R

 

“Ermənistan iyul ayında Tovuz hadisələrində niyyətini açıqlamışdı, ondan əvvəl də biz onların niyyətini bilirdik”.

Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev dünən İctimai telekanalının “Diqqət Mərkəzi” verlişində çıxışı zamanı söyləyib.

Umud Mirzəyev Azərbaycanın sülh tərəfdarı olduğunu bildirib. Lakin, o, təəssüflə qeyd edib ki, düşmən tərəfi bunu məkrli niyyətləri ilə cavablandırıb.

BAMF rəhbəri inamla Azərbaycanın qalib gələcəyini səsləndirərək deyib: “Mən düşünmürəm ki, üçüncü tərəf münaqişəyə cəlb olunsun. Mən bu ötən müddət ərzində bütün mesajarımda demişəm ki, bu müharibə qələbə ilə sonlanacaq, və biz qalib gələcəyik, biz torpaqlarımıza qayıdacayıq. Çünki Azərbaycan insanı evindən, yurdundan, yuvasından didərgin salınıb, biz haqlı tərəfik”.

O, Azərbaycanın torpaqlarının azadlığı uğrunda apardığı mübarizənin ifadəyə gəlmədiyini bildirib.

“Bu günlər Azərbaycanın elə bir günləridir ki, “tarix yazılır” ifadəsinə  də sığmır”.

Müharibənin sadəcə səngərdə getmədiyini söyləyən Umud Mirzəyev Azərbaycanın bir çox sahədə döyüşdüyünü dilə gətirib.

“Bu gün Azərbaycan bir çox cəbhələrdə mübarizə aparır. Müharibə sadəcə səngərlərdə deyil. Müharibə həm də diplomatiya, informasiya, iqtisadiyyat və bir çox sahələrdədir”.

O, xalqımızın bu günlərdə bütöv olaraq dövlətin ətrafında birləşdiyindən fəxarət hissi keçirdiyini də ifadə edib. BAMF prezidenti eyni zamanda Azərbaycan Ordusunun çox rəşadətli və dünyaya nümunə olacaq səviyyədə hərbi əməliyyatlar apardığını qeyd edib.

Uzun illərdir xalqımızın öz yurdundan didərgin yaşadığının necə bir əzab olduğunu bildirən Umud Mirzəyev bu fikirləri ifadə edib: “Yurdsuzluq əzabı, cəhənnəm əzabından betərdir. Biz onu yaşamışıq. Mən şəxsən onu hiss eləmişəm. Azərbaycan böyükdür, hər yerdə mənim dostlarım var, amma ata yurdu, ana yurdu, sənin uşaqlıq xatirələrin, keçirdiyin günlər, həmin o ağac və kol dibləri yada düşdükcə insanın dodaqları paralanır”.

O, prezidentin informasiya müharibəsində necə mübarizə apardığını və bir sıra beynəlxalq mətbuat qurumlarına verdiyi müsahibələrdə Azərbaycanın mövqeyini necə qoruduğunu da diqqətə çatdırırb. BAMF rəhbəri önəmli bir məqama toxunaraq xalqımızı  düşmən təxribatlarına və erməni dezinformasiya siyasətinə uymamağa çağırıb.

Qeyd edək ki, Umud Mirzəyev döyüşlər başlayandan cəbhə bölgələrini ziyarət edib və vəziyyətlə maraqlanıb. O, gördüklərini efir vasitəsi ilə tamaşaçılarla paylaşıb.

 “Mən ən çox Tərtərdə olmuşam. Tərtər yerlə yeksan olub. Amma insanlarımız yerində idi, insanlarımız ora bağlıdır. Məcburi köçkünlər üçün yeni yaşayış məntəqəsi yaradılmışdı. Demək olar ki, 40-a yaxın binanın hər birisi hədəf olub. Mənim doğulub boya-başa çatdığım kənddə demək olar ki, daş üstündə daş qalmayıb”.

BAMF prezidenti Umud Mirzəyev öz fikirlərini nikbin notlarla tamamlayaraq artıq bu dəhşətlərə son qoyulmalı olduğunu vurğulayıb.

“30 ilə yaxındır biz çaba göstəririk, dözdük. Bitməlidir, son qoyulmalıdır”.