R
Dünya şöhrətli ictimai xadim Haydi Künün ölkəmizdə səfəri davam edir. “Sülhün Kökləri” təşkilatının qurucusu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və ANAMA-nın dəstəyi ilə Azərbaycandadır.
 
Beynəlxalq aləmdə, həm də Əfqanıstanda 6 il ərzində kənd təsərrüfatı məhsullarının ixracının 250 milyon dollardan 1,4 milyard dollara yüksəlməsinə səbəb olan xanım kimi məşhur Haydi, Azərbaycanın üzümçülük şəhərlərindən olan, şərabçılıq ənənələrini tarix boyu yaşadan Şamaxı rayonuna gedib.
 
Haydi Kün Meysəri kəndində üzümçülük və şərabçılıq kompleksi ilə yaxından tanış olub. Ziyarət zamanı qonağı müşaiyət edən, Şamaxı Rayon İcra başçısı Tahir Məmmədov, BAMF-ın prezidenti Umud Mirzəyev, ANAMA-nın İdarə Heyətinin sədrinin müavini Samir Poladov ilə şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə geniş müzakirələr aparılıb.
 
Səfərin sonunda qonaqlar Haydi Künün də iştirakı ilə simvolik olaraq üzüm tənəyi əkərək dünyaya bir sülh mesajı ötürüblər.
 
Qeyd edək ki, Haydı Kün martın 5-dək Azərbaycanda səfərdə olacaq. Səfər zamanı o dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, mina qurbanları, KİV və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcək.