Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər rayonunda yerləşən regional ofisini ziyarət edib.
Bu barədə məlumat verən BAMF-ın Prezidenti Umud Mirzəyev bildirib ki, səfərin əsas məqsədi Britaniya səfirinin regionda həyata keçirilən inkişaf layihələri ilə, eləcə də ANAMA-nın və onun partnyorlarının fəaliyyəti ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində cənab səfir Ceyms Layl Şarp regionda uzun illərdir fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandasının və Böyük Britaniyanın “RPS Energy Limited” şirkətinin fəaliyyəti ilə yaxından maraqlanıb.
BAMF-ın Regional Peşə Təlim Mərkəzində qurumun Prezidenti Umud Mirzəyev qonaqlara təşkilatın regionda gördüyü işlər, media, təhsil, icmaların inkişafı, əhalinin rifahının artırılması və digər sahələr üzrə həyata keçirdiyi layihələr, xüsusilə Mina Təhlükəsizliyi çərçivəsində icra etdiyi proqramlar haqqında ətraflı məlumat verib. Ceyms Şarp təşkilatın regional ofisini ziyarət edən qonaqların, həyata keçirilən layihələrin, görüşlərin əks olunduğu fotostendlə tanış olub.