R

2024-cü ildə qlobal problemlərin təsirinin getdikcə daha geniş miqyas aldığının və insanlığın qarşısında birləşmək üçün ciddi çağırışlar tələb etdiyinin şahidi olduq. Bu çağırışların öhdəsindən gəlmək üçün cəmiyyətlər, xalqlar olaraq birgə səylərimizi artırmalı, dünya miqyasında sabitliyi və sülhü təşviq etməli, həmçinin təbiətin və insan hüquqlarının qorunmasına çalışmmalıyıq. 2024- cü il göstərdi ki, bəşəriyyətin üzləşdiyi qlobal çağırışlar təkcə milli sərhədləri deyil, həm də bəşəri dəyərləri sınağa çəkir.

İnsan övladı təbii fəlakətlərdən texnoloji inqilaba qədər bir çox sahədə tarazlığı qorumaq və dünyanı daha ədalətli bir məkana çevirmək üçün həmrəy şəkildə hərəkət etməlidir. Sülhə, barışa çağırmalıdır. Bu dövrdə dövlətlər və vətəndaş cəmiyyəti arasında qarşılıqlı etimadın yaradılması, beynəlxalq hüququn norma və prinsiplərinin əsaslı tətbiqi, eləcə də dayanıqlı həll yollarının axtarılması böyük əhəmiyyət kəsb edir. Sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, qlobal əməkdaşlığın gücləndirilməsi və insan hüquqlarının qorunması yalnız bu prinsiplərə sadiqliklə mümkündür. Mən inanıram ki, bu yanaşma, gələcək nəsillər üçün xoşbəxt və təhlükəsiz bir dünyanın təminatı olacaq.

2024-cü il BAMF üçün əlamətdar nailiyyətlərlə dolu bir il olmuşdur. Təşkilatımız bu müddət ərzində media və vətəndaş cəmiyyətinin inkişafı, mina aksiyası, dayanıqlı inkişaf məqsədləri və sosial istiqamətlərində həm yerli, həm də beynəlxalq səviyyədə mühüm fəaliyyətlər həyata keçirmişdir. BAMF olaraq insan hüquqlarının qorunması, sülhməramlı təşəbbüslərin dəstəklənməsi və cəmiyyətlərin hərtərəfli inkişafı üçün öz töhfəmizi verməyə çalışmışıq.

Yarandığı ilk gündən media və vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət ayıran BAMF bu il də bu istiqamətdə önəmli işlər görmüşdür. BAMF-ın “Eurasia Diary - Avrasiya Gündəliyi” analitik xəbər saytı aktiv fəaliyyət göstərmişdir. Həmçinin, “ED-News” onlayn “youtube” kanalı 50 mindən çox izləyici toplamış və minlərlə izləyiciyə analitik və informativ kontent təklif etmişdir. BAMF ilk günki missiyasına sadiq qalaraq çoxsaylı yerli və beynəlxalq jurnalistlərin Qarabağa səfərlərini təşkil etmiş və onların regionala tanışlığına dəstək olmuşdur. Bundan əlavə Əl-Cəzirə Media Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Qarabağın işğaldan azad olunmuş ərazilərində mina probleminin beynəlxalq auditoriyaya çatdırılması məqsədilə sənədli filmlərin çəkilişi həyata keçirilmişdir. Həmçinin, Əl Cəzirə ilə yeni memorandum imzalanmış, İslamafobiya, Şuşa Qlobal Media Forumu və COP29 kimi önəmli tədbirlərin işıqlandırılması həyata keçirilmişdir.

BAMF geridə qoyduğumuz ildə bu gün nəinki Azərbaycanın, o cümlədən, dünyanın əsas təhdidlərindən biri olaraq qalan mina probleminə qarşı qətiyyətli addımlar atmışdır. Nəticədə bir il ərzində ANAMA-nın dəstəyi və tapşırığı ilə 1,800 hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizləmişdir. Xüsusilə, 2023-cü ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan və BMTİP, MAG, APOPO kimi beynəlxalq tərəfdaşlarımızla birlikdə fəaliyyət göstərən qadın minaaxtaranlar komandaları bu sahədə uğurlu fəaliyyət göstərərək həm yerli təhlükəsizliyi təmin etmiş, həm də gender bərabərliyinə dair çağırışa mühüm töhfə vermişdir. Mina təhlükəsinə qarşı maarifləndirmə tədbirləri çərçivəsində regionlarda çoxsaylı görüşlər təşkil olunmuş, minadan zərər çəkənlərə dəstək göstərilmişdir. BAMF mina təhlükəsinin qlobal səviyyədə "18-ci DİM" (Dayanıqlı İnkişaf Məqsədi) kimi qəbul edilməsi təşəbbüsündə fəal rol oynayaraq bu istiqamətdə bir sıra yerli və beynəlxalq tədbirlər keçirmişdir. Xüsusilə, BMT-nin Cenevrə ofisində BAMF-ın təşkil etdiyi “İnkişaf üçün minatəmizləmə” adlı yan tədbir dünyanın aparıcı mina aksiyası təşkilatlarının bir araya gəldiyi önəmli bir platforma rolunu oynadı.

BAMF, həmçinin, ekoloji problemlərin həlli və sülhməramlı təşəbbüslərə dəstək sahəsində tərəfdaşlıq əlaqələrini genişləndirmişdir. Təşkilatımız COP29 tədbirinə hazırlıqlar çərçivəsində həm yerli, həm də beynəlxalq tərəfdaşlarla birgə ekoloji problemlərə və mina təhlükəsinə dair beynəlxalq tərəfdaşlarının da iştirakı ilə yüksək səviyyədə yan tədbirlər təşkil etmişdir. Heidi Kuhn ilə birgə həyata keçiriləcək olan "Minalardan Üzümlüklərə" təşəbbüsü də həm yerli icmaların sosial-iqtisadi dirçəlişinə, həm də qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfə verəcəkdir.

Bütün bu nailiyyətlər BAMF komandası, tərəfdaşlarımız və dəstəkçilərimizin birgə səyləri nəticəsində mümkün olmuşdur. Qarşıdakı illərdə də təşkilatımız dayanıqlı inkişaf, insan hüquqlarının qorunması və sülh quruculuğu istiqamətində daha böyük addımlar atmağı hədəfləyir.

Üzülərək onu da qeyd etmək istəyirəm ki, artıq 8 ilə yaxındır BAMF-da çalışan, təşkilatımızın “IT mütəxəssisi” və peşəkar fotoqrafı Samir Sadıxov qəfil gələn ölümlə dünyasını dəyişdi. O, gənclərə və ümumilikdə bütün işçilərə örnək olan nümunəvi və işini, təşkilatını və ölkəsini sevən birisi kimi hər zaman xatirimizdə yaşayacaq.

Ümid edirəm ki, 2025-ci il də həm BAMF, həm də dünyamız üçün uğurlu və yaddaqalan bir il olacaq. Biz bir daha öz missiyamıza sadiq qalaraq “Hər kəs üçün Sülh” - deyirik!

Hörmətlə,
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti

 

HESABAT