R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə martın 14-də bir qrup litvalı jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxildir.

Litvalı jurnalistlər BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə Tərtər rayonuna səfər çərçivəsində İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında, dağıdılmış, talan olunmuş, eyni zamanda bərpa edilmiş binalar haqqında məlumat verib. Onlar Vətən müharibəsində ziyan dəymiş infrastrukturu əyani əks etdirən foto şəkil və stendərlə tanış olublar.

Sonra jurnalistlər  işğaldan azad olunmuş Suqovuşan və Çaylı kəndlərinə gediblər. Suqovuşan kəndində infrastrukturun bərpası üzrə aparılan təmizləmə işləri ilə tanış olublar.  

                       Çaylı kəndi
 
     Suqovuşan kəndi və Suqovuşan su anbarı
Litvalı jurnalistlər BAMF heyətinin nümayəndələrinin müşayiəti ilə Suqovuşanda minalarla çirklənmiş ərazilərlə və minatəmizləmə əməliyyatları ilə tanış olublar. Suqovuşan gölü ətrafında yerli əhalinin nümayəndələri ilə görüşlər keçirilib.
                     Şıxarx qəsəbəsi
Tərtər şəhərində mərmilərdən ciddi ziyan görmüş çoxillik çinar ağacı erməni vəhşiliyinin şahididir

Bundan sonra litvalı jurnalistlər Tərtərdə “Marağa 150” abidəsini ziyarət ediblər. Onlara ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı məlumatlar verilib.

Şıxarx qəsəbəsi, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilən “Marağa 150” abidəsinin önündə

Qapanlı kəndində Riçardas Lapaitis kənd sakini Sevda Quliyevaya Azərbaycan əsilli Kanada vətəndaşının göndərdiyi kompüteri təqdim edib.

Daha sonra qonaqlar Tərtərdə BAMF-ın Regional ofisi ilə tanış olublar.

Tərtər Regional Peşə Təlimi Mərkəzi

Jurnalistlər erməni əsirliyində olan ayrı-ayrı şəxslərdən müsahibələr alıb, əsirlik həyatı yaşayan insanların hekayələrini dinləyiblər. Uzun müddət erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevdən müsahibə götürülüb. Marquşavanda məktəblilərlə görüş keçirilib. Müharibə faciəsini görmüş Ayşanə adlı xanımla söhbət olub.

Qeyd edək ki, Litvalı qonaqlar BAMF-ın təşkil etdiyi səfər zamanı Tərtərdən sonra Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında da olacaqlar. Onlara məcburi köçkünlərlə görüşmək, Ermənistan ordusunun basdırdığı minaların tapılaraq zərərsizləşdirilməsi prosesini bilavasitə müşahidə etmək imkanı yaradılacaq. Bundan başqa, jurnalistlər dağıdılmış kəndləri, tarixi abidələri, o cümlədən Ağdamdakı “İmarət” tarixi abidəsini, dağıdılmış Şəhidlər Xiyabanını və məzarlıqları, Şahbulaq qalasına ziyarət edəcəklər.