini, parçalanmalardan isə sülhün yarana biləcəyini xatırladır. Torpağı qayğı və mərhəmətlə becərməklə sülhün gələcək nəsillər boyu çiçəklənməsi üçün möhkəm təməllər qoyulur.

