R

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində postkonflikt ərazilərin bərpası elmi mərkəzinin rəhbəri, akademik Akif Musayev və Azərbaycan İnformasiya və Cəmiyyət İctimai Birliyinin rəhbəri Əlövsət Qaraca Əliyev Füzuli rayonunda olublar.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Füzuli səfəri ilə bağlı təəsuratlarını və səfərləri zamanı lentə aldıqları video, eləcə də fotoları bizimlə bölüşüb.

“Bu gün işğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər hər addımda nəzərə çarpır. Viran edilən şəhər və kəndlərimiz, dağıdılaraq təhqir edilən məscidlərimiz, Yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər vəhşi olduğunu göstərir. İşğalçı Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi mirasları viran qoymaqla, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güdüb. İstər 30 illik işğal dönəmində, istərsə də torpaqlarımız işğaldan azad olunandan sonra Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq bu torpaqların mənsubiyyətini və erməni vandallığını dünyaya çatdırmaq üçün bir təşkilat olaraq əlimizdən gələni əsirgəmədik. Biz bunu borcumuz bilmişik və bilirik. İllər öncə Qarabağ bizim tarixi məsuliyyətimizə çevrildi. Füzuli də daxil olmaqla bütün Qarabağ cənnətə dönəcək. Biz səfər zamanı gördüklərimiz, bildiklərimiz və planlarımızı video lentə də aldıq. Diqqətlə izləsəz Qarabağın, Füzulinin ümidli gələcəyinə nə qədər inandığımızın və bu işdə xalqımızın iradəsinə, Dövlətimizə, Prezidentimizə nə qədər güvəndiyimizi biləcəksiniz”.