Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizdə səfərdə olan Haydi Kün BAMF-ın baş ofisinin qonağı olub. Görüşdə təşkilatın prezidenti Umud Mirzəyev, Müşahidə Şurasının sədri Akif Musayev, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Samir Poladov və BAMF-ın əməkdaşları iştirak ediblər.
Tədbirdə Umud Mirzəyev Haydi Künə BAMF-ın tarixi, son 30 ildə həyata keçirdiyi layihələr və gördüyü işlər haqqında məlumat verib. Söhbət zamanı o, Azərbaycanın mina probleminin həlli istiqamətində “Sülhün Kökləri” təşkilatı ilə rəsmi əməkdaşlığın gələcək perspektivindən də söz açıb.
Daha sonra ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov BAMF ilə təmsil etdiyi qurumun uğurlu tərəfdaşlığından danışıb. Mina probleminin hazırda Azərbaycan dövləti üçün xüsusi prioritet təşkil etdiyini və bu istiqamətdə fasiləsiz işlərin görüldüyünü söyləyib. Söhbət zamanı İlkin təəssüratlarını bölüşən Haydi Kün, səmimi və isti qarşılanmaya görə, öz təşəkkürünü bildirib və Azərbaycanı kəşf etmək üçün səbirsizləndiyini vurğulayıb. Azərbaycanda mina ilə çirkləndirilmiş ərazilərin təmizlənməsində görülməsi planlaşdırılan işlərdən, təmizlənmiş sahələrdə üzümlüklərin salınması ilə bağlı planlar haqqında da müzakirələr gedib.