R

Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq kitab Sərgisində Azərbaycan povilyonunda misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabının təqdimatı olub.

 2020-ci il sentyabrın 27-də xalqımızın 30 illik həsrətinə son qoyan, Prezident, Ali Baş Komandan İlham Əliyevin müzəffər rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanan Azərbaycan Ordusunun tarixi qəhrəmanlığından, xalqla Prezidentin möhkəm birliyindən bəhs edən “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərəb dilində nəşr edilib.

Əhməd Tərabikin II Qarabağ müharibəsi ilə bağlı yazdığı 320 səhifəlik kitabının ərsəyə gəlməsinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev və Misirin Ayn Şəms Universitetinin professoru, Azərbaycan üzrə tədqiqatların müəllifi, professor Əhməd Sami Elaydi səbəbkar olublar.

Kitab 2 hissə və hər hissəsi 3 fəsildən ibarətdir. Tədqiqat əsərində əzəli torpaqlarının azadlığı uğrunda Azərbaycan xalqının apardığı savaşdan, Azərbaycan əsgərinin hazırlığı və onların dünyadakı nüfuzundan söhbət açılır. Azərbaycan ordusunun gücü, əzmi nəticəsində Suqovuşan ərazisi, Cəbrayıl, Hadrut, Zəngilan və Şuşa kimi tarixi torpaqlarımızın işğaldan azad edilməsindən bəhs olunur. Kitabda tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağının sancılması və erməni hərbi qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi terrordan söhbət açılır. Rusiya, Azərbaycan və Ermənistan dövlətləri arasında üçtərəfli bəyanatdan, qələbə müjdəsi və ermənilərin uğursuz həmlələri barədə məlumat verilir. Nəşrdə hətta Bakının mərkəzində salınmış “Hərbi qənimətlər” parkı ilə bağlı da informasiya var. Tədqiqat əsərində Qafqazda yeni başlayan eradan, 30 illik işğal dövründə erməni hərbi birləşmələrinin zəbt etdiyi Qarabağ torpaqlarında törətdiyi cinayətlər, etnik təmizləmə siyasəti və qırğınlar, habelə erməni vandalizminin tarixi-dini abidlərə, qəbirlərə və məscidlərə qarşı olan təhqiramiz davranışları haqqında sənədlər və faktlar da yer alıb.

Bundan əlavə, müəllif kitabın son fəsillərində 44 günlük müharibənin bitməsindən sonra azad olunan ərazilərdə aparılan islahatlar, inkişaf, sülh və təhlükəsizliyin bərqərar olması, işğal olunan ərazilərin minalanması haqqında geniş məlumat verir. Habelə, tədqiqat əsərində postmünaqişə dövründə regionun inkişafı, sülhün və təhlükəsizliyin bərqərar olması, yeni transmilli nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi istiqamətində Azərbaycanın səyləri fonunda gələcəyə nikbin baxış da yer alıb.

Xatırladaq ki, “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” kitabının ilk təqdimatı Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə  2 dekabrda Bakı Dövlət Universitetində keçirilib.  

Qətərin paytaxtı Doha şəhərində keçirilən təqdimat mərasimində həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən ərəb dilinə tərcümə olunan dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə çap olunan "Azərbaycanın qadın ziyalıları" kitabları da ərəb ictimaiyyətinə təqdim olunub.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli belə möhtəşəm beynəlxalq sərgidə 3 mühüm kitabın eyni zamanda təqdim olunmasını böyük hadisə hesab edərək bunların məhz Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi uğurlu layihələrdən biri olduğunu qeyd edib.

Milli Kitabxananın direktoru K.Tahirova, Türk Mədəniyyəti və irsi Fondunun prezidenti G.Əfəndiyevaya və hər iki kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Əhməd Samiyə və Azərbaycanın Qətərdəki səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirib.

Tədbirdə həmçinin Qətər Milli Kitabxanasının direktoru, səfirliyin nümayəndəsi və Qətərdə yaşayan və işləyən mütəxəssislər çıxış ediblər.

Sonda hər üç kitabın nüsxələri tədbir iştirakçılarına paylanıb və onlar Azərbaycandan gətirilmiş milli mətbəximizin ləziz nümunələrinə qonaq ediliblər.

Qətər Beynəlxalq Kitab Sərgisi yanvarın 22-dək davam edəcək.