R

Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi Bərdə rayonunda davam edir.

EDNews.net xəbər verir ki, dekabrın 4-də Bərdə Rayon İcra Hakimiyyətinin binasında PSTM layihəsinin növbəti təlimi keçirilib. Təlimatçı Musa Cəlalov proqram haqqında ətraflı məlumat verib, bu layihədə BAMF-ın fəaliyyətindən söz açıb.

Təlimdə mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların Böyük qayıdış zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olduqları barədə vacib məlumatlar çatdırılıb və iştirakçıların sualları cavablandırılıb. Tədbir iştirakçılarına qaydalara düzgün əməl edərək minalanmış ərazilərdən özlərini qorumaq və təlim zamanı öyrəndikləri məlumatları digər insanlarla paylaşaraq onlarında məlumatlanmasına kömək etmək tapşırılıb.

Təlimin sonunda ANAMA yanında İctimai Şuranın üzvləri iştirakçılarla görüşüblər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, İctimai Şuranın sədri Umud Mirzəyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb.

Təlimdə BAMF-ın layihə koordinatoru Xudaverdi Quliyev, regional koordinatorları Fariz Vəliyev, Vüqar Yusifli və Vidadi Məmmədzadə iştirak ediblər.

Sonda xatirə şəkli çəkilib.