R

Ermənistanın işğaldan azad edilmiş ərazilərdə basdırdığı minaların xəritəsinin Azərbaycana verməməsi ilə bağlı problem davam edir. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində bu məsələ ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF-ın prezidenti Umud Mirzəyev, Azərbaycan Minadan zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək“ İB-nin sədri Məmmədhəsən Həsənov iştirak ediblər.

Mətbuat konfransı iştirakçıları erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət ediblər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində toplaşan vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri bununla bağlı qəbul edilən bəyanata imza atıblar. BMT baş katibi, BMT İnsan Haqları üzrə Komissiyası, Avropa Şurası, Avropa Birliyi, Minaların Qadağan Olunması üzrə Kampaniya, BMT Mina Aksiyası Xidmətləri (UNMAS), Beynəlxalq Sülh Bürosu Baş katibi, Beynəlxalq Sülh Bürosu Prezidenti, ATƏT, Amnesty İnternational, Human Rights Watch, Freedom House, Asiya və Pasifik İqtisadi və Sosial Komissiyasında Enerji Bölümü, BMT Baş Assambleyası, AP Mina Qadağası Konvensiyasının İcrasına Dəstək Birliyi, Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi, UNİCEF Azərbaycan nümayəndəliyinin rəhbəri, BMT-nin rezident koordinatoru, UNİCEF Azərbaycan nümayəndəliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, BMT-nin Azərbaycandakı Nümayəndəliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Beynəlxalq Əlillik Şurası, Avropa İttifaqı Zoltan Szalai, UNİCEF Min Yuan, bir çox ölkələrin səfirliklərinə göndərilən bəyanatda beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş Azərbaycan ərazilərini 30 il müddətində kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə səssiz qalmamağa çağırılıb.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən beynəlxalq qurumlara göndərilən bəyanata reaksiyalar gəlməkdədir. Artıq bir çox qurumlar BAMF prezidenti Umud Mirzəyevə müraciət edərək, Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər. Onların arasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin İnsan Haqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü prof. Osman Əl Hacc, Avropalı ekspert, fiziki imkanları məhdud insanların beynəlxalq şurasının sədri Anna Laçovska da var. Onlar Ermənistan tərəfini qarşıdurmanı davam etdirməməyə, dinc insanların həlak olmasına səbəb olan minalanmış ərazilərin Azərbaycan tərəfinə təhvil verməyə çağırıblar.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas məsələ ilə bağlı məlumatlı olduğunu, Bakıya son səfəri zamanı ən yüksək səviyyəli görüşdə müzakirə edildiyini deyib. O, Avropa İttifaqının noyabr ayındakı atəşkəsdən sonra hərbi əməliyyatların dayandırılmasını alqışladığını, ancaq bunun yalnız ilk addım olduğunu bildirib. Davamlı sülh üçün əlavə addımlar atmağın lazım gəldiyini və humanitar baxımdan həlli gözləyən məsələlərin olduğunu qeyd edib. Minalanmış ərazilərin xəritələrinin verilməsi qarşılıqlı etimad baxımdan vacibliyini vurğulayıb. K.Yankauskasın sözlərinə görə, Aİ Piyada Əleyhinə minaların Qadağan Edilməsi haqqında Ottava  Konvensiyasının və onun tam həyata keçirilməsinin tərəfdarıdır.

O, Aİ-nin münaqişədən zərərçəkənlərin təcili ehtiyaclarını həll etmək üçün əhəmiyyətli humanitar dəstək verdiyini, reabilitasiya və etimad tədbirlərinin dəstəklənməsi yolu ilə davamlı və hərtərəfli nizamlanmanın formalaşmasına töhfə verməyə hazır olduğunu bildirib. Aİ bu kontekstdə minalardan təmizləməyə dəstək verməyi düşünür.

BMT-nin İnsan Haqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü prof. Osman Əl Hacc Cenevrədə QHT-lərin diqqətini bu problemə çəkəcəyini bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş Azərbaycan ərazisindəki mina problemi BMT-nin müvafiq qurumları və məhz minatəmizləmə xidməti tərəfindən həll edilir və BMT-nin Minatəmizləmə Xidməti tərəfindən təcili olaraq həll edilməlidir. O, bəyannaməni İnsan Haqları üzrə Ali Komissarlıqla və Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına catdıracağını deyib.

Avropalı ekspert, fiziki imkanları məhdud insanların beynəlxalq şurasının sədri Anna Laçovska bildirib ki, beynəlxalq hüquqa görə, münaqişələr bitdikdən sonra münaqişə tərəfləri təkcə hərbi əsirləri qaytarmalı deyil, eyni zamanda doğma yerlərinə qayıdan mülki əhali arasında ölüm sayını minimuma endirmək üçün minalanmış ərazilərin xəritələrini digər tərəfə təqdim etməlidir. Onun sözlərinə görə, Ermənistan tərəfi mülki əhali arasında itkiləri minimuma endirmək üçün həmin mina sahələrinin xəritələrini mübahisəsiz olaraq Azərbaycana verməlidir, bundan imtina etmək ağır müharibə cinayətidir: “Münaqişə bitib, şikayətlərin artıq yeri yoxdur, münaqişə termininin özü müasir dünyamızda mənasızdır. Artıq ermənilərin azərbaycanlıları düşmən görməyərək, dünyanı evimiz kimi görməyin vaxtı gəldi. O üzdən də, Ermənistan tərəfi insanların bu minaların qurbanı olmasına imkan verməməlidir”.

A. Laçovska QHT rəhbərlərinin bəyanatını tam dəstəklədiyini və ortaqları arasında geniş şəkildə yayacağını deyib: “Bunu etməklə hamını əmin edəcəyik ki, Ermənistan ona aid olmayan bir ərazidə, yəni Azərbaycana aid bir torpaqda mənasız müharibə aparır”.