Bu gün Bakı Slavyan Universitetində (BSU) "Konstitusiya və Suverenlik ili" çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) keçmiş əməkdaşı, yazıçı, tədqiqatçı-müəllim Nik Nvolisanın "My trip to Karabaxh" (Mənim Qarabağa səfərim) adlı kitabının təqdimatı keçirilib.
EDnews xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev müəllif haqqında fikirlərini bölüşüb, kitabın ideya və məzmununa toxunub. O, bir əcnəbi vətəndaşın belə həssas və önəmli bir mövzuya toxunaraq, Qarabağa səfər təəssüratlarını qələmə almasını yüksək qiymətləndirib. Rektor qeyd edib ki, Azərbaycanın 30 illik mübarizə yolu və azad edilmiş ərazilərin bərpası kontekstində bu nəşr mühüm əhəmiyyət daşıyır. Tədbirin Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində keçirilməsinin isə simvolik mənası vurğulanıb. O, kitabın orta məktəblərdə dərs vəsaiti kimi tədris olunmasını da təklif edib.
BAMF-ın prezidenti Umud Mirzəyev isə çıxışında Nik Nvolisanın təşkilatla yollarının necə kəsişdiyini diqqətə çatdırıb: “Bizim təşkilat xarici tələbələrlə işləməyi prioritet sayır. Bakı Beynəlxalq Tələbələr Qrupunu yaratmış, üç dəfə onların beynəlxalq forumlarını keçirmişik. Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə isə Nikin çıxışı diqqətimi çəkdi. Onunla həmsöhbət olduq və beləcə Nik təşkilatda könüllü fəaliyyətə başladı”.
Umud Mirzəyev əlavə edib ki, Nik Nvolisa sonradan Slavyan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və daima Azərbaycanla bağlı həssas mövzularda öz mövqeyi ilə seçilib.
Tədbirdə çıxış edən kitabın müəllifi Nik Nvolisa isə “My trip to Karabakh” əsərinin yaranma səbəblərindən danışıb. O bildirib ki, xarici mətbuatda Qarabağ müharibəsi ilə bağlı yayılan bir çox məlumatların təhrif olunduğunu görüb və bu səbəbdən hadisələri öz gözü ilə görmək, yaşadıqlarını yazmaq qərarına gəlib. Müəllif qeyd edib ki, Qarabağda gördüyü dağıntılar, yerli əhalinin yaşadıqları acılar və eyni zamanda təbiətin simvolu kimi gördüyü lalə gülü onun üçün unudulmaz təsirlər yaradıb. O, bu kitabbın onun üçün həm həqiqətlərin çatdırılması, həm də Azərbaycanın bu bölgədə apardığı quruculuq işlərinin şahidi olduğunu əlavə edib.
Tədbir zamanı Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı kafedrasının professoru Telman Cəfərov, Universitetin pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev, fəlsəfə elmləri doktoru Əsgər Əhməd çıxış edərək, əsərin təkcə bədii və publisistik baxımdan deyil, həm də ideoloji və maarifləndirici dəyərindən bəhs ediblər. Onlar bildiriblər ki, Qarabağ həqiqətlərinin xarici müəllifin gözü ilə təsvir olunması, həm beynəlxalq auditoriyaya təsir baxımından, həm də obyektivliyin qorunması nöqteyi-nəzərindən mühüm addımdır. Həmçinin vurğulanıb ki, bu cür əsərlər təkcə tarixi yaddaşın qorunmasına deyil, həm də informasiya savaşında Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edir.
Tədbirin davamında BAMF-ın 33 illik fəaliyyəti dövrünü əks etdirən videoçarx nümayiş edilib.
Sonda müəllif və tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

