R

Avqustun 6-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti və məşhur amerikalı müğənni Della Miles Şuşaya səfər ediblər.  BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə həyata keçirilən səfərdə Della Milesin meneceri Hüseyn Fatih Oktay, Azərbaycanın Əməkdar artisti, BAMF-ın Mədəniyyət elçisi Qoçaq Əsgərov, həmçinin bir sıra media mənsubları da iştirak ediblər.   

Xarici qonaqların Şuşa rayonuna tanışlıq səfəri çərçivəsində şəhərin bir sıra tarixi-mədəni məkanları ziyarət olunub. Nümayəndə heyəti Yuxarı Gövhərağa məscidində namaz qılıb, dua ediblər.

Daha sonra Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ziyarət olunub. Şuşanın baş bulağı “İsa bulağı”na baş çəkiblər.

Səfər iştirakçılarına Şuşa şəhərinin tarixi-mədəni irsi haqqında məlumat verilib, qonaqlar işğal dövründə erməni vandallığına məruz qalan məkanlara baxış həyata keçirib, erməni vəhşiliyinin canlı şahidi olublar. Qonaqlara işğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi barədə məlumat verilib. 

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə uzun illər əməkdaşlıq etdiyi Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti avqustun 1-dən Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc rəhbərlik edir. Səfərin məqsədi işğaldan azad olunmuş rayonlara səfər etmək, eləcə də ölkəmiz haqqında müxtəlif mövzularda reportajlar hazırlamaqdır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl-Cəzirə Media Şəbəkəsinin Azərbaycan media nümayəndələri üçün "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlimlər keçirilib. 1-5 avqust 2021-ci il tarixlərini əhatə edən təlim proqramında müxtəlif media subyektlərindən 20 nümayəndə iştirak edib. Təlimlərdən dərhal sonra nümayəndə heyətinin bir hissəsi Şuşaya yola düşüb, digər hissəsi isə Füzuli bölgəsində çəkilişlərə başlayıb.

Həmçinin, dünyaca məşhur olan müğənni, Amerikalı vokalçı Della Miles Qarabağ səfəri çərçivəsində tərəf müqabili, Əməkdar artist Qoçaq Əsgərovla birlikdə avqustun 5-də Füzuliyə gediblər. Avqustun 6-da digər səfər iştirakçıları ilə birgə Şuşanı ziyarət edən amerikalı müğənni bu gün Bakıdan İstanbula yola düşüb.

Qeyd edək ki, bir neçə gün öncə BAMF-ın ofisində Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib. Amerikalı müğənninin Bakı səfərinin əsas məqsədi 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunan Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə yerində tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etmək olub. Hazırda “Xarıbülbül” kompozisiyası tamamlandıqdan sonra Şuşada böyük bir klip təqdimatının keçirilməsi planlaşdırılır. 

Della Miles ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los Ancelesə köçüb. O, burada Michael Jacksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məşhurlaşan Miles sonralar Michael Jackson və Whitney Houston başda olmaqla bir çox müğənnilərin vokalçısı olub. Hal-hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.