Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Avrasiya Press nəşriyyatında çap olunan “Həqiqətlə üzbəüz” (mərhəmət marşrutu) kitabının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin I Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının maliyyələşdirdiyi “Qaçqın, köçkün probleminə yeni yanaşma” layihəsi çərçivəsində nəşr edilən bu topluda Füzuli, Ağdam, Tərtər və Goranboy rayonlarında məcburi köçkün və qaçqınların yaşam tərzi, qayğı və problemləri ilə tanış olan Almaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Pakistan, İraq, Misir, Banqladeş və Nigeriyadan olan tələbələrin təəssüratları yer alıb.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) sədri, layihənin rəhbəri Aysəba Mirzəyeva səfərin əsas məqsədindən danışıb: “Azərbaycanın qədim Qarabağ yurduna 4 günlük səfərin təşkilatçısı Bakı Beynəlxalq Tələbə Klubu 2007-ci ildə rəsmi qeydiyyatdan keçən müstəqil qeyri-hökumət gənclər təşkilatıdır. Təşkilatımız ölkələrarası mədəni və mənəvi dəyərlərin inteqrasiyası, ölkənin sosial-iqtisadi inkişafı haqqında real və dolğun informasiyaların Azərbaycanda təhsil alan xarici tələbə-gənclərə çatdırılması, qloballaşan dünyada terrora qarşı mübarizə, sülhün və əmin-amanlığın qorunması üçün tələbələrin beynəlxalq həmrəyliyinə nail olunması istiqamətində müxtəlif layihələr həyata keçirir. 2008-ci ildə həyata keçirdiyimiz layihə çərçivəsində 25 gəncin, o cümlədən 17 xarici tələbənin Qarabağa və sərhəd bölgələrinə səfərlərini təşkil etdik, əcnəbi gənclərin qaçqın və köçkünlərimizin həyat tərzləri ilə tanışlığına imkan yaratdıq”.
Beynəlxalq Avrasiya Mətbuat fondunun sədri Umud Rəhimoğlu layihənin əhəmiyyətini yüksək qiymətləndirib: “Azərbaycanda təhsil alan xarici tələbələrə, onların vasitəsi ilə bütün dünyaya Qarabağ probleminin mahiyyətini və problemin yaratdığı fəsadları olduğu kimi çatdırmaqda bu layihə çərçivəsində nəşr edilən kitabın əhəmiyyəti böyükdür”.
Sonra BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabir, Bakı Slavyan Universitetinin tələbəsi, kitabda yazısı yer alan Nik Nvolisa, Avrasiya Press nəşriyyatının rəhbəri Rəhilə Gülgün çıxış edərək layihənin əhəmiyyətindən danışdılar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tədbirə qatılan nümayəndəsi Etibar Kərimov da layihənin əhəmiyyətindən və icrasından söz açıb. O, layihənin işçi heyətinə və əcnəbi tələbələrə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Qarabağa səfərdən sonra nəfis tərtibatla hazırlanan “Həqiqətlə üzbəüz” toplusunun tərtibçiləri Rəhilə Gülgün və Laura Cəbrayıllı, materialları ingiliscədən çevirən Nəzakət Ağayevadır.
Bakı Beynəlxalq Tələbə Klubunun
informasiya departamenti