R

Bu günlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Özbəkistanda səfərdə olub. Səfər çərçivəsində BAMF prezidenti Özbəkistanın media və vətəndaş cəmiyyəti təmsilçiləri, incəsənət xadimləri ilə görüşlər keçirib, Azərbaycan milli mətbəxinin təqdimatında iştirak edib.

BAMF prezidentinin Özbəkistana səfəri “İpək Yolu dürdanəsi” XIII Daşkənd Beynəlxalq Film Festivalının keçirildiyi günlərə təsadüf edib.

U. Mirzəyev səfər təəssüratlarını  bölüşüb:

“Biz festivalın açılış mərasiminə qatıldıq və bir sıra tədbirlərində də iştirak etdik. Səfər çərçivəsində Özbəkistanın media və vətəndaş cəmiyyəti təmsilçiləri ilə, sosial medianın ən fəal üzvləri ilə bir-birindən maraqlı görüşlərimiz oldu, BAMF ilə Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Vasitələri Universiteti, eləcə də Beynəlxalq Press-Klubu arasında əməkdaşlıq memorandumu imzalandı.

İştirakçısı olduğumuz müəyyən tədbirlərin, görüşlərin təşkilində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yaxından iştirak edirdi. BAMF-ın uzun illər ərzində Özbəkistanda qurduğu əlaqələri də buradakı görüşlər və müəyyən fəaliyyətlərin aparılmasında öz bəhrəsini verirdi”.

BAMF prezidenti qeyd edib ki, bu gün Özbəkistanın media sahəsində ən nüfuzlu qurumlarından olan Jurnalistika və Kütləvi Kommunikasiya Vasitələri Universiteti və Beynəlxalq Press-klubun sədri Şerzodxan Kudratxoca ilə görüş müstəsna əhəmiyyətə malik olub. Onun sözlərinə görə, Özbəkistanın Jurnalistlər Birliyi ilə də görüşlər keçirilib və əməkdaşlıq üçün ümumi razılığa gəlinib.

U. Mirzəyevin sözlərinə görə, nümayəndə heyəti kino sahəsində bir sıra tədbirlərə qatılıb və bu tədbirlər çərçivəsində müəyyən razılaşmalar əldə edilib.

“Festivaldan əvvəl özbək ədəbiyyatının klassiki, görkəmli şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadə haqqında lentə alınmış və Özbəkistanda sənədli filmlər arasında birinci yeri tutan, “İki xalqın iftixarı” sənədli filmi də nümayiş olunan filmlərin arasında idi. Qeyd edim ki, bu filmin çəkilişlərinə BAMF da öz töhfəsini verib və sənədli filmin bəzi hissələri Fondun bilavasitə yardımı ilə İçəri Şəhərdə və Pirallahı rayonunda dəniz sahilində kamera yaddaşına köçürülüb.

Biz “Özbəkkino” Milli Agentliyinin Baş direktorunun müavini, professor Şuxratullo Rizayevlə çox yaxşı müzakirələr keçirdik, kino xadimləri ilə görüşlərimiz oldu. BAMF üçün kino sahəsi yeni olsa da, müəyyən əməkdaşlıq imkanlarını nəzərdən keçirib əməkdaşlıq etmək qərarına gəldik”, deyə, o, bildirib.

U. Mirzəyevin sözlərinə görə, Azərbaycan kinofestivala böyük nümayəndə heyəti ilə qatılıb və fəal iştirakı ilə seçilib: “Nümayəndə heyətinin tərkibinə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" studiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və digərləri daxil idi”.

Umud Mirzəyev onu da qeyd edib ki, Azərbaycan nümayəndə heyəti festival çərçivəsində baş verən erməni təxribatının qarşısının alınmasının şahidi olub.

“Kinofestivala bədxah qonşularımız Fransa üzərindən dörd film təqdim etmişdilər. Bu filmlərin hər biri milli ədavəti qızışdırdığına görə, yayımlanması Özbəkistanın kino seçim komissiyası tərəfindən rədd olunmuş və geri qaytarılmışdı. Fransa Səfirliyi bu məsələ üçün komissiya üzvləriylə görüşərək öz etirazını bildirsə də Komissiya üzvləri kifayət qədər ciddi arqumentlər göstəriblər. Komissiyaya Özbəkistan kino xadimlərindən Batır Bazarbayev, Azamat İrqaşov, Dövlət Nadırov, Firuzə Nadırova kimi Özbəkistan ziyalıları daxil idi. Yeri gəlmişkən, mən onlara öz təşəkkürümü bildirmək istəyirəm.

Mən bu problemlə bağlı daha detallı məlumatlar almağa çalışdım. Çox təəssüf ki, ötəri olaraq yalnız Batır Bazarbayevlə görüşmək imkanım oldu. O, faktı inkar etmədi, amma Komissiyanın üzvü olduğu üçün detalların onun tərəfindən açılmasının etik olmadığını dilə gətirdi”, deyə, BAMF prezidenti vurğulayıb.