R
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Portuqaliyanın Beynəlxalq Mədəniyyətlərarası Assosiasiyası əməkdaşlıq haqqında memorandum imzalayıb.
 
Assosiasiyanın prezidenti Aleksandro Kountinyo və BAMF prezidenti Umud Mirzəyev müxtəlif fəaliyyət sahələrində əməkdaşlığın qurulmasının perspektivlərini müzakirə ediblər.
 
Müzakirələr zamanı cəmiyyətin inkişafına, gənclərin, qaçqın və məcburi köçkünlərin nümayəndələrinə dəstək məqsədilə beynəlxalq humanitar, sosial və təhsil layihələrində tərəfdaşlığın müzakirəsinə xüsusi diqqət yetirilmişdir.
 
Tərəflər həmçinin, mübadilə proqramları çərçivəsində təhsilin inkişafı və hər iki ölkənin tələbələri üçün daha geniş imkanların təmin edilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 
İmzalanma mərasimində gənclərlə iş üzrə mütəxəssis və layihə meneceri Vitor Mendez, tikinti məsələləri və ətraf mühit üzrə mütəxəssis Pedro Pinto da iştirak edib.
 
Görüşün sonunda Umud Mirzəyev qonaqlara Qarabağ atlarını simvolizə edən xüsusi hədiyyə təqdim edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq ictimaiyyətdə konfliktin həlli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə mane olan ikili standartların mövcudluğu barədə danışıb.