R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) BMT-nin Cenevrə ofisindəki rəsmi nümayəndəsi Osman Əl-Həcc, mədəni hüquqlar üzrə xüsusi məruzəçi Kərimə Bennun ilə rəsmi görüş keçirib. Görüşdə o Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət barədə danışıb.

Osman Əl-Həcc, Dağlıq Qarabağ və ona bitişik 7 rayon da daxil olmaqla Azərbaycan torpaqlarının 20% -nin Ermənistan tərəfindən işğalından danışıb. O, Ermənistanın işğal olunmuş ərazilərdə mədəni və dini irsi məhv etməkdən çəkinmədiyini qeyd edərək yaranmış vəziyyətin nə qədər təhlükəli olduğunu izah edib.

BAMF nümayəndəsi, BMT-nin Xüsusi məruzəçisini problemin çox ciddi olduğu və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 1,2 milyon əhalisinin qaçqın və məcburi köçkün düşməsinə dünya birliyindən təcili diqqət tələb olunduğu barədə də məlumatlandırıb.Osman Əl-Həcc, BAMF-in BMT İnsan Hüquqları Şurasının 43-cü sessiyası çərçivəsində təqdim olunan və təşkilatın rəsmi saytında insan hüquqlarına dair sənədlər arasında dərc edilən yazılı bəyanatını təqdim edib. "Münaqişə zonalarında mədəni və dini irsin məhv edilməsi" başlıqlı bəyanatda Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış maddi, mədəni və dini obyektlər barədə məlumatlar yer alır. Bəyanat israrla İnsan Hüquqları Şurasını və hər bir dövləti ayrı-ayrılıqda müharibə zonalarında, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irs və əmlakların məhv edilməsi ilə bağlı yaranmış vəziyyətə diqqətlə yanaşmağa çağırır.