Mayın 22-də WUF13 çərçivəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) birgə təşkilatçılığı ilə “Təhlükəsiz yenidənqurma: şəhərlərin bərpasında mina təmizləmə fəaliyyətinin rolu” adlı panel müzakirəsi keçirilib.
“WUF13 Urban Expo”da yerləşən Azərbaycan pavilyonunda baş tutan tədbiri giriş sözü ilə Milli Məclisin deputatı Nigar Məmmədova açıb.
O, çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminin ciddiliyinə və bu problemin bərpa-quruculuq proseslərinə təsirinə diqqət çəkib.
QHGT-nin beynəlxalq əlaqələr və donorlarla iş üzrə assistenti Nailə Həbibzadənin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev, həmçinin ANAMA-nın Monitorinq və Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Elnur Qasımov çıxış ediblər.
BAMF-ın Proqram Departamentinin əməkdaşı Con Ayomide isə tədbirdə BAMF-ın mina təmizləmə sahəsində gördüyü işlərə dair təqdimatla çıxış edib.
Müzakirələr zamanı gənclərin post-böhran dövründə şəhərlərin bərpasındakı rolu, mina təmizləmə fəaliyyətinin təhlükəsiz yaşayış mühitinin yaradılması, mənzil fondunun və infrastrukturun bərpası, eləcə də icmaların təhlükəsiz qayıdışı baxımından əhəmiyyəti geniş şəkildə təhlil olunub.
Bildirilib ki, bu problemlər Qoşulmama Hərəkatına üzv bir çox ölkələr üçün də aktualdır. Həmin ölkələr mina çirklənməsi, məcburi köçkünlük və dağıdılmış infrastrukturun yaratdığı ciddi çətinliklərlə üz-üzədir. Azərbaycan isə Qoşulmama Hərəkatının fəal üzvü və dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biri kimi mina təhlükəsinin, xüsusilə azad edilmiş ərazilərdə yenidənqurma və humanitar fəaliyyətlər üçün əsas maneələrdən biri olduğunu dəfələrlə vurğulayıb.
Tədbirin sonunda spikerlər və iştirakçılar arasında interaktiv sual-cavab sessiyası keçirilib.
