R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə martın 17-də bir qrup litvalı jurnalist işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxildir.

Litvalı jurnalistlər Ağdamdakı “Cümə məscidi”ndə olublar. Rayonun  mərkəzində yerləşən bu tarixi-memarlıq abidəsi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilib. Bölgədə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri - Ağdam Cümə məscidi inşa edilib.

Litvalı jurnalistlər Ağdama səfər çərçivəsində “İmarət Qərvənd qəbiristanlığı məqbərə-kompleksi”ni ziyarət ediblər. Məqbərə-kompleksində Qarabağ xanı ailəsinin məzarları yerləşir. XVIII - XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsus başqa bir türbə də olub. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ağdam rayonu və həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra, məlum olub ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılıb, qəbiri təhqir olunub, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılıb. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc edib.

Litvalı jurnalistlər BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə Ağdam rayonunda ermənilər tərəfindən dağıdılıb, məhv edilmiş “Şəhidlər məzarlığı”nı ziyarət ediblər. Rayonun Uzundərə adlanan ərazisində yerləşən şəhidlikdə 1200-ə qədər şəhid məzar var. Ermənilər Azərbaycan şəhidlərinin məzarını yerlə-bir edib və daşlarını belə daşıyaraq, tam bir düzəngaha çeviriblər.

Litvalı jurnalist Riçardas Lapaitis Allahverdi Bağırovun məzarı başında Ağdamda gördükləri ilə bağlı acı təəssüratlarını ürəkağrısı ilə dilə gətirib:

"Təxminən 30 ildən sonra Allahverdi Bağırovun məzarı üstünə gəlmişəm. Sonuncu dəfə bu böyük sənaye və tarixi şəhərin işğalından az öncə - 1993-cü ilin iyul ayında burada olmuşam. O zaman gördüklərimlə indiki mənzərə müqayisəolunmazdır. Burada hər məzarın üzərinə Azərbaycan bayrağı asılmışdı, çoxlu güllər vardı. Bu məzarlıqda təkcə Yuxarı və Aşağı Qarabağda həlak olanlar deyil, Xocalılar da dəfn edilib. Bura dua etmək üçün gələndə ürəyim ağrımışdı. Burada atalar, analar, qardaşlar, bacılar, uşaqlar dəfn edilib”.

O, Allahverdi Bağırova Birinci Qarabağ müharibəsinin ən ağır döyüşlərindən biri olan “Naxçivanik döyüşü” zamanı rastlaşdığını deyir.

“O, burada litvalı jurnalistin olduğunu bilmirdi. Səhərisi gün gəlib mənə dedi ki, burada jurnalist olduğunu bilmirdim. Orada Gültəkin Əsgərova həlak olub. Çox sayda cavan əsgərlər şəhid olub. Mən də orda ölə bilərdim. Mənə dedi ki, səni burdan özüm çıxaracam. A. Bağırov asta-asta, tələsmədən irəliləyirdi. Onun kişiyə xas nadir duruşu vardı. Həyatında nə qədər həlak olmuş cavan əsgər görmüşdü. Biz asta-asta maşınla gedirdik. Fermanı keçdik. Birdən o, dayandı. Orada dar ağacı kəndir gördük. Kəndirdə qurumuş qan və saç qalmışdı. Nə demək istəyirəm. Nədir bu belə? Budur erməni sivilizasiyası? Ermənilər sülh deyəndə bunumu nəzərdə tutur? Onların həyat, müqəddəs yerlər barədə anlayışı budur? Hələ şəhər... Bu barədə heç danışılası deyil. Altını üstünə çeviriblər, şəhər məhv edilib”.

Umud Mirzəyev isə əvvəlki və indiki Ağdami müqayisə edir: “Siz o vaxt Ağdamda çox olmusunuz. Buranın necə bir gözəlliyə malik olduğunu görmüsünüz. Şəhərdə əminamanlıq idi, sülh içində yaşayan, qonaqpərvər insanlar vardı”.

Riçardas Lapaitis: “Ağdam haqqında məqaləmdə dəfələrlə yazmışam. Buradakı gözəl evlər bəlkə bizdəki kurort yerlərində vardı. Bunlar əsrlərlə ərsəyə gəlib. 90-cı illərdə Sovet dövründə bizdəki evlər sadə idi. Ancaq burada hətta dağıntılar içində də görmək olur ki, necə tağlar olub, hansı böyüklükdə binalar olub. Onların demək olar ki, hamısı tarixi binalar idi. Sadəcə ürəyim ağrıyır”.

U. Mirzəyev: “Bu XXI əsrin faciəsi, vandalizm və soyqırımıdır”. 

R. Lapaitis: “Bütün bu müddət ərzində maraqlanmışam, bəzi kadrlara baxmışam. Amma faciənin böyüklüyünü sona qədər təsəvvürümə gətirə bilmirdim. İndi tam mənzərə açılıb”.

U. Mirzəyev: “İmarət hansı vəziyyətdə idi? Orada inək saxlayıblar. Qəbir daşlarını nə günə qoyublar?”

R. Lapaitis: “Bütün dünyaya göstərməliyik. Qoy görsünlər qədim erməni sivilizasiyasını. Biz özümüzü aldada bilmərik. Hansısa dostluqdan danışmaq, birini deyib, o birini saxlamaq olmaz. Bunu bütün dünyaya qışqırmaq lazımdır. Və bunu siz yox, biz xarici jurnalistlər etməliyik. Çünki bu bəşəriyyət üçün vacibdir. Tarixdə harada belə bir şey görünüb? İstənilən müharibə aparılanda qəbiristanlığa, müqəddəs yerlərə, məscidə toxunulmayıb...”

U. Mirzəyev: “Onlar hər bir qəbiri qazıb çıxarıblar. Bu dəhşətdir”.

R. Lapaitis: “Mən təkcə Allahverdi Bağırovun önündə baş əymirəm. Burada günahsız insanlar yatır. Hamının üzərində baş əyirəm. İnanıram ki, insanlar öz yaxınlarını burada güclə tapıblar. Üstəlik, hər tərəf minalanıb. İnsanlar həyatı ilə risk edir. Məzarlar əvəzinə çökəklilər qalıb. Xəstədirlər bunlar? Mən artıq söz söyləməkdən özümü güclə saxlayıram. Çalışıram obyektiv olam”.

U. Mirzəyev: “Siz müstəqil jurnalist kimi burada təsadüfən düşmüşdünüz. Həm də Ermənistandan gəlmişdiniz. Amma bu məzarlıqda yatan çoxları ilə tanış oldunuz, təkcə Allahverdi Bağırovla yox. Təkcə Ağdam deyil, 7 rayonun hamısında  bu vandalizm var. Hər yerdə, hər şeyi siliblər yer üzündən. Dəhşətli səhifədir”.

R. Lapaitis: “30 il ərzində işğalda saxlamaq və bu günə qoymaq. Ağdama kimi neçə kilometr gəldik, hər yerdə istehkam qurulub. Onlar nə barədə düşünüblər? Müharibə barədə, yəni qətlllər barədə!”

U. Mirzəyev: “Yaxşı bir söz dediniz. Onlar bilirdilər ki, biz nə vaxtsa bura qayıdacağıq. Ona görə dağıdıblar. Hətta buranı tərk edəndə özləri üçün tikdiklərini də yandırıblar”.

R. Lapaitis: “Qorxunc mənzərədir. Hamının qarşısında baş əyirəm, Allahverdi Bağırovun önündə baş əyirəm”.

U. Mirzəyev: “Mən sizə və sizinlə bu səfərdə olan Arunasa, Mantasa da təşəkkür edirəm. Ümid edirəm ki, bu səfərdən sonra sizin çox sayda soydaşlarınız burada baş verənlərdən xəbər tutacaq. Danışmaq, oxumaq başqa bir şeydir, görmək isə tam başqa”

R. Lapaitis: “Hər bir məzar müqəddəsdir. Onlar kiçik hissələrə parçalanıb. İnsanlar onu toplayıb. Məzar daşını çıxarıblar ki, orada donuz saxlasınlar. Biz bütün bunları çəkmişik. Heç kim bizi qeyri obyektivlikdə ittiham edə bilməz.

Bu şəhər hamımız üçün doğma şəhərdir. Biz hər şeyi olduğu kimi göstəririk. Xocalıdan sonra azərbaycanlı analar Ağdam məscidi yanında mənə dedilər ki, oğul, vətəninə get və buradakı həqiqətləri onlara danış. Səndən heç nə yox, ancaq həqiqəti, azacıq həqiqəti danışmağını istəyirik. Görün biz burada nə gördük...”

U. Mirzəyev: “Siz bu dəhşətli faciəni görmüsünüz və buradan insanlar möcüzə nəticəsində xilas olublar. Sənin gözlərin önündə nə qədər adam basdırıblar. Biz bunu bilirik”.

R. Lapaitis: “Sağ olun. Biz artıq uzun illərdir ki, birlikdəyik. Bu, səfər ağır yolçuluq idi. Sayənizdə çox şeyi öyrənə, görə bilirik”.

Qonaqlar Ağdamda “Çörək muzeyi”ndə olub. Bu, çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzeydir. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat var idi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi.

Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşüb. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv edib. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmayıb və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olub.