Oktyabrın 30-u “Libraff” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) keçmiş əməkdaşı, yazıçı, tədqiqatçı-müəllim Nik Nvolisanın “Mənim Qarabağa səfərim” adlı kitabının təqdimat və imza mərasimi keçirilib.
“TEAS Press” nəşriyyatı tərəfindən yüksək səviyyədə çap olunan Nik Nvolisanın bu xatirə kitabı onun Azərbaycanda sosial-humanitar və vətəndaş cəmiyyəti sahəsində fəaliyyəti zamanı BAMF-da qazandığı təcrübələri əks etdirir.
Parlament nümayəndələrinin, səfirlərin, ictimai xadimlərin, ali məktəb rəhbərlərinin, media və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi tədbirin moderatoru, Mətbuat Şurasının sədri və BAMF-ın Himayəçilik Şurasının üzvü Rəşad Məcid, açılış nitqi ilə çıxış edib.
İlk olaraq qonaqları salamlayan BAMF-ın prezidenti Umud Mirzəyev müəllif Nik Nvolisanın Azərbaycana və BAMF-a ilk gəlişindən danışıb. O, Nikin təşkilatda könüllülükdən proqram departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlməsini vurğulayaraq, kitabda Birinci Qarabağ müharibəsindən sonrakı onilliklər ərzində BAMF-ın sülh təşəbbüslərinin və humanitar fəaliyyətlərinin əks olunduğunu qeyd edib:
“Nik Nvolisan Xəzər Universitetində təhsil almaq üçün Azərbaycana gəldiyi vaxtdan bizimlə tanış olub və sonradan Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü kimi fəaliyyət göstərib. Onun Azərbaycana, Qarabağa və ölkəmizin digər bölgələrinə səfərləri uzun illər davam edib. Bu səfərlər Avropadan Amerikaya, Trinidad və Tobaqo, həmçinin Tayvana qədər uzanıb.
“Mənim Qarabağa səfərim” nəşri əslində Azərbaycanın təbliğinə xidmət edən bir kitabdır. Burada Azərbaycanın problemləri, Qarabağ mövzusu, həmçinin xalqımızın mübarizəsi və qələbəsi əks olunub. Nik Nvolisan əsəri miqrant gözü ilə yazıb ki, bu da kitabı unikal və maraqlı edir.
“Mənim Qarabağa səfərim” kitabı son bir ay ərzində xarici dildə ən çox satılan kitablar sırasındadır. Bu kitab həm Azərbaycanın keçmişini, həm də mübarizə və qələbə hekayəsini oxuculara çatdırır. Belə nəşrlərdən daha çox olmalıdır, çünki onlar ölkəmizi xarici oxuculara tanıtmaqla yanaşı, insanlara ilham verir və dəstək göstərir."
Ardınca, Nik Nvolisanın hazırda tədqiqatçı-müəllim kimi çalışdığı Azərbaycan Beynəlxalq Məktəbi TİSA-nın direktoru Angela Romney kitabın Azərbaycanın və Qarabağın tarixini əks etdirdiyini, həmçinin kitabda qeyd olunan hekayələrin ifadəliyi və canlılığını diqqətə çatdırıb.
Daha sonra Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin baş katibi və BAMF-ın Himayəçilik Şurasının sədri Çingiz Abdullayev, millət vəkilləri Səməd Seyidov, Fazil Mustafa, Ceyhun Məmmədov, Razi Nurullayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilir, əməkdar jurnalistlər Azər Həsrət və Elçin Alıoğlu çıxış ediblər.
Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, xarici dillərdə aparılan təbliğat nə qədər çox olsa, bir o qədər faydalıdır və həqiqətlərimizi dünyaya çatdırmaq vacibdir:
"Biz yerli yazıçıların kitablarının ingilis, rus, fransız və digər dillərə tərcümə edilməsini istəyirik. Tərcümə edilən dillərin sayı nə qədər çox olsa, həqiqətlərimiz bir o qədər geniş auditoriyaya çatacaq. Xaricdən gələn müəlliflərin yazdıqları kitablar da buna töhfə verir. Belə ki, insanlar Azərbaycanın gerçəkliyini daha yaxşı anlaya bilirlər. Belə layihələrin dəstəklənməsi vacibdir."
Ç. Abdullayev əlavə edib ki, hazırda alman və fransız dillərində də bir neçə kitab hazırlanır. Bu təşəbbüslər həm ölkəmizin tarixini qoruyur, həm də gələcək nəsillərə həqiqətləri çatdırır. Xocalıda və digər bölgələrdə baş verən insan itkiləri, Azərbaycan xalqının yaşadığı faciələr unudulmamalıdır. Son 35 ildə 35 min insan həyatını itirib. Bu rəqəmlər bizim yaddaşımızda qalacaq və biz həmişə həqiqəti çatdırmalıyıq.
Millət vəkili Səməd Seyidov isə “Mənim Qarabağa səfərim” kitabının Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq baxımından çox önəmli olduğunu vurğulayıb:
"Uzun illər boyu səsimizə, mədəniyyətimizə, haqqımıza qapılar bağlı idi. Amma indi Azərbaycan haqqında kitablar yazılır, filmlər çəkilir, qəhrəmanlarımızın hekayələri dünyada tanınır. Bu təsadüfi deyil, çünki Azərbaycan artıq beynəlxalq səviyyədə ədalət və sülh ideyalarının müdafiəçisinə çevrilib.
Ədalət hissi heç vaxt unudulmamalıdır, çünki ədalətsiz sülh mümkün deyil. Belə kitablar və tədbirlər bu həqiqəti dünyaya göstərmək üçün mühüm vasitədir", - deyə S. Seyidov əlavə edib.
Millət vəkili Fazil Mustafa çıxışında bildirib ki, müəllifin əsərinin ingilis dilində yazılması Azərbaycanın tanınmasına və ölkəmizi anlamağa böyük töhfə verir. Xarici müəlliflər Azərbaycanı öz baxış bucaqlarından tanıtdıqda, həmin mühitin insanları bunu daha rahat anlaya və həzm edə bilirlər.
O vurğulayıb ki, əsərlərin xarici dillərdə çap olunması həm də tarixi məlumatların daha geniş auditoriyaya çatdırılması baxımından vacibdir:
“Bəzi müəlliflər və düşüncə adamları hadisələrə daha tənqidi yanaşır və bu da faydalıdır. Xalq yalnız tarixi tənqidi vasitə kimi istifadə edərək kökləri keçmişdə görür. Biz də Nikin əsərində özümüzün görmədiyimiz boşluqları daha rahat görə bilərik. Başqasının bizi tanıdığını görmək bu baxımdan çox önəmlidir."
Fazil Mustafa qeyd edib ki, kitabların xarici ölkələrdə kitabxanalarda yerləşdirilməsi və elmi istinadlar üçün əlçatan olması mühüm şərtdir:
	“Kitabları yalnız şəxsi vitrinlərdə saxlamaq yetərli deyil - bunu dövlət siyasətinə çevirməliyik. Yazıçının, tədqiqatçının məsuliyyəti olmalıdır ki, əsər tərcümə olunsun və xarici kitabxanalara çatdırılsın. Bu iş böyük və vacib missiyadır."
	Deputat əlavə edib ki, belə təşəbbüslər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əvəzsiz əhəmiyyət kəsb edir:
“Əsərlərin ingilis dilinə və digər dillərə tərcüməsi, elmi istinadlar üçün əlçatan olması, tədqiqatçılar və mütəxəssislər üçün materialların istifadəsini asanlaşdırır."
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə çıxışında bildirib ki, hər yeni kitab bir hadisədir və oxuyana yeni həyat təcrübəsi bəxş edir. Bu gün təqdim olunan kitab Qarabağın tarixini, xalqımızın çəkdiyi əzabları və 2020-ci ildən sonra başlayan dirçəliş, “Böyük Qayıdış” hekayəsini əks etdirir.
O əlavə edib ki, xarici müəlliflərin yazdıqları belə əsərlər Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaq üçün böyük əhəmiyyət daşıyır. Belə nəşrlərin yayılması həm ölkəmizi, həm də xalqımızın tarixini və mədəniyyətini tanıtmaq baxımından vacibdir.
Qeyd edək ki, 20 ilə yaxındır Azərbaycanda yaşayan Nigeriya vətəndaşı Nik Nvolisan Xəzər Universiteti, Slavyan Universiteti və ADA Universiteti kimi nüfuzlu təhsil ocaqlarında təhsil almış, eləcə də burada ailə həyatı qurmuşdur. Azərbaycana gəldikdən sonra 2007-ci ildə əmək fəaliyyətinə BAMF-da könüllü kimi başlayan və sonradan təşkilatın Proqram Departamentinin rəhbəri vəzifəsinədək yüksələn Nik Nvolisanın bu kitabı onun ölkəmizdə sosial-humanitar və vətəndaş cəmiyyəti sahəsində göstərdiyi uzunmüddətli fəaliyyətinin, topladığı təcrübəsinin bədii və elmi inikasıdır.
Əsərin maraqlı və vacib cəhətlərindən biri də onun 21-ci əsrdə Azərbaycana köç etmiş bir miqrantın baxış bucağından yazılmasıdır ki, bu da bölgənin sosial və iqtisadi mənzərəsinə yeni və fərqli bir yanaşma gətirir.

 
                                                
                                             
                                                                            



