Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Kollegiyasında
QEYDİYYATDAN KEÇİB.
«08» avqust 2016-cı il
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Beynəlxalq Avrasiya Mətbuat Fondu (International Eurasia Press Fund bundan sonra – Fond) (bundan sonra - Fond) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa, qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq daimi əsaslarla yaradılan beynəlxalq qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının və xarici ölkələrin ərazisini əhatə edir.
1.2. Fond qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınan vaxtdan hüquqi şəxs statusu əldə edir. Fondun müstəqil balansı, banklarda hesabları, möhürü, ştampı və qlobus üzərində sülh rəmzi olan göyərçin şəkilində olan emblemi və sair rekvizitləri vardır.
1.3. Hüquqi ünvan: Fond Bakı şəhəri, Mehdi Huseyn küçəsi 1 A ünvanında yerləşir.
1.4. Fond 04 sentyabr 1992-ci il tarixdə 226 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
2.FONDUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. Fondun əsas fəaliyyət predmeti müharibələrin və münaqişələrin baş verdiyi regionlarda obyektiv informasiyanın toplanması və onun yayılması, regional münaqişələrin sülh yolu ilə tənzimlənməsi məqsədilə həmin regionun tarixi, siyasi və digər aspektlərini öyrənib, təhlil etməkdir.
2.2. Fondun elmi-tədqiqat fəaliyyəti mümkün silahlı qarşıdurmanın proqnozlaşdırılması və aradan qaldırılmasına yönəlik təbliğat aparmaq;
2.3. Dağlıq Qarabağda üçüncü qüvvələrin müdaxiləsi nəticəsində beynəlxalq hərbi qarşıdurmanın baş verməsi ilə yaranan real təhlükələrin aradan qaldırılması və Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə yardımçı olmaq;
2.4. Müstəqil jurnalistlərin, Fondun təəssübkeşlərinin, əməkdaşlarının, xalq diplomatlarının döyüş bölgələrinə, münaqişə zonalarına səfərlərini təşkil etmək;
2.5. Dünya kütləvi informasiya vasitələri ilə obyektiv informasiyanı yaymaq;
2.6. Hərbi əməliyyatlar gedən rayonlardan əldə edilən məlumatların operativ yayımlanması üçün öz məlumat agentliyini yaratmaq;
2.7. Müstəqil elmi-tədqiqat ekspertizalarının təşkil edilməsi və aparılmasında iştirak etmək;
2.8. Cəmiyyəti fasiləsiz olaraq dünyada baş vermiş hadisələr barəsində obyektiv informasiyalarla təmin etmək;
2.9. Söz və mətbuat azadlığının təmin olunmasına yönəlmiş tədbirlər təşkil etmək;
2.10. Müharibə və münaqişələrin yaratdığı problemlərin həllinə yönələn və davamlı inkişafa xidmət edən sosial-humanitar yönümlü layihələr həyata keçirmək.
2.11. Fond Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrinin seçkisində iştirak edə bilməz;
2.12. Məqsəd və vəzifələrinə uyğun olan və qanunvericilikdə qadağan olunmayan başqa fəaliyyət növlərini həyata keçirmək.
3. FONDUN HÜQUQLARI
3.1. Fond nizamnamə vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
• müqavilə və sazişlər bağlamaq;
• ölkə daxilində və onun hüdudlarından kənarda filial və nümayəndəliklər açmaq;
• müxtəlif təşkilatlara üzv olmaq, beynəlxalq təşkilatlarla əlaqələr saxlamaq;
• banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
• elmi müzakirələr, simpoziumlar, seminarlar, konfranslar və digər tədbirlər keçirmək;
• qanunvericiliyə uyğun olaraq mətbu nəşrlər təsis etmək;
• elmi-kütləvi ədəbiyyat, toplular, kitablar nəşr etmək;
• mükafatlar təsis etmək;
• qanunvericiliklə qadağan edilməyən və onun nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
• Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
4. FONDUN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
4.1. Fondun mülkiyyətində Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan istənilən əmlak ola bilər.
4.2. Fondun əmlakı aşağıdakı mənbələrdən əmələ gəlir:
- təsisçilərin qoyduqları vəsaitlərdən;
- könüllü verilən vəsait və ianələrdən, nizamnamədə nəzərdə tutulan fəaliyyət nəticəsində əldə edilən mədaxil;
- qrantlar;
- qanunla qadağan olunmamış digər mədaxil.
4.3. Fondun təsisçilərinin və digər şəxslərin fonda verdikləri əmlak və əmlak üzərindəki hüquqlar (icarə, əvəzsiz istifadə və s.) fonda məxsusdur.
Fond öz əmlakından yalnız Himayəçilik Şurasının razılığı əsasında və Fondun nizamnaməsində göstərilən məqsədlər üçün istifadə edə bilər.
4.4. Fond öz əmlakından istifadə haqqında hesabatları hər növbəti ilin dördüncü ayından gec olmayaraq mətbuatda dərc edir.
4.5. Fondun maliyyə vəsaitlərindən əməyin ödənilməsi, fəaliyyət predmetinə daxil olan işlərin görülməsi, habelə zəruri ehtiyacları üçün vəsait ayrılır.
4.6. Fondun birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin 31 dekabrınadək olan dövrü əhatə edir. Növbəti maliyyə illəri isə 1 yanvardan 31 dekabradək olan dövrü əhatə edir.
5. FONDUN TƏSİSÇİLƏRİ VƏ ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Fondun ilkin nizamnamə kapitalı 10.000 (on min) manat təşkil edir və təsisçilərin əmlakı hesabına formalaşır. Nizamnamə kapitalında təsisçilərin əmlak paylarının miqdarı aşağıdakı kimidir:
Mirzəyev Umud Rəhim oğlu 100 %
5.2. Gələcəkdə nizamnamə kapitalı artırıla və ya azaldıla bilər. Nizamnamə kapitalının dəyişməsi faktı Ədliyyə Nazirliyində qeydə alınmalıdır.
6. FONDUN İDARƏ OLUNMASI VƏ İDARƏETMƏ ORQANLARI
6.1. Fondun ali idarəetmə orqanı təsisçilər tərəfindən təşkil olunan Himayəçilik Şurasıdır. Himayəçilik Şurasının üzvləri Fondun təsisçiləri tərəfindən 5 (beş) il müddətinə seçilir Fondun Himayəçilik Şurasına yeni üzvlər yalnız şuranın bütün üzvlərinin razılığı ilə qəbul edilir.
6.2. Himayəçilik Şurası:
6.2.1. Fonda vəsaitlərin daxil olmasına nəzarət edir;
6.2.2. Fondun vəsaitlərinin xərclənməsinə nəzarət edir;
6.2.3. Fondun fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir;
6.2.4. Fondun proqramlarını təsdiq edir və onların həyata keçirilməsinə nəzarət edir;
6.2.5. Fondun Prezidentini seçir və vəzifədən geri çağırır;
6.2.6. Fondun Prezidentinin hesabatlarını qəbul edir;
6.2.7. Fondun auditorunu müəyyən edir və onun hesabatlarını qəbul edir;
6.2.8. Fondun idarə aparatının xərc smetasını təsdiq edir;
6.2.9. Fondun əmlakından istifadə edilməsi barədə dərc edilməli olan illik hesabatları təsdiq edir;
6.2.10. Fondun Baş mühasibinin təyin olunmasına və işdən çıxarılmasına razılıq verir;
6.2.11. Fondun proqramlarının direktorlarının və əlaqələndiricilərinin təyin olunmasına razılıq verir;
6.2.12. Fondun yanında məsləhətçi-ekspert şuralarının yaradılması və üzvlərinin təyin olunması barədə qərar verir;
6.2.13. Fondun filiallarının və nümayəndəliklərinin açılması barədə qərar verir, onların əsasnamələrini təsdiq edir;
6.2.14. Fondun təsərrüfat cəmiyyətlərinin təsis olunması və ya Fondun hər hansı təsərrüfat cəmiyyətində iştirakı barədə qərar verir;
6.2.15. Fondun mənafeyi, onun nizamnamə məqsədləri tələb edən hallarda Nizamnaməyə dəyişiklik və əlavələr edir;
6.2.16. Fondun yenidən təşkili və ləğv olunması barədə qərar verir.
6.3. Nizamnamənin 6.2.15. və 6.2.16-cı bəndlərində göstərilən məsələlər Fondun Himayəçilik Şurasının üzvlərinin 3/4-dən çoxunun razılığı ilə qəbul edilir. Qalan məsələlər üzrə qərarlar Fondun Himayəçilik Şurasının üzvlərinin yarıdan çoxunun razılığı ilə qəbul edilir.
6.4. Nizamnamənin 6.2.15. və 6.2.16-cı bəndlərində göstərilən məsələlər istisna olmaqla digər məsələlər üzrə qərarlar Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada qiyabi səsvermə qaydasında qəbul oluna bilər. Fondun Himayəçilik Şurası üzvlərindən biri həmin məsələ barədə qiyabi səsvermə keçirilməsinə etiraz etdikdə səsvermə əyani keçirilməlidir.
6.5. Fondun Himayəçilik Şurasının işi Fondun Prezidenti tərəfindən təşkil olunur. Fondun Himayəçilik Şurasının qərarları onun bütün üzvlərinə elan edilməlidir. Qərarlar Fondun Himayəçilik Şurasının sədri tərəfindən imzalanır.
6.6. Himayəçilik Şurasının iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.
6.7. Fondun prezidenti Fondun Himayəçilik Şurası tərəfindən 5 (beş) il müddətinə seçilir. Fondun Prezidenti təsisçi və ya digər üçüncü şəxs ola bilər.
6.8. Prezident Himayəçilik Şurasının iclaslararası dövründə, yaxud Şuranın müstəsna hallarda öz iclaslarını keçirməyə imkanları olmadıqda istənilən təcili tədbir görə bilər, lakin bu zaman Prezident Şuranın ilk iclaslarında bu tədbirlər barədə hesabat verməlidir.
6.9. Fondun Prezidenti aşağıdakı səlahiyyətləri həyata keçirir:
6.9.1. Fondun işlərinin idarə edilməsinə və Himayəçilik Şurasının qəbul etdiyi qərarların həyata keçirilməsinə ümumi rəhbərliyi təmin edir;
6.9.2. Himayəçilik Şurasının iclaslarını çağırmaq və sədrlik etmək;
6.9.3. Fondun fəaliyyəti ilə bağlı Himayəçilik Şurasına hesabat vermək;
6.9.4. Fondun orqanlarının işini əlaqələndirmək;
6.9.5. Həm milli, həm də beynəlxalq səviyyədə Fondu təmsil etmək;
6.9.6. Himayəçilik Şurası tərəfindən həvalə edilmiş istənilən digər funksiyanı həyata keçirmək;
6.9.7. Müntəzəm olaraq İcraçı direktorun hesabatını dinləmək və bu barədə müvafiq qərar qəbul etmək;
6.9.8. Himayəçilik Şurası ilə razılaşdırmaqla Fondun vəsaitləri üzərində sərəncam verir;
6.9.9. Fondun idarə aparatının işçilərini işə qəbul edir və işdən azad edir;
6.9.10. Fondun Baş mühasibi və Fondun proqramlarının direktorları və əlaqələndiriciləri vəzifəsinə namizədlər barədə Fondun Himayəçilik Şurasına təkliflər verir;
6.9.11. Fondun Himayəçilik Şurasının razılığını almaqla Fondun adından müqavilələr bağlayır;
6.9.12. Fondun proqramlarının, layihələrinin hazırlanmasını və ya hazırlanmış layihələrin ekspertizasını təşkil edir və hazır layihələri Fondun Himayəçilik Şurasının təsdiqinə verir;
6.9.13. Təsdiq olunmuş layihələrin həyata keçirilməsini təşkil edir;
6.9.14. Fondun vəsaitlərinin xərclənməsi barədə hesabatlar hazırlayır və Fondun Himayəçilik Şurasının təsdiqinə verir;
6.9.15. Fondun proqramlarının yerinə yetirilməsi vəziyyəti barədə Fondun Himayəçilik Şurasına onun müəyyən etdiyi qaydada və müddətlərdə vaxtaşırı hesabatlar verir.
6.10. Prezident müvəqqəti olmadığı hallarda onu prezidentin əmri ilə İcraçı direktor və yaxud Himayəçilik Şurasının üzvlərindən biri əvəz edə bilər.
6.11. Fondun İcraçı direktoru Prezident tərəfindən təyin və azad olunur.
6.12. İcraçı direktor aşağıdakı funksiyaları həyata keçirir:
6.12.1. Himayəçilik Şurasının qərarlarını və Fondun Prezidenti tərəfindən ona verilmiş tapşırıqları yerinə yetirir;
6.12.2. Fondun aparatını idarə edir və aparata həvalə edilmiş işin yerinə yetirilməsinə məsuliyyət daşıyır;
6.12.3. Fondun büdcəsini və maliyyə hesabatların tərtib edir;
6.12.4. Nizamnamə çərçivəsində Prezident tərəfindən ona həvalə edilmiş istənilən digər funksiyanı həyata keçirmək;
6.13. İcraçı direktor öz işi ilə bağlı mütəmadi olaraq Prezidenti dolğun məlumatlandırır.
7. FONDUN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ
7.1. Fond yalnız qanunda yol verilən hallarda və qaydada Fondun Himayəçilik Şurasının bütün üzvlərinin razılığı ilə yenidən təşkil (birləşmə, qoşulma, bölünmə və çevrilmə) oluna bilər.
7.2. Fond Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallarda məhkəmə tərəfindən ləğv edilir. Fondun ləğv edilməsi barədə Fondun özü tərəfindən məsələ qaldırmaq Fondun Himayəçilik Şurasına məxsusdur.
7.3. Fondun ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən həyata keçirilir.
7.4. Fondun ləğv edilməsindən sonra onun qalan əmlakı Fondun nizamnaməsində göstərilən məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.
7.5. Bu Nizamnamə ilə müəyyən edilməmiş digər məsələlər qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilir.
7.6. Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin tələbləri əsas götürülür.
