R

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının, ANAMA-nın dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhalinin müdafiəsi, yaşayış vasitələri və iqtisadi təhlükəsizliyi üçün bərpaya yardımının təminatı” layihəsinin icrasına başlanılıb. İlk olaraq layihə çərçivəsində Göygöl rayonunda təlimlərə start verilib.

ANAMA-nın Göygöl regional təlim bazasında start götürən təlimlər iki istiqamət - Qeyri-texniki sorğu (NTS) və Partlayıcı Sursatların Utilizasiyası (EOD) üzrə qurumun peşəkar təlimçiləri tərəfindən keçirilir.

Təlimin açılışında təlimə cəlb olunanları, BMTİP-in nümayəndələrini, ANAMA-nın təlimçilərini salamlayan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ilk olaraq bütün heyətə uğurlar arzulayıb. Daha sonra o, həyata keçirilən layihənin əhəmiyyətindən danışıb.

“Bu gün BAMF və BMT-nin İnkişaf Proqramı arasında imzalanan qrant layihəsinin icrasına başlayırıq. İnanıram ki, ANAMA-nın da dəstəyi ilə birgə həyata keçirdiyimiz bu layihə Azərbaycanda aparılan minatəmizləmə işlərinə dəstək göstərəcək və işğaldan azad olunan ərazilərə qayıdış prosesinin sürətlənməsinə töhvə verəcək”.  

 

Umud Mirzəyev həmçinin ANAMA-nın bu günədək gördüyü işlərdən də söz açıb.

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Azərbaycanda mina və partlayıcı sursatların təhlükəsizliyi üzrə ixtisaslaşmış bir qurum olaraq bu günədək minlərlə təlim həyata keçirib. Qeyd edim ki, BAMF 2000-ci ilin əvvəlindən Azərbaycanda BMT-in İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən Mina Təhlükəsizliyi ilə mübarizə proqramına qoşulmuşdur və Azərbaycan ərazilərinin müharibə qalıqlarından və minalardan təmizlənməsi prosesində ANAMA-nın əsas partnyorlarından biridir”.

Təlim zamanı, həmçinin BMTİP-in layihə üzrə Baş Texniki Məsləhətçisi Mark Busvel, Sorğular üzrə Məsləhətçi Don Makdonald və BMTİP-də İnformasiya Menecerinin Məsləhətçisi Xuan Andres Mussini təlim iştirakçılarını salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Məlumat üçün qeyd edək ki, 13 ay davam edəcək layihə çərçivəsində fəaliyyətlər 2 əsas istiqamət üzrə həyata keçiriləcək. Hər birində 3 tədqiqatçı olmaqla 3 qrupda ümumilikdə 9 nəfərlik Qeyri-texniki sorğu (NTS) komandası formalaşdırılıb. Digər əsas istiqamət olan Partlayıcı Sursatların Utilizasiya (EOD) üzrə isə qrup rəhbəri və qrup rəhbərinin müavini vəzifələri də daxil olmaqla ümumilikdə 6 nəfərlik heyət müəyyən olunub. Qeyri-texniki sorğu komandaları keçmiş təmas xətti boyunca və işğaldan azad edilmiş rayonlarda tədqiqat işlərini həyata keçirəcəkləri nəzərdə tutulur. EOD komandaları isə tədqiqat zamanı aşkarlanan və qeydə alınan çağırışlara uyğun mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsini təmin edəcək.

Qeyd edək ki, BAMF-la BMTİP arasında imzalanan qrant layihəsinin əsas məqsədi Azərbaycanda partlayıcı sursatlarla çirklənmənin xarakterini, dərəcəsini və təsirini daha yaxşı müəyyən etmək üçün sistematik qeyri-texniki tədqiqatın aparılması, düzgün hədəflənmiş və hərtərəfli minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi və aşkarlanan mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsidir.

1

1

1

1

1

1