Hörmətli nümayəndələr, dəyərli həmkarlar əziz dostlarım,
Bu gün burada sizinlə olmaq mənim üçün böyük məmnuniyyət və şərəfdir. Xüsusilə, qlobal həmrəylik və əməkdaşlığın gücləndirilməsi sahəsində nümunəvi liderlik nümayiş etdirən Azərbaycana yenidən qayıtmaqdan məmnunam. Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və xalqı tərəfindən uğurla təşkil olunan COP29 konfransının şahidi olmaq mənə nəsib oldu. Bakı bu tədbirə dünyanın müxtəlif ölkələrindən 80,000-dən çox iştirakçını, o cümlədən təxminən 10,000 vətəndaş cəmiyyəti nümayəndəsini bir araya gətirdi ki, bu da COP tarixində qeyri-hökumət təşkilatlarının ən geniş təmsil olunduğu tədbirlərdən biri oldu. Bu qədər təsirli iştirak sayı Azərbaycanın inklüziv dialoqa və səmərəli çoxtərəfli əməkdaşlığa olan sadiqliyinin bariz göstəricisidir.
Məni xüsusilə təsirləndirən məqam COP29 zamanı Qlobal Cənub QHT Platformasının yaradılmasında Azərbaycanın göstərdiyi liderlik oldu; bu bizə irəliyə doğru cəsarətli və praktiki addım atmağı təklif etdi. Bəziləri deyir ki, beynəlxalq forumlar insanların sadəcə danışmaq üçün gəldiyi yerlərdir. Lakin mən inanıram ki, bu gün biz bura təkcə danışmaq üçün yox, eyni zamanda dinləmək, öyrənmək və ən əsası – birgə hərəkət etmək üçün toplaşmışıq.
BMT-nin Baş katibi Antoniyo Quttereş dəfələrlə Cənub-Cənub əməkdaşlığının dünyanın ən təcili problemlərinin həlli üçün mühüm bir mexanizm olduğunu vurğulamışdır. Bir-birinə bağlı böhranlarla – iqlim dəyişikliyi, bərabərsizlik, qida təhlükəsizliyi və münaqişələrlə – xarakterizə olunan bu dövrdə bizim ən böyük gücümüz birgə fəaliyyət, qarşılıqlı dəstək və ortaq innovasiyadadır.
Cənub-Cənub əməkdaşlığı təkcə nəzəri cəhətdən ideal deyil – bu, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün praktik və güclü bir vasitədir. Elm, texnologiya və təcrübə mübadiləsi yolu ilə inkişaf etməkdə olan ölkələr bir-birinin səylərini gücləndirə və daha inklüziv, dayanıqlı cəmiyyətlər qura bilərlər. Bu baxımdan, Qlobal Cənub QHT Platformasının təşəbbüsünü irəli sürməkdə və bugünkü forumun təşkilində Azərbaycanın liderliyini yüksək qiymətləndirirəm. Bütün bunlar vətəndaş cəmiyyətinin fəal iştirakı olmadan mümkün deyil.
Qeyri-hökumət təşkilatları, xüsusilə Qlobal Cənubdan olanlar, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində ortaq missiyamızda əsas faktorlardır. Onların icmalarla sıx əlaqələri, yerli reallıqları dərindən bilmələri və ictimai dəstəyi səfərbər etmək qabiliyyəti sizi əvəzolunmaz tərəfdaşlara çevirir. Lakin bir reallığı da qəbul etməliyik: Qlobal siyasətin formalaşmasında Qlobal Cənub QHT-lərinin kifayət qədər təmsil olunmaması problemi davam edir.
Hazırda BMT-yə üzv ölkələrin təxminən 70%-i Qlobal Cənub ölkələrindən ibarətdir. Bununla belə, ECOSOC-da məşvərətçi statusa malik QHT-lərin cəmi 40%-dən azı Qlobal Cənubda yerləşir. Bu qeyri-bərabərlik, Qlobal siyasətin formalaşmasında Qlobal Cənub baxışlarının daha geniş şəkildə daxil edilməsinin zəruriliyini bir daha göstərir. Bu balanssızlıq, qlobal problemlərdən birbaşa təsirlənənlərin səslərinin və təsir imkanlarının məhdudlaşdırılmasına səbəb olur.
İcazənizlə, BMT-də QHT-lərin iştirakında mövcud olan imkanlar və qeyri-bərabərlikləri əks etdirən bir neçə əsas məqamı qısaca sizinlə bölüşmək istərdim:
-
1945-ci ildə BMT-nin Təsisçiləri artıq qeyri-hökumət təşkilatlarının BMT-də iştirakını nəzərdə tutmuşdular. BMT Nizamnaməsinin 71-ci maddəsi ECOSOC-un QHT-lərlə məsləhətləşməsinə imkan verir. ECOSOC-un 1996/31 saylı Qətnaməsi isə bu prosesin necə həyata keçiriləcəyini müəyyən edir.
-
QHT-lər vacib funksiyaları yerinə yetirirlər: ictimaiyyətin maarifləndirilməsi, ekspert təhlili təqdim etmək, öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək və erkən xəbərdarlıq mexanizmi kimi çıxış etmək.
-
Məşvərətçi statusa sahib olan QHT-lər BMT iclaslarında iştirak edə, yazılı bəyanatlar təqdim edə, paralel tədbirlər təşkil edə və diplomatlar və BMT əməkdaşları ilə əlaqə qura bilərlər.
-
BMT yaradıldıqda cəmi 40 akkreditə olunmuş QHT var idi. Bu gün isə bu rəqəm 6,500-dən çoxdur.
-
Lakin bu təşkilatların yarıdan çoxu Qərbi Avropa və digər inkişaf etmiş regionlarda yerləşir. 6,500 QHT-dən yalnız 19%-i Afrikada, 17%-i Asiyada, 6%-i Latın Amerikası və Karib hövzəsində, və cəmi 3%-i Şərqi Avropa ölkələrində fəaliyyət göstərir.
-
Ən çox QHT-yə sahib olan 20 ölkə — yəni BMT üzv dövlətlərinin yalnız 10%-i — bütün akkreditə olunmuş QHT-lərin təxminən üçdə ikisini təşkil edir. Onların əksəriyyəti Qlobal Şimal ölkələrində yerləşir.
Qlobal Cənubun bir çox ölkəsində çox az sayda, bəzilərində isə ümumiyyətlə akkreditə olunmuş QHT yoxdur. Bu, ədalətli deyil. Bu, həm həmin ölkələr, həm də beynəlxalq ictimaiyyət üçün əldən verilmiş bir fürsətdir.
Hörmətli həmkarlar, Bu qeyri-bərabərliyi indi aradan qaldırmalı olduğumuzu xüsusilə vurğulamaq istəyirəm. Mən Qlobal Cənubdan olan daha çox QHT-ni ECOSOC-da məşvərətçi status üçün müraciət etməyə çağırıram. Biz sizə, siz bizə, və siz bir-birinizə lazımsınız. Bu proses əlçatandır və faydaları böyükdür – təkcə təşkilatların özləri üçün deyil, ümumilikdə qlobal idarəçilik sistemi üçün.
137 ölkədən 1,000-dən çox QHT nümayəndəsinin “Qlobal Cənuba Dəstək” bəyanatını imzalaması bu təşəbbüsün daha inklüziv, ədalətli və fəaliyyət yönümlü çoxtərəfli sistemə nail olmaq üçün ortaq iradəni əks etdirdiyini göstərir.
Hörmətli xanımlar və cənablar,
Zaman bizim xeyrimizə işləmir. 2030-cu ilə cəmi beş il qalır və Dayanıqlı İnkişaf Məqsədləri hələ də risk altındadır. Yaxşı xəbər odur ki, nə etməli olduğumuzu bilirik — və bilirik ki, birlikdə işlədikdə daha güclü oluruq. Gəlin, Qlobal Cənubun səslərinin təkcə eşidilməsinə deyil, daha da gücləndirilməsinə və nəticələr doğurmasına çalışaq. Gəlin, dəyişiklik üçün gözləməyək — dəyişiklik özümüz olaq – cəsarətimiz, birliyimiz və iradəmizlə.
Təşəkkürlər.