R

“Erməniləri daim təşvişə salan obyektiv fikrin söylənməsi və əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu səbəbdəndir ki, bu cür doğru məlumatlar onları daha da hiddətləndirir”.

Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev “Xəzər Xəbər”-ə açıqlamasında söyləyib.

O, hesab edir ki, fransız jurnalist Liseron Budulun ünvanına həqarətlər, göndərilən mesajlar və bütün Fransada mövcud olan lobbi təşkilatlarının hərəkətə keçməsi bir tərəfdən gözlənilən idi.

“Çünki erməni lobbisinin güclü olduğu məkanlardan biri də Fransadır. Fransada da həqiqi sözün deyilməsi insanlar arasında böyük çaşqınlıq yaradır”.

Umud Mirzəyev TF1 kanalına və onun jurnalistinə qarşı olan təzyiqi azad sözün keşiyində duran təşkilatların pislədiklərini və bu hadisəni qınayan bəyanat yaydıqlarını diqətə çatdırırb.

“Sərhədsiz Reportyorlar təşkilatının Balkan bürosunun rəhbərinin birbaşa bununla bağlı açıqlaması və hətta Frank Papazyanın ünvanına bəyanatında münasibət bildirmə çağırışları göstərir ki, azad sözün keşiyində duran qurumlar üçün də bu məsələ elə-belə keçməyib”.

Maraqlıdır ki, Fransa hökuməti bu məsələ ilə bağlı ciddi tədbir görməyib. Umud Mirzəyev hesab edir ki, bu Makronun ermənipərəst mövqeyi ilə bağlıdır.

“O yerdə ki, hökumət birtərəflidir, o yerdə ki onun mövqeyi açıq-aşkar erməni separatistlərinin yanındadır, o zaman ordakı qurumun da özünün müdafiəsiz olduğuna əminliyi yaranır, çünki bilir ki, sabah bu məsələdən məsul qurumlar onu müdafiə etməyəcək”.

Qeyd edək ki, Qarabağ bölgəsində və digər Azərbaycan şəhərlərində çəkilişlər aparan Fransanın TF1 kanalının müxbiri Liseron Budul erməni lobbisinin hədəfinə tuş gəlib. Budul öz reportajında Ermənistanın dinc əhaliyə qarşı zərbələrini və əhaliyə nə qədər narahatlıq yaşatdığını lentə alıb.

Bundan əlavə, erməni lobbisinin üzvləri bu ayın əvvəlində çəkiliş aparan digər iki jurnalistə qarşı da oxşar təhdidlər edib.