Dünən Bakıdan 24 km məsafədə yerləşən Buzovna kəndindəki çimərliklərdən birini tullantılardan təmizləmək üçün doqquzuncu aksiya keçirilib. Burada təbiətə biganə qalmayan əksəriyyətini gənclərin təşkil etdiyi 300-dən çox könüllü iştirak edirdi.
Hər il çimərlik mövsümü başlanmazdan öncə sahilyanı ərazilərin təmizlənməsi üçün kampaniya keçirilir. Bu barədə Eurasia Diary xəbər verir.
Tədbirin əsas məqsədi təmizləmənin özü deyil, azərbaycanlıların ekologiya ilə bağlı problemlərə dair marifləndirilməsi idi.
Layihənin ideyasının əsas təşəbbüskarı "IDEA" İctimai Birliyi (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) idi. Təşkilat 2011-ci ildə dünyanın hər yerindən gəncləri birləşdirərək ətraf mühitin qorunması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə fəaliyyətə başlayıb.
Tədbirin təşkilatçıları qismində bu il də "Təmiz Şəhər" ASC, Gənclər Fondu və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi çıxış edirdi. Qeyd edək ki, tədbirin tərəfdaşı UNİCEF və BAMF-ın rəhbərliyi altında fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Gənclər Təşkilatı ATGTİ idi.
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) Azərbaycanda ümumi məşvərətçi statusuna malik yeganə təşkilat olan BAMF, BMT-nin dəyər və prinsiplərini bölüşür. Beləliklə, təşkilatın regionda Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə yönəlmiş fəaliyyəti aktiv şəkildə dəstəkləməsi vacibdir.
Aksiya Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş "Yaşıl Həftə" tədbirləri çərçivəsində keçirilib. "Qoy sahillər təmiz olsun" şüarı altında keçirilən tullantıların toplanması prosesi nəticəsində fəallar 5 tondan artıq tullantı toplayıblar.
Tədbirin iştirakçılarına öncədən təmizləmə üçün zəruri olan hər şeyi verdilər: günəşdən müdafiə papaqları, küləkdən qoruyan üzlüklü paltarlar, əlcəklər, zibil üçün torbalar. Qumun altından böyük ölçüdə olan tullantıları toplamaq üçün kiçik ekskavatorlardan istifadə olundu. Toplanan zibil çeşidlənməsi üçün Balaxanı kəndində yerləşən məişət tullantıları zavoduna göndərildi.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Əlaqələndiricisi Qulam İsakzai "Eurasia Diary”-ə bildirib ki, tədbirin əsas məqsədi azərbaycanlıların şəhərlər, şəhərətrafı ərazilər və çimərliklər daxil olmaqla ətraf mühitin qorunması barədə məlumatlandırılmasıdır.
O, bir ay əvvəl, BMT-nin balıqçılığa və bütövlükdə sualtı həyata böyük ekoloji zərər vuran plastik tullantıların təhlükələri haqqında əsas hesabatını açıqladığını xatırlatdı.
"Biz cəmiyyəti yaxşıya doğru dəyişmək və öz timsalımızda başqalarını ətraf mühitə qayğı göstərməyə ruhlandırmaq üçün burdayıq", deyə Qulam İsakzai bildirib.
BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı rəhbəri Edvard Karvardin burada 300-dən çox adamın hər birimizin ətraf mühitin mühafizəsinə necə asanlıqla töhfə verə biləcəyimizi nümayiş etdirmək üçün toplaşdığını söylədi.
"Özümüzdən başlamalıyıq! Hətta kiçik bir təşəbbüs dünyanı yaxşıya doğru dəyişməyə qadirdir!"
FAO-nun Azərbaycandakı nümayəndəsi Melek Çakmak xatırladıb ki, onların təşkilatı üzv ölkələrə davamlı qidalanmanın təmin edilməsinin ayrılmaz tərkib hissəsi olan balıqçılığın inkişaf etdirilməsində yardım edir. Buna görə də, onun sözlərinə görə, FAO üçün ekosistemin, o cümlədən su ehtiyatlarının qorunmasına yönələn fəaliyyət önəm daşıyır.
"Yəqin ki, torbalara və iplərə sarılmış və ya plastik tullantılara ilişib qalmış dəniz canlılarını əks etdirən çoxsaylı dəhşətli fotoları görmüsünüz. Bizim vəzifəmiz dünya okeanını qorumaqdır, beləcə gələcəyimizi qorumuş olacağıq".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev təbiəti qorumağın hər kəsin vəzifəsi olduğunu vurğulayıb.
"Təbiətimizin bütün nemətləri yalnız bizim deyil. Gələcək nəsillər barədə də düşünmək lazımdır. Bu aksiyanın köməkliyilə gənclərimizə nümunə göstəririk".
Umud Mirzəyevin sözlərinə görə, tədbir tərbiyəvi xarakter daşıyır.
BMT-nin Azərbaycandakı ofisinin İctimai İnformasiya Departamentinin nümayəndəsi Rəşad Hüseynov tədbirin təbiətə qayğı ideyasını çatdırmaq üçün Azərbaycan ictimaiyyətinə mesaj göndərməklə simvolik olduğunu vurğuladı.
"BMT Azərbaycanın ətraf mühitin qorunması sahəsində səylərini dəstəkləmək istədiyi üçün iştirak edir. BMT 2030-cu ilədək müddət üçün nəzərdə tutulmuş Davamlı İnkişaf Gündəliyini təsdiq etmiş 193 ölkəni əhatə edən bir platformadır. Beləliklə, BMT 13-i iqlim dəyişikliyinə həsr olunmuş Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini təmin etmək üçün çalışır".
Onun sözlərinə görə, bu tədbir vasitəsilə BMT Azərbaycanda DİM-nin həyata keçirilməsinə dəstəyini nümayiş etdirir.
Natalya Quliyeva