R

Oktyabrın 29-da Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Umud Mirzəyev Jurnalistika fakültəsinin müəllim-tələbə heyəti ilə görüş keçirib.

Tədbir Umud Mirzəyevin qurucusu və rəhbəri olduğu BAMF-ın fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb. Film BAMF-ın illər ərzində həyata keçirdiyi humanitar və media layihələrini, eləcə də onun beynəlxalq miqyasda qazandığı uğurları əks etdirib.

Daha sonra çıxış edən Umud Mirzəyev öz peşə fəaliyyətinin ilk illərindən bu günədək keçdiyi yoldan, eləcə də BAMF-ın formalaşma mərhələləri, əsas nailiyyətləri və həyata keçirilən sosial təşəbbüslərdən bəhs edib.

O, vətəndaş cəmiyyəti institutlarının cəmiyyətdə oynadığı mühüm rolu vurğulayaraq bu sahədə görülən işlərin əhəmiyyətinə diqqət çəkib.

Görüşdə BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli və Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da çıxış edərək Umud Mirzəyevlə bağlı xoş xatirələrini bölüşüb, onun media və ictimai sahədəki fəaliyyətini yüksək dəyərləndiriblər.

Görüş tələbələrin maraqlı sualları və fikir mübadiləsi ilə davam edib.

Sonda tələbə-müəllim heyəti ilə xatirə şəkli çəkilib.