UNICEF-in Nyu Yorkda yerləşən baş qərargahının Uşaqların Müdafiəsi Bölməsinin və PSTM mərkəzinin rəhbəri cənab Huq Lorens Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsinin Tərtər və Bərdə rayonlarında fəaliyyəti ilə yaxından tanış olub.
Icma komitələri tərəfindən aparılan görüşlərdə UNİCEF Azərbaycan nümayəndəliyinin PSTM üzrə mütəxəssisi Bəxtiyar Səlimov, ANAMA-nın Maarifləndirmə Şöbəsinin müdiri Ramil Əzizov və BAMF-ın vitse-prezidenti Oğuz Mirzəyev layihənin əhəmiyyəti ilə bağlı çıxış ediblər.
O, ilk olaraq Tərtər rayon Şıxarx qəsəbəsində yerli icma komitəsinin üzvləri tərəfindən aparılan maarifləndirmə işinin təşkilini izləyib və layihənin vacibliyini və əhəmiyyətini qeyd edən cənab Lorens təşkilatçılara və icma liderlərinə təlimlərin yüksək səviyyədə keçirildiyini vurğulayıb və buna görə öz təşəkkürünü bildirib. Daha sonra Bərdə rayon 866 nömrəli məcburi köçkün qəsəbəsində layihə çərçivəsində aparılan maarifləndirmə işi yaxından izlənilib.
Layihə koordinatoru Xudaverdi Quliyev, regional koordinatorlar Fariz Vəliyev, Vidadi Məmməzadə və Vüqar Yusifli yaxından iştirak ediblər.
Qeyd edək ki, Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycan Nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə BAMF tərəfindən həyata keçirilən PSTM layihəsi 2021-ci ilin oktyabr ayından etibarən davam etməkdədir.