R
Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlim proqramının 3-cü günü start götürüb.
 
Seminar silsiləsinin üçüncü gününə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəhbərliyi də qatılıb. ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov mina təhlükəsinə dair çıxış edib. ANAMA-nın maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov və ANAMA-nın əməkdaşı Ceyhun Quliyev minalarla bağlı məlumatlandırıcı çıxışlar ediblər.

Beynəlxalq təlimçi Bevan David Ris təlim proqramının iştirakçılarını mövzu ətrafında təqdim ediləcək mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edərək, eyni zamanda onları müzakirələrdə fəal olmağa çağırıb.

Seminar qaydaları ilə tanışlıqdan sonra təlim proqramına start verilib və “Minalar və əldə hazırlanmış partlayıcı qurğular haqqında məlumat, Yara və qanaxmanın idarə olunması və Səyahət təhlükəsizliyi” mövzusunda mühazirə dinlənilib.  
 
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti 3 gündür Bakıdadır. Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc rəhbərlik edir. Səfər çərcivəsində Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən bir qrup Azərbaycan media mənsublarına Konflikt Jurnalistikası ilə bağlı təlimlər keçmək, işgaldan azad olunmuş rayonlara səfər etmək, eləcə də ölkəmiz haqqında müxtəlif mövzularda reportajların hazırlanması nəzərdə tutulur. 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək təlim proqramında müxtəlif media subyektlərindən 20 nümayəndə iştirak edir.