Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Misirin qədim nəşrlərindən biri olan “Əl-Əhram"ın qonağı olub.
Görüşdə nəşrin və ölkənin ən nüfuzlu şəxsləri iştirak ediblər. Misir Senatının Mədəniyyət, media, turizm və abidələr Komitəsinin rəhbəri, ölkənin nüfuzlu nəşrlərindən biri olan “Vətən” qəzetinin baş redaktoru, məşhur jurnalist Mahmud Mossalam, Misir senatının üzvü, “Şuruq” qəzetinin baş redaktoru İmadəddin Hüseyn və “Əl-Əhram” qəzetinin baş redaktoru Alaa Sabit Umud Mirzəyevi qəzetin Qahirədə yerləşən baş ofisində səmimi qəbul ediblər.
Qarşılıqlı əlaqələr, tələbə mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və memorandumun imzalanması müzakirə mövzusu olub. Misirin media nümayəndələri BAMF prezidentinə Azərbaycana səfərlərinin təşkil olunması ilə bağlı müraciət ediblər. Onlar ən böyük arzularının Qarabağda işğaldan azad edilmiş ərazilərə səfər etmək olduğunu bildiriblər.
Qeyd edək ki, Misirli media nümayəndələri BAMF-ın təşkilatçılığı ilə 2017-ci ildə Cocuq Mərcanlıda və Füzulidə səfərdə olublar.
Görüş zamanı “Əl-Əhram" qəzetinin baş redaktoru Alaa Sabit Umud Mirzəyevə qəzetin ilk nüsxəsini hədiyyə olaraq təqdim edib.
Misirin ən məşhur “Əl-Əhram" qəzeti 1875-ci ildə işıq üzü görüb.
Yaxın Şərqin ən böyük media imperiyası “Əl-Əhram” Mətbuat Fondu, Səlim Təklə və Beçara Təklə qardaşları tərəfindən 1876-cı ildə qurulub.
Fond 8 şirkət və 3 çap evinə dəstəyi ilə yanaşı, 18 nəşr və 5 əlavə nəşrə yardım edir. Əl-Əhram Fondu 100 milyard funt sterlinq (6,5 milyard dollar) dəyərində olan sərvətə sahibdir və illik gəliri təxminən 2 milyard funt-sterlinq (130 milyon dollar) təşkil edir. Fond bir sıra nəşrlər, qəzetlər, jurnallar və dövri nəşrlər dərc edir, o cümlədən Əl-Əhram Fonduna bir çox mərkəzlər və qurumlar daxildir.