R

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə oktyabr ayının 10-da humanitar atəşkəs əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev müharibə başlayan zamandan zərər çəkmiş rayonlarda fəaliyyətini davam etdirir.

BAMF prezidenti hadisə yerindəcə öz fikirlərini açıqlayıb.

O, ilk öncə Ermənistanın atəşkəsə əməl etməyərək mülki əhaliyə qarşı hücumlarını dayandırmadığını bildirib.

“Atəşkəs rəsmi olaraq elan olunsa da silahlar susmadı. Ağdam, Ağcəbədi, Füzuli, Tərtər, Bərdə, Mingəçevir və Gəncəni gecə-gendüz atəşə tutublar. Üç  gün öncə Gəncəyə ballistik raket atıldı. Təxminən dağıdıcı gücü 450 metr radiusu əhatə edən “Elbrus” markalı ballistik raket ciddi şəhərə zərər yetirdi”.

BAMF-ın rəhbəri atəş altında olan rayonların əhalisinin əksəriyyətinin təhlükəli ərazilərdən çıxarıldığını söyləyib.

“Əsas zərbə endirilən yerlərin əhalisi digər rayonlara köçüb, misal üçün, Tərtər əhalisi böyük əksəriyyəti Bərdədə yerləşib. Onlar ictimai yerlərdə, mülki adamların evlərindədir, orada onlara yardım edirlər”.

Qeyd edək ki, bu ərazilərdə zərbələrdən qorunmaq üçün sığınacaqlar mövcuddur. Umud Mirzəyev bununla belə həmin bölgələrin yenə də təhlükəli olduğunu deyib.

“Həmin ərazilərdə sığınacaqlar var, amma təbii ki, orada yaşamaq da təhlükəlidir. İnsanların hətta orada qalması da təhlükəlidir, bundan əlavə, bütün günü sığınacaqda qalmaq da mümkün deyil axı, orda 3-5 saat yerləşmək olar amma sonra çıxmaq məcburiyyətindəsən”.

Umud Mirzəyev ordumuzun faəliyyətindən və mövcud olan böyük ruh yüksəkliyinə də toxunub.

“Ordumuz böyük ruh yüksəkliyinə malikdir və bütün istiqamətlərdə uğurlar əldə edib. Ermənistan beynəlxalq camiyəyə, güclü dövlətlərə yalvararaq atəşkəsə nail oldu. Bir tərəfdən isə bizim azad etdiyimiz yerləri geri qaytarmaq istəyirlər. Belə olduqda isə bizim ordumuz onlara çox layiqli cavab verir. İnanıram ki, Azərbaycan ordusu qətiyyətlə öz sözünü deyəcək, Azərbaycan əhalisi son qarış torpağının azad olunmasını istəyir”.

O, Ermənistanın dezinformasiya siyasətinə də diqqət yetirib.

“Əlbəttə bizi beynəlxalq camiyədə, media qurumlarında xüsusən də Rusiyada, Avropada yerləşən lobbi başqa cür təqdim etməyə çalışırlar. Biz torpaqlarımızı azad etməyə çalışırıq, amma bizi “aqressor” kimi göstərirlər. Təsəvvür edin, bizim evimizi erməni döyüşçüləri, separatçıları zəbt edib və bizi ordan çıxarıb. Bundan əlavə, münaqişə sadəcə Dağlıq Qarabağı əhatə etmir, onlar ətraf 7 rayona da iddia edərək Dağlıq Qarabağın ərazisi kimi göstərirlər”.

Mülki əhalinin zərər gördüyü ərazilərdə CNN, BBC, Reuters, Əl-Cəzirə kimi beynəlxalq media qurumları və Rusiya, Türkiyə, Ukraynadan media mənsublarının fəaliyyət göstərdiyini qeyd edən BAMF prezidenti Azərbaycanın informasiya müharibəsində irəlilədiyini vurğulayıb.

“Artıq Azərbaycan əvvəlki illərə nisbətən media təbliğatını daha yüksək səviyyədə qura bilir. Azərbaycan Prezidentinin beynəlxalq media qurumlarına verdiyi açıqlamalar da kifayət qədər əhəmiyyətlidir. Bu da Azərbaycanın haqlı mövqeyinin möhkəmlənməsinə böyük töhfə verir”.

Umud Mirzəyev beynəlxalq təşkilatların və bir sıra dövlətlərin mülki əhalinin öldürülməsinə səssiz qalmasına şikayətlənib.

“Təəsüf ki, burada 40-dan çox mülki insan həlak olsa da, beynəlxalq təşkilatlar gözə dəymir. Döyüş zonasından uzaqda yerləşməsinə baxmayaraq Gəncə, Mingəçevir və başqa rayonlara raket zərbələri endirilir. Ümumilikdə 200-ə yaxın insan yaralanıb. Lakin Beynəlxalq Amnestiya Təşkilatı Ermənistanın aqressiyasını dəstəkləyən bəyənatla çıxış edib. Bu da Azərbaycan vətəndaş cəmiyyətində təəssüf doğurur”.

Lakin eyni zamanda, Umud Mirzəyev bəzi beynəlxalq təşkilatlar və bir sıra qurumların Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və onların BMT qətnamələri əsasında  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ probleminin həll olunmasına  çağırış etdiklərini də qeyd edib.

Ülvi Əhmədli