Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində onlayn birgə görüş keçirilib.
Görüşdə BAMF-ın partnyorları və layihə çərçivəsində əməkdaşlıq etdiyi təşkilatlar, mina aksiyası üzrə ixtisaslaşmış ekspertlər, BMT-nin Cenevrə və İstanbul ofisindən nümayəndələr, ABŞ-dan və Avropanın digər ölkələrindən olan qonaqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BAMF prezidenti Umud Mirzəyev qlobal mina problemindən, dünya dövlətlərinin səylərindən və sözügedən layihənin əhəmiyyətindən danışıb:
“Mina problemi insanlığa qarşı yönəlmiş humanitar cinayətdir, qlobal problemdir. Bu gün Azərbaycanla yanaşı bu problemi yaşayan ölkələr arasında beynəlxalq səviyyədə əməkdaşlıqları inkişaf etdirmək istəyən hökümətlər var. Hansı ki, onlar bu problemin ciddiliyini daha çox diqqətə çatdırmaq üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci məqsəd kimi Mina təhlükəsinin əlavə olunması təşəbbüsü ilə çıxış edirlər. Biz də istəyirik ki, bu tip çağırışların və qərarların sayı artsın və təsir dairəsi genişlənsin. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev də öz çıxışlarında mina problemin bəşəri problem olduğu üçün beynəlxalq ictiamiyyəti səssiz, fəaliyyətsiz qalmamağa çağırır. Ötən il Bakıda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyevin də 18-ci SDG təşəbbüsünü dəstəkləməsi və üzv dövlətləri həmrəylik nümayiş etdirməyə səsləməsi bizi daha da qətiyyətli etdi. Bu günki görüş bizim ilk onlayn görüşümüzdür və inanıram ki, burada səslənən fikirlər bu təşəbbüsün dəstəklənməsi üçün çox faydalı və effektiv olacaqdır.”
Birgə koordinasiya görüşündə iştirak edənlər arasında “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri Heidi Kuhn, “Cenevrə Araşdırmalar Mərkəzinin” direktoru Ventslav Sabev, BMT-nin İnkişaf Proqramının regional İstanbul ofisinin Mina aksiyası üzrə konsultantı Qadim Tarik, Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisi Rövşən Hümbətov və digər önəmli şəxslər də təmsil olunublar.
Qeyd edək ki, layihə çərçivəsində 14-18 oktabr tarixlərində BMT-nin Cenevrə ofisində “Cenevrə Sülh Həftəsi”-də Paralel Sessiyanın keçirilməsi nəzərdə tutulub. Tədbir zamanı Azərbaycanın qarşılaşdığı mina problemi və mina qurbanları haqqında məlumat veriləcək və beynəlxalq səviyyədə DİM 18 təşəbbüsünün dəstəklənməsinə çağırış ediləcək.