R
zərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlim proqramının 4-cü günü start götürüb.
 
Seminar silsiləsinin dördüncü günündə açıq havada praktiki təlimlər baş tutub. 
 
Qrup halında keçirilən təlimlərdə qarşı tərəfdən kiçikçaplı və iriçaplı silahlardan açılan atəşdən qorunma, yaralıya ilkin tibbi yardım və digər praktiki məşqlər keçirilib. 
 
Həmçinin beynəlxalq təlimçi Bevan David Risin rəhbərliyində “Bədəndə yanıqlar və ümumi yanğın təhlükələri” və "Qaçırılmaz xüsusi risklər" barədə nəzəri təlim keçirilib.
 
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti dörd gündür Bakıdadır. Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc rəhbərlik edir. Səfər çərcivəsində Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən bir qrup Azərbaycan media mənsublarına Konflikt Jurnalistikası ilə bağlı təlimlər keçmək, işgaldan azad olunmuş rayonlara səfər etmək, eləcə də ölkəmiz haqqında müxtəlif mövzularda reportajların hazırlanması nəzərdə tutulur. 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək təlim proqramında müxtəlif media subyektlərindən 20 nümayəndə iştirak edir.